BANK

Mərkəzi Bankın qısamüddətli notlar və depozit hərracları vasitəsilə sterilizasiya əməliyyatlarının qalığı 12.3% azalıb
14 İYUN
193

Mərkəzi Bankın qısamüddətli notlar və depozit hərracları vasitəsilə sterilizasiya əməliyyatlarının qalığı 12.3% azalıb

2018-06-14 14:36:00

2018-ci ildə monetar şərait neytrallığa yaxınlaşmaq istiqamətində dəyişmişdir. Fins.az Azərbaycan Respublikası Mərkəzi Bankına istinadən xəbər verir ki,  Monetar şəraitin tarazlı yumşaldılması tədbirləri qiymət sabitliyi ilə iqtisadi artıma dəstək arasında balans yaratmağa xidmət edib. 

İlin ötən dövründə Mərkəzi Bank ümumilikdə pul bazasına artırıcı təsir göstərən monetar əməliyyatlar həyata keçirmişdir. Mərkəzi Bankın qısamüddətli notlar və depozit hərracları vasitəsilə sterilizasiya əməliyyatlarının qalığı yanvar-may aylarında 12.3% azalmışdır ki, bu da fiskal əməliyyatların pul bazasına azaldıcı təsirini qismən neytrallaşdırmışdır. Kredit aktivliyinin zəif bərpası və bank sistemində iri həcmli struktur likvidliyi şəraitində Mərkəzi Bankın açıq bazar əməliyyatları üzrə faiz dərəcələri faiz dəhlizinin aşağı sərhəddinə yaxın səviyyədə formalaşmaqdadır.

İnflyasiya gözləntilərinin azalması şəraitində 2018-ci ilin ötən dövründə ölkədə de-dollarlaşma prosesləri davam etmişdir. İlin əvvəlindən xarici valyutada depozitlərin geniş pul kütləsində (M3 pul aqreqatı) xüsusi çəkisi 2.1 faiz bəndi, fiziki şəxslərin əmanətlərinin dollarlaşması isə 3.6 faiz bəndi azalmışdır.

Mərkəzi Bank 2018-ci ilin qalan dövründə də inflyasiya dinamikasını, inflyasiya risklərini, iqtisadi artım perspektivlərini və monetar sektorda gedən prosesləri nəzərə almaqla faiz dəhlizi parametrlərinə dair qərar verəcəkdir.

Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin avqust ayında müzakirə ediləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253