BANK

"NBC Bank" xüsusi ehtiyatların yaradılmasına vəsait ayırmayıb
15 MAY
391

"NBC Bank" xüsusi ehtiyatların yaradılmasına vəsait ayırmayıb

2018-05-15 14:22:00

"NBC Bank", Bank Silk Vey" və Pakistan Milli Bankının Bakı filialı bu ilin I rübündə xüsusi ehtiyatların yaradılmasına vəsait ayırmayıb. Fins.az banklarda aktivlərin nə üçün yradılması ilə bağlı məlumatı təqdim edir.

Ehtiyatlar (xüsusi ehtiyatlar) banklarda olan aktivlər üzrə yaradılır.

İlk öncə aktivlərin nə olduğuna baxaq. AMB-nin təsnifatına əsasən aktivlərə aşağıdakılar aiddir:

  •          bank tərəfindən verilən kreditlər
  •          geri qaytarılmaq şərti ilə yerləşdirilmiş digər aktivlər
  •          bank tərəfindən qabaqcadan ödənilmiş vəsait
  •          bank işində istifadə olunmayan aktivlər
  •          hüquqi şəxslərin kapitalında iştirak payına vəsait qoyuluşları 
  •          balansdankənar öhdəliklər

Ehtiyatların yaradılmasında məqsəd həmin aktivlər üzrə gələcəkdə yarana biləcək mümkün zərərlərin ödənilməsidir. Yəni, məsələn, borcalan tərəfindən kredit ödənmədikdə və ya vaxtında ödənmədikdə bank dayanıqlığını qoruya bilsin və kredit verərkən riskli sahələrdən çəkinsin. Çünki riskli sahələrə verilən kreditlər üzrə ehtiyat ayırmaları daha yüksəkdir. Belə ki, aktivlərin gecikmə günləri və risk dərəcələri artdıqca, ayrılan ehtiyatlar üzrə faiz dərəcələri də artır.

Bank belə sahələrə çox kredit verərsə, o zaman ehtiyatların da məbləği artacaq və bu məqsədlə ayrılmış vəsaiti öz fəaliyyətində istifadə edə bilməyəcək.

Aktivlər standart və qeyri-standart aktivlərə bölünür. Standart aktivlərə qənaətbəxş və nəzarət altında olan aktivlər, qeyri standart aktivlərə isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər aiddir.

Aktiv üzrə əsas məbləğ və ya faiz borclarının ödənilməsi doxsan gündən çox gecikdirildikdə hesablanmış faizlər üzrə 100% həcmində ehtiyat yaradılır.

Ümidsiz aktiv yaradılmış ehtiyatlar hesabına balansdan silinir (həmin aktiv üzrə yaradılmış ehtiyat məbləğində).

Beləliklə kreditin vaxtı keçdikdə onun üçün ehtiyat yaradılır. Əsas məbləğ, yaxud ona hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə göstərilən tarixdən otuz təqvim günündən artıq gecikdirilmiş kredit vaxtı keçmiş kredit hesab olunur.

Ehtiyatların məbləği aktivin gecikdiyi müddətdən və risk dərəcəsindən asılı olaraq dəyişir. Çünki, bank tərəfindən ehtiyatlar aktivlərin geri qayıtmaması və ya qaytarılma prosesinin gecikməsi riskləri artdığı zaman bunların yarada biləcəyi zərəri qabaqlamaq üçün formalaşdırılır. Bu ehtiyatların ayrılması müəyyən şərtlərə əsaslanır. Belə ki, aktivlərin gecikmə günləri və risk dərəcələri artdıqca, ayrılan ehtiyatlar üzrə faiz dərəcələri də artır.

Ehtiyatlar iki kateqoriyaya bölünür:

  1.       Adi ehtiyatlar
  2.       Məqsədli ehtiyatlar

Adi ehtiyatlar bankın standart aktivləri üzrə, məqsədli ehtiyatlar isə qeyri-standart aktivlər üzrə yaradılır. Standart aktivlər qənaətbəxş və nəzarət altında olanlar, qeyri-standard aktivlər isə təhlükəli və ümidsiz aktivlərdir. Qənaətbəxş aktivlər ən yüksək kateqoriyalı, ümidsiz aktivlər isə ən aşağı kateqoriyalı aktivlər kimi təsnifləşdirilir.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276