BANK

Yoxa çıxmaqda olan qədim sənəti yüzlərlə insana sevdirən "AccessBank" müştərisi - REPORTAJ
21 AVQUST
410

Yoxa çıxmaqda olan qədim sənəti yüzlərlə insana sevdirən "AccessBank" müştərisi - REPORTAJ

2018-08-21 17:01:00

AccessBank müştərilərinin uğur hekayəsini paylaşmağa davam edir. Budəfəki qəhrəmanımız Şəki sakini Güləndam Alxasovadır. Güləndam xanım Azərbaycanın əsrarəngiz sənət növlərindən biri olan təkəlduza yeni nəfəs verən və onu yaşadan sənətkarlardan biridir. Güləndam xanım kimi bir çox sənətkarın qızıl əlləri sayəsində bu sənət nəinki nəfəs alır, hətta digər sahələrin də inkişafına yeni nəfəs gətirir.

Əvvəla gəlin təkəlduz sənətini yaxından tanıyaq. El arasında xalq tətbiqi sənətinin bu növü parça üzərində tikmə kimi tanınır. "Tək əllə düzmək" mənasını verən təkəlduzun tarixi 17-ci əsrə uzanır. Sənətkarlar və tarixçilər iddia edir ki, xalq tətbiqi sənətinin bu növü ilə yalnız Şəkidə məşğul olublar. Ən maraqlısı budur ki, qədimdə bu işlə sırf kişilər məşğul olsa da, zaman keçdikcə xanımlar da öz məharətini göstərməyə başlayıblar. Təkəlduz bir sənət növü olmaqla yanaşı, məişətdə də istifadə olunub. Qədim dövrlərdə bu tikililərin bir qismi gündəlik həyatda istifadə edildiyi halda, digər qismi yerli tacirlər tərəfindən bir sıra Avropa ölkələri, xüsusilə Fransa bazarına çıxarılaraq satılıb.

Güləndam xanım deyir ki, Azərbaycan müstəqillik əldə edənədək təkəlduz sənəti yoxa çıxmaq təhlükəsi ilə üzləşmişdi. Respublikamız müstəqillik qazandıqdan sonra isə bu sənət növünə sanki ikinci həyat verildi. Sənətkarın sözünə görə, təkəlduz deyiləndə mərhum Möhtərəm xanım yada düşür. Belə ki, Möhtərəm xanım bu sənəti öz davamçılarına sevdirib, təkəlduzu nəsildən nəsilə ötürməyi bacarıb.

Qəhrəmanım 14 yaşından yaradıcılıqla məşğul olmağa başlayıb. Onun ilk əl işləri milli kuklalar olub. Beləcə həmsöhbətim həyatının 45 ilini bu sənətə verib. Mərhum Möhtərəm xanım kimi, o da bu sənəti nəslindən nəsilə ötürməyi bacardı. Belə ki, onun oğlu Murad da anasının yolunu getməkdə israrlıdır. Üstəlik, Güləndam xanım gəlini Anna xanımda da bu sənətə sevgi oyada bilib. Yeri gəlmişkən, Anna xanım qazaxıstanlıdır. Qəhrəmanım gəlininin təkəlduza olan sevgisini Şəki əhlinə xas olan zarafat da qataraq belə izah edir: "Əbəs yerə demirlər ki, gəlin ocağa gələr…"

Onu da qeyd edim ki, Güləndam xanımın 35 davamçısı var. Güləndam xanım həm də yerli Əlil uşaqların reabilitasiya mərkəzinin rəhbəridir. O, yüzlərlə fiziki imkanları məhdud uşağın cəmiyyətə inteqrasiyasına dəstək olur: "35-40 nəfər fiziki imkanları məhdud uşağı bu sənətə sövq etmişik. Onlar bu sənətlə məşğul olurlar və çörək pulunu qazanırlar".

Onun sözlərinə görə, təkəlduz fitri istedad tələb edir. Bu sənətlə məşğul olanlarda mütləq rəssamlıq qabiliyyəti olmalıdır. İynə-sapla işləmək çətin olsa da, təkəlduz ipə-sapa yatan sənətdir: "Çətin olsa da, yorğunluğu aradan qaldırır, insana mənəvi istirahət verir. Sanki başqa bir dünyaya köçürsən! Düzdür, ara-sıra qəfildən barmağına iynə batanda başqa dünyadan dərhal qayıdırsan öz dünyana (gülür). Baxmayaraq ki, mən 63 yaşın içindəyəm, bu sənət olmazsa, yaşaya bilmərəm".

Sənətkar deyir ki, onun və həmkarlarının əl işlərinə tələbat yüksəkdir. Lakin maraq göstərənlər arasında xaricilər çoxluq təşkil edir. Bununla yanaşı, həmsöhbətim deyir ki, xaricilər yalnız zahiri gözəlliyə aldanmır, sənətin incəlikləri ilə də maraqlanırlar: "Məsələn, bir xarici gələn kimi, xahiş edir ki, mən ona master-klass göstərim. Ardınca özünü də sınayır. Yalnız iş prinsipi ilə maraqlandıqdan sonra ən gözəl əl işlərini alırlar. Şəkiyə turistlər çox gəldiyindən əl işlərimizə tələbat da yüksəkdir".

Qeyd etməyə dəyər ki, Güləndam xanımın yerli müştəriləri arasında kifayət qədər məhşur insanlar da az deyil. Bir əl işi ortalama təxminən 1 ay ərzində hazır olur. Təbii ki, istisnalar da olur. "Məsələn, "Nəlbəki rəqsi" adlı işi 3 aya bitirmişəm. Elə əl işi var ki, 6 aya tamamlamaq olmur. İki işin sintezindən ibarət bir əsərim olub ki, onun üzərində 9 ay işləmişəm".

Yeri gəlmişkən, Güləndam xanım bir əl işini də uzun müddət müştərisi olduğu "AccessBank"ın "Şəki" filialına hədiyyə etdi. Bu əsər 1 həftəyə ərsəyə gəlib. "Sizin bankla bağlı ancaq xoş xatirələrim var. İstədim ki, sizin banka da məndən xoş xatirə qalsın. Mən "AccessBank" ilə uzun müddətdir əməkdaşlıq edirəm. "Şəki" filialının əməkdaşları mənə çox dəstək olublar. Buna görə, bu əl işini sevə-sevə hazırladım. Filialda asarsınız, mən də ora daxil olanda fərəhlənərəm", - sənətkar deyir. Qeyd edim ki, əl işi artıq bir neçə gündür Güləndam xanımın istəyinə əsasən filialımızda asılıb.

Elə əl işiniz olub ki, onu satmaq istəməmisiniz? Dərin köks ötürdükdən sonra Güləndam xanım bu suala bu cür cavab verdi: "Onlarla… Elə əsərlər ki, onlar satılanda sanki bir damarım quruyur… Alan xeyrini görsün! Amma özümdən asılı deyil, istər-istəməz arxasınca ağlayıram. Elə bil qız köçürdüm…"

Əlavə edim ki, Güləndam Alxasova dəfələrlə xarici sərgilərdə və müsabiqələrdə ölkəmizi uğurla təmsil edib. Onunla vidalaşanda sonuncu sualım arzusu ilə bağlı oldu. "İstəyirəm ki, bu sənət hər zaman yaşasın, xalqımız da biz sənətkarlarla fəxr etsin!" - xanımın arzusu budur. Orada da dedim, bura da yazıram: "Bilin ki, "AccessBank" sizinlə fəxr edir!"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258