BANK

Valyutadəyişmə məntəqələridən yenə xəbər var - AÇILACAQ?
27 SENTYABR
374

Valyutadəyişmə məntəqələridən yenə xəbər var - AÇILACAQ?

2018-09-27 13:28:00

"Valyutadəyişmə məntəqələrinin fəaliyyətə başlaması ilə bağlı aktın qəbul edilməsindən 1 il keçməsinə baxmayaraq hələ də valyuta satışı ilə yalnız banklar məşğul olur".

Fins.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov rəsmi "facebook" hesabında yazıb. Qoyulan şərtlərin sahibkarlar üçün ağırlığından danışan ekspert bunları deyib:

"2016-ci ilin əvvəllərində qapadılan valyutadəyişmə məntəqələrinin fəaliyyətə başlanması ilə bağlı qanunverici aktın qəbul edilməsindən 1 il və eləcə də bu məntəqələrin işləmə mexanizmlərinin müəyyənləşdirilməsindən yarım ildən çox zaman keçməsinə baxmayaraq hələ də valyuta satışı ilə yalnız banklar məşğul olur.

Səbəb nədir?

Əvvəlla, 2016-cı ildə qeyd etdiyimiz kimi, bütün valyutadəyişmə məntəqələrinin bağlanması düzgün addım deyildi. Sadəcə bir faktı qeyd etmək lazımdır ki, bu məntəqələrin o zaman bağlanması 6 min iş yerinin qapanmasına səbəb oldu. İkincisi, valyutadəyişmə məntəqələrinin yenidən formalaşmamasının əsas səbəbi bu obyektlərin yaradılması üçün tələb olunan depozitin məbləğinin kifayət qədər böyük olmasıdır. Belə ki, valyuta dəyişmə məntəqəsi yaratmaq üçün girova ehtiyac var. Lisenziya almaq üçün girov vəsaitinin məbləği məntəqənin yerləşdiyi yerdən asılı olaraq dəyişir. Əgər məntəqə Bakıda fəaliyyət göstərəcəksə, o zaman 50 000 manat və 50 000 dollar girova ehtiyac olacaq. Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində valyuta dəyişmə məntəqələrinə sahib olmaq istəyənlər 25 000 manat və 25 000 dollar ödəməli olacaq. Digər bölgələrdə bu işi həyata keçirmək istəyənlər isə girov formasında 10 000 manat və 10 000 dollar ödəməlidirlər. Əvvəllər də qeyd etdiyimiz kimi, belə yüksək depozit rəqəminin necə hesablandığı aydın deyil.

Eyni zamanda, valyutadəyişmə məntəqəsinin açılması üçün 500 manat da dövlət rüsumu tələb olunur. Halbuki, bu prosesə kiçik və orta sahibkarlar cəlb edilməlidir və onların da belə böyük məbləğdə vəsaiti passivləşdirməsi yəni, istifadə edə bilməməsi anlaşılan deyil. Üçüncüsü, valyutadəyişmə məntəqələrinin fəaliyyəti üçün təklif edilən yerlər də sahibkarlar üçün heç də münasib olmadır. Mövcud qaydalar çərçivəsində tələblər kifayət qədər ağır olduğu üçün sahibkarlar tərəfindən bəzi hallarda belə yerlərin tapılması ilə bağlı çətinliklər yaranır. Bu da təbii ki, valyutadəyişmə məntəqələrinin açılmasını uzadır. Təbii ki, məntəqələrin açılmasını gecikdirən digər əhəmiyyətli məqam valyuta bazarında aktivliyin aşağı olmasıdır. Bütövlükdə valyuta bazarında əvvəlki dövrdən fərqli olaraq məzənnənin demək olar ki, dəyişməməsidir. Bu hal isə valyutadəyişməsi ilə məşğul olanlar üçün rentabelliyi azaldıb. Lakin bütün hallarda valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpasına ehtiyac var. Bu məntəqələrin bərpa edilməsi valyuta bazarında rəqabətin formalaşması üçün vacibdir. Eyni zamanda məntəqələrin fəaliyyətinin bərpası şənbə-bazar, bayram günlərində yerli və xarici qonaqların valyuta dəyişmək imkanlarının yaranması baxımından da önəmlidir. Valyutadəyişmə məntəqələrinin fəaliyyəti bərpa edilərsə, alış-satış kursu arasındakı fərq daha da azalar".

Valyuta dəyişmə məntəqələrinin fəaliyyətə başlaması üçün nələrin edilməsinə ehtiyac var?

İqtisadçı-ekspert Vüqar Bayramov

Əvvəlla, valyutadəyişmə məntəqəsinin yaradılması üçün yalnız dövlət rüsumunun tələb olunması və depozit məbləğinin ləğv edilməsi məqsədə uyğundur. Depozitin tamamən ləğv edilməsinə ehiyac var. İkincisi, valyuta dəyişmə məntəqələrinin formalaşması nexanizmlərinin yumşaldılmasına və xüsusən də yer, sahə və digər texniki kriteriyalar üzrə daha yüngül şərtlərin tətbiqinə ehtiyac var. Üçüncüsü, xarici valyutanın alqı-satqısının daha da liberallaşması vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259