BANK

Bankların maliyyə vasitəçiliyi imkanlarının artırılması məsələsi müzakirə edilib
26 SENTYABR
215

Bankların maliyyə vasitəçiliyi imkanlarının artırılması məsələsi müzakirə edilib

2018-09-26 09:44:00

Azərbaycan Banklar Assosiasiyası (ABA) rəyasət heyətinin iclasında bankların maliyyə vasitəçiliyi imkanlarının artırılması üçün görüləsi zəruri tədbirlər, bu sahədə mövcud vəziyyət və qarşıdakı çağırışlarla bağlı qurum üzvlərinin rəy və təklifləri, eyni zamanda, təşkilati məsələlər müzakirə edilib.

ABA-dan Fins.az-a bildiriblər ki, iclas zamanı bankların maliyyə vasitəçiliyi imkanlarının artırılması üzrə banklar tərəfindən ABA-ya ünvanlanmış təkliflərin işlənməsi üçün müvafiq İşçi Qrup yaradılıb.

İclasda, eyni zamanda, ABA-nın yeni vitse–prezidenti seçilib, həmçinin ABA-nın nəzdində yeni yaradılmış “Risklərin idarə edilməsi üzrə ekspert qrupu”nun sədri təyin edilib. Ekspert qrupunun yaradılmasında məqsəd risklərin idarə edilməsi sahəsində yeni çağırışlar və qabaqcıl təcrübələrin öyrənilməsi, bu təcrübələrin yerli bank sisteminə tətbiqi imkanlarının araşdırılıması, tənzimləyici və nəzarət orqanları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, risklərin idarə edilməsinə dair müxtəlif normativ sənədlərin işlənib hazırlanmasında peşəkar iştirak, əlaqədar qurumlara əsaslandırılmış təkliflərin hazırlanmasıdır. Ekspert qrupuna sədr “Azərbaycan Beynəlxalq Bankı” ASC-də idarə heyəti sədrinin müavini Aqşin Əmirov təyin edilib.

İclas zamanı “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə ekspert qrupu" yaradılıb və ona sədr təyin olunub. Qrupun yaradılmasında məqsəd Azərbaycan Respublikası qanunvericiliyində akkreditiv, qarantiyaların, inkasso və sair sənədli əməliyyatların beynəlxalq qanunvericiliyin tələblərinə uyğunluğunun təhlil edilməsi, ixrac kredit agentlikləri və digər xarici maliyyə institutları vasitəsilə Azərbaycanda irimiqyaslı, uzunmüddətli layihələrin maliyyələşdirilməsi sahəsində imkanların araşdırılması, yerli və xarici banklarla təcrübə mübadiləsi, bu istiqamətlərdə aparılan gündəlik əməliyyatlarda qarşıya çıxan problemlərə dair müzakirələrin aparılması və məqsədəuyğun tövsiyələrin verilməsdir.

Ekspert qrupuna “Bank VTB (Azərbaycan)” ASC-nin korporativ biznesin inkişafı departamentinin direktoru Yasin Cəlilov sədr təyin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255