BANK

Bu gün banklar bəd xəbər ala bilərlər - ASAN YOLLA QAZANC SONA YAXINLAŞIR
30 OKTYABR
2011

Bu gün banklar bəd xəbər ala bilərlər - ASAN YOLLA QAZANC SONA YAXINLAŞIR

2018-10-30 10:52:00

Bu gün səhər Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin iclası keçiriləcək. İclasda faiz dəhlizinin parametrlərinə baxılacaqdır.

Fins.az  xəbər verir ki, 30 Oktyabr 2018-ci il tarixindəki iclasın Mərkəzi Bankın İdarə Heyətinin 2018-ci ildəki sonuncu iclası olacağı gözlənilir.

 Eləcə də bax: İpoteka kreditində 40%-dən çox artım

Mərkəzi Bankın sədri Elman Rüstəmov əvvəllki iclaslardan sonra keçirdiyi mətbuat konfranslarında bildirdmişdi ki, inflyasiya elan edilmiş hədəf çərçivəsində (6%-dək) qalmaqda davam edərsə  pul siyasəti daha da yumuşaldıla bilər. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artıb.

İnflyasiyanın birrəqəmli səviyyədə və hədəfdən aşağı olduğu (2,6%), iqtisadi artımın davam etdiyi (0,8%), valyuta bazarında sabitliyin mövcud olduğu, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarında volatilliyin səngidiyi nəzərə alınarsa Mərkəzi Bank bu gün faiz endirə bilər.

Mərkəzi Bank üçün uçot dərəcəsində komfort zona 8%-dir. “Mərkəzi Bank üçün “komfort” zona 8%-dir. Əgər inflyasiya bir az da aşağı düşərsə uçot dərəcəsi 8%-ədək düşə bilər”, - Elman Rüstəmov 14 İyun 2018-ci il tarixində bildirmişdi.

Bu gün iclasda Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 10%-dən 8%-ə endirə, faiz dəhlizinin parametrlərini uçot dərəcəsindən ±2%-lik kənarlaşma ilə aşağı həddini 6%, yuxarı həddni 10% müəyyənləşdirə bilər.

Faiz dəhlizinin parametrlərinin aşağı düşməsi notların və depozit hərraclarında faizin aşağı düşməsilə nəticələnəcəkdir. Qaydalara görə, depozit hərracının və notların faizi dərəcəsi - faiz dəhlizinin aşağı həddi ilə uçot faiz dərəcəsi arasında müəyyən edilir. Əgər uçot dərəcəsi 10%-dən 8%-ə, faiz dəhlizinin aşağı həddi isə 8%-dən 6%-ə düşürsə  depozit və not hərraclarında faiz  8,01% – 9,99% aralığından 6,01% – 7,99% aralığına düşəcəkdir. Bu isə Mərkəzi Bankın depozit və not hərraclarının banklar üçün nisbətən sərfəsiz olacağı deməkdir.

Əlavə edək ki, son depozit not hərraclarında tələb təklifi üstələyir. Mərkəzi Bank depozit hərracları vasitəsilə 350 milyon manat cəlb edəcəyini açıqlasa da banklar 1 milyard manatdan yüksək tələblər ilə hərraclara qatılırlar. Məsələn, sonuncu dəfə, 29.10.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 247 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdi. Qısası, hərraclarda 350 milyon manat alınacağı elan edilsə də banklar 1 milyard manatdan artıq vəsaiti satmağa hazır olduqlarını bildirirlər. Belə olan halda faiz daha da aşağı düşməlidir, lakin faiz dəhlizinin aşağı həddinin 8% olması buna imkan vermir. Mərkəzi Bankın, tələbin yüksək olduğunu nəzərə alaraq daha aşağı faizlər müəyyən edə bilməsi üçün faiz dəhlizinin aşağı həddi aşağı salınmalıdır. 

Banklar izafi vəsaitlərini depozit hərraclarında və notlarda yerləşdirərək asan yolla gəlir götürürlər. Əgər faizlər daha da aşağı düşərsə banklar izafi vəsaitləri kreditləşdirməyə yönəltməyə məcbur olacaqlar.

Həmçinin Mərkəzi Bank bir sıra  daxili və xarici riskləri nəzərə alaraq faiz dərəcələrini sabit də saxlaya bilər. Uçot dərəcəsinin 1 faiz bəndi edirilməsinə də qərar verilə bilər.

marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9368
  • ₽ RUB
    0.0259