BANK

Palata: “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi üzərində işlər yekunlaşır
16 NOYABR
173

Palata: “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi üzərində işlər yekunlaşır

2018-11-16 17:19:00

Azərbaycanda “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi üzərində işlər yekunlaşmaq üzrədir”. Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin üzvü, Hüquq və icra departamentinin direktoru Əfqan Baxışov Bakıda keçirilən III Beynəlxalq Bankçılıq Forumunda bildirib.

"Sənəddə ödənişlərlə bağlı bir çox məsələlər öz əksini tapıb. Qanun layihəsi bütövlükdə bu sahəni hüquqi şəkildə tənzimləyir, kifayət qədər əhatəlidir. Onun hazırlanmasında beynəlxalq təcrübə nəzərə alınıb, yəni beynəlxalq ekspertlərlə əməkdaşlıq çərçivəsində ərsəyə gətirilib. Bu gün də maliyyə sektoru və aidiyyəti dövlət qurumları ilə müzakirələr aparlır, sənəd təkmilləşdirilir”, - deyə o qeyd edib.

MBNP rəsmisinin sözlərinə görə, qanun layihəsi çərçivə sənədi rolu oynamaqla yanaşı, maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətlidir: “Sənəddə yeni innovasiyaların tətbiqinə, ödəniş sistemi iştirakçılarının və istehlakçılarının hüquq və vəzifələrinin tənzimlənməsinə geniş yer verilib. Bunun tətbiqindən müsbət nəticələr əldə edəcəyik. Ödəniş sistemləri, elektron pul təşkilatları, benəlxalq kart təşkilatları və ödəniş agentlərinin fəaliyyəti hüquqi baxımdan tənzimlənəcək”.

O həmçinin bildirib ki, qanunda elektron pul təşkilatlarının daha geniş fəaliyyəti nəzərdə tutulub: “Elektron pul təşkilatları ödəniş təşkilatlarının da fəaliyyətini, həm də elektron pulun emissiyasını həyata keçirəcək. Ödəniş təşkilatları isə elektron pul emissiyası həyata keçirməyəcək. Əsas fərq budur. Bundan əlavə, ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən digər fəaliyyət də həyata keçirilə bilər. Onlar ödəniş sisteminin operatoru olmaq istədikdə əlavə lisenziya almalıdırlar. Qanun bu şəkildə qəbul olunarsa, Azərbaycanda yeni ödəniş sistemlərinin yaradılması mümkün ola bilər”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256