BANK

Kağız pulun dövriyyəsini əhəmiyyətli şəkildə sıxışdıra bilər
04 İYUN
788

Kağız pulun dövriyyəsini əhəmiyyətli şəkildə sıxışdıra bilər

2018-06-04 14:49:00
“Növbəti 10-20 ildə kriptovalyuta kağız pulun dövriyyəsini əhəmiyyətli şəkildə sıxışdıra bilər” Fins.az Banker.az-a istinadən xəbər verir ki, kriptovalyutaların dövriyyəyə buraxılması, onunla əməliyyatların genişlənməsi məsələsi ətrafında müzakirələr davam edir. Bu mövzuda diqqət çəkən məqamlardan biri də kriptovalyutalarla bağlı vergiyə cəlb edilmə məsələsidir.

Ötən günlərdə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov bu məqama toxunmuşdu. O bildirmişdi ki, Azərbaycanda kriptovalyutalarla əməliyyatlar fiziki şəxslər arasında aparılır və qeyri-sahibkarlıqdan əldə edilən gəlirlərə daxil edilir.

“Həmin şəxslər vergi orqanlarında uçota durmalı, VÖEN almalı, bəyannamə təqdim etməli və dövlət büdcəsinə vergi verməlidirlər”, — deyə Ş.Ərəbov vurğulamışdı.

Mövzunu Sputnikə şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov kriptovalyutalardan gəlir əldə edənlərin vergi ödəməsi ilə bağlı ortaya qoyulan mövqeyin erkən olduğunu deyib: “Hələlik Azərbaycanda bu istiqamətdə hüquqi baza formalaşmayıb. İlk olaraq ölkədə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Kriptovalyuta bazarının inkişafı stimullaşdırıla bilər”.

“Bir çox ölkələrdə bu səbəbdən də vergi tətbiq etmələri kimi məhdudlaşdırıcı addımlar atılmır. Əksinə, kriptovalyuta bazarının inkişafı ilə bağlı mövqe ortaya qoyulur. Təbii ki, kriptovalyutanın gələcəyi, təhlükəsizlik məsələləri, ödəmələrin nəzarətdən kənarda qalması və s. ilə bağlı müəyyən narahatlıqlar, risklər var. Amma buna baxmayaraq, bunun fəaliyyəti növbəti dövrlərdə daha da genişlənəcək”, — R.Həsənov əlavə edib.

İqtisadçı-ekspert Rəşad Həsənov

Onun fikrincə, mərhələli şəkildə bu sahədə vergi tətbiqinə keçmək olar: “Amma indiki halda kriptovalyuta ilə əməliyyatların həyata keçirilməsinə vergi tətbiq edilərsə, mexanizmin inkişaf etməsinə mənfi təsir göstərməklə yanaşı, ölkədə bu valyuta növünün dövriyyəsinin də ciddi şəkildə azalmasına gətirib çıxaracaq. Hələlik bunun mexanizmi də yoxdur”.

Ekspert bildirib ki, bu gün dünyada faktiki olaraq kriptovalyuta var: “Dünyada ödəmələr sistemində kriptovalyuta mərhələli şəkildə öz mövqeyini gücləndirir. Bu, növbəti 10 ildə əsas ödəmə vasitələrindən birinə çevrilə bilər. Azərbaycan da bu prosesdən birmənalı olaraq kənarda qala bilməz”.

İqtisadçının sözlərinə görə, dünya maliyyə bazarlarında müəyyən inkişaf trendi varsa, bu, Azərbaycana da şamil oluna bilər: “Baxmayaraq ki, Azərbaycan bu istiqamətdə nisbətən daha mühafizəkar mövqe nümayiş etdirir. Və Azərbaycan bazarında bu sistem zəif inkişaf edir. Amma bununla yanaşı, bu maliyyə aləti faktiki olaraq növbəti dövrlərdə ölkə iqtisadiyyatına, maliyyə bazarlarına daxil olacaq. Hazırda bununla bağlı fəaliyyətlər daha çox fiziki şəxslər tərəfindən həyata keçirilir”.

“Kriptovalyutalara keçid kağız puldan imtinaya gətirib çıxara bilərmi?” sualına cavabında isə iqtisadçı bunun qısa müddətli deyil, uzunmüddətli dövrdə baş verə biləcəyini söyləyib: “Kağız pul artıq tədavüldən mərhələli şəkildə yığışır. İnkişaf etmiş ölkələrdə dövriyyənin 80-90 faizi nağdsız formada həyata keçirilir. Azərbaycanda da bu sistemin inkişaf etdirilməsi istiqamətində müxtəlif yanaşmalar ortaya qoyulub. Buna baxmayaraq, hələlik bu sistem təşəkkül tapmayıb”.

“Kağız pulun dövriyyədən kənarlaşdırması üçün kriptovalyuta daha cəlbedici mexanizm formalaşdırır. Təsadüfi deyil ki, hətta böyük şirkətlər də (Məsələn, BP şirkəti) növbəti dövrlərdə öz ödəmələr sistemində kriptovalyutadan istifadəyə yaşıl işıq yandırıblar. Bir sıra ölkələr, banklar bu sistemə qoşulur. Hər bir ölkə öz kriptovalyutasını yaratmağa çalışır və s. Növbəti 10-20 ildə kriptovalyuta kağız pulun dövriyyəsini əhəmiyyətli şəkildə sıxışdıra bilər”, – ekspert deyib.

R.Həsənovun qənaətincə, kriptovalyutadan istifadədə ilk növbədə peşəkar kadrlara ehtiyac var: “Kriptovalyuta dünya bazarlarında gündəlik olaraq öz dəyərini sürətlə dəyişən bir maliyyə alətidir. Amma peşəkar kadrlar bundan qazanc əldə edə bilərlər. Burada əsas cəlbedicilik odur ki, əvvəlki ödəmə sistemi, mexanizmi ilə müqayisədə burada sürət daha yüksəkdir”.

“Hazırda bu, daha çox illeqal fəaliyyətlərə üstünlük verən müəyyən sosial qrupun maraq dairəsindədirsə, hüquqi təminat bazasının genişləndirilməsi nəticəsində gələcəkdə iqtisadiyyatın bütün sektorlarında hüquqi və fiziki şəxslərin diqqətini cəlb edəcək”, — deyə müsahibimiz vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259