BANK

Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə “İnsan Kapitalı Forumu-2018” keçirilib
07 MAY
450

Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə “İnsan Kapitalı Forumu-2018” keçirilib

2018-05-07 12:32:00

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan İnsan Resursları Cəmiyyətinin (HR Society) birgə təşkilatçılığı, Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu ilə Bakıda “İnsan Kapitalı Forumu - 2018”  keçirilib. Tədbirdə ölkəmizdəki maliyyə qurumlarının HR menecerləri, Azərbaycan İnsan Resursları Cəmiyyətinin üzvləri, insan resurslarının idarə olunması sahəsində fəaliyyət göstərən tədqiqatçılar, təlimçilər və məsləhətçilər iştirak ediblər.

Açılış nitqi zamanı ABA-nın prezidenti Zakir Nuriyev Azərbaycanda insan resursları sahəsində görüləsi işlərdən danışıb: “Belə bir tədbirin təşkilində məqsəd insan resursları sahəsində çalışan mütəxəssisləri bir araya gətirmək, onların peşəkar inkişafına dəstək vermək, təcrübə mübadiləsi aparmaqdır. Ümid edirik ki, bütün bunlar qarşıya qoyulmuş məqsədlərə çatmaqda faydalı olacaq”.

Forum 2 panel üzrə davam etdirilib. “Uğurun açarı: nailiyyətin əldə olunmasında insan kapitalının rolu” mövzusuna həsr olunmuş ilk panelə moderatorluq edən Maliyyə Bazarlarına Nəzarət Palatasının İnsan Resursları İdarəsinin rəisi Aytən Hüseynova müasir iş dünyasında insan kapitalının rolu barədə söhbət açıb: “İnsan resursları sahəsində baş verən yeniliklərlə tanışlıq, onların Azərbaycanda da tətbiqi imkanlarını birgə dəyərləndirmək və bu istiqamətdə müştərək fəaliyyət üçün motivasiya yaratmaq, insan kapitalının inkişafında çox önəmlidir”.

Forumun ilk panelində insan kapitalının formalaşmasında HR menecerlərinin rolu, istedadlı kadrların işə cəlb olunması və motivasiyası, insanların dəyişiklik qorxularının aradan qaldırılması, qiymətləndirmə alətləri, DİSC metodologiyası ilə bağlı təqdimatlar olub. Bu mövzularda təqdimatlarla Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) direktoru Cavanşir Abdullayev, "Gilan Holdinq"in HR direktoru Allahverdi Bağırov, natiqlik üzrə beynəlxalq təlimçi və kouç Rəşad Bayramov, "İş Kavramları Danışmanlık Hizmetleri" şirkətinin rəhbəri və HR məsləhətçi Hasan Tahsin Güngör, ABTM-in biznesin inkişafı üzrə meneceri Rauf Ağayev çıxış edib.

Forumun “İnsan resurslarının idarə olunması sahəsində beynəlxalq təcrübələr”ə həsr edilmiş 2-ci paneli isə Azərbaycan Beynəlxalq Bankının Baş direktoru, ABA-nın nəzdində fəaliyyət göstərən “Tədris strategiyaları və İR üzrə” Ekspert Qrupunun sədri Aynur Süleymanlının moderatorluğu ilə keçib. Aynur Süleymanlı təmsil etdiyi bankda insan resursları istiqamətinin inkişafı ilə bağlı həyata keçirilən davamlı tədbirlərə toxunub: “Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankı, insan resursları sahəsində ən təkmil təcrübələri öz fəaliyyətində tətbiq etməklə yanaşı, ölkəmizin iqtisadi-maliyyə sektoru üçün kadr potensialının inkişafında da yaxından iştirak etməyə çalışır. Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə insan kapitalının inkişafına yönəlmiş bu cür təşəbbüslərə gələcəkdə də dəstək verəcək”.

Forumun 2-ci panelində strateji iş gücünün planlanması, HR proseslərinin avtomatlaşdırılması, özünüidarəetmə, istedadların seçimi zamanı diaqnostik alətlərin tətbiqi, insan resursları sahəsində innovasiyalar, işçilərin motivasiyası və digər mövzularda təqdimatlar dinlənilib. 2-ci panelin spikerləri PwC şirkətinin nümayəndələri Agniezka Batkuvic, Zarina Zeynalova, KPMG şirkətinin nümayəndələri Marianna Danilina, Svetlana Tkaç, Oksana Şadrina, biznes-təlimçi və konsultant Natalya Krasnova, "HAY Group" şirkətinin nümayəndələri Ümit Duman və Ersin Yıldırım olub.

Azərbaycan Beynəlxalq Bankının baş sponsor dəstəyi ilə yanaşı, “Prospect ERP” şirkəti də “İnsan Kapitalı Forumu - 2018”-in bürünc tərəfdaşı kimi çıxış edib. Bundan başqa, BBN.az saytı, “Yapı Kredi Bank” Azərbaycan, PwC, KPMG, “HAY Group”, “Antaris” MMC, “İş Kavramları Danışmanlık”, MKS.az, Financetime.info saytları Foruma təşkilati dəstək verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257