BANK

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası təsdiqlənib
01 MAY
320

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası təsdiqlənib

2018-05-01 18:51:00

Azərbaycan prezidenti İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında fərman imzalayıb. Fins.az-ın məlumatına görə, əhalinin mənzil təminatının daha da yaxşılaşdırılması və ipoteka kreditlərinə çıxış imkanlarının artırılması, ipoteka və kredit zəmanət mexanizminin risklərinin minimallaşdırılması məqsədilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası təsdiq edilib.

Azərbaycan prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə “yaşayış sahələrini alır və satmaq öhdəliyi ilə kirayəyə verir” məzmununda 2.2.2-1-ci yarımbənd əlavə edilib, habelə 2.2. 2.2.5-ci yarımbənddə “Elektron ipoteka” sözləri “Elektron ipoteka və kredit zəmanət” sözləri ilə əvəz edilib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vergi öhdəliklərindən azad edilməsi, habelə bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq, Fond tərəfindən təminat üzrə ödəniş edilməsi hallarında borcalanların və müvəkkil bankların vergi öhdəliklərindən azad edilməsi ilə bağlı qanun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək, 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə 2019–2021-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fond ilə birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etmək tapşırılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası isə üç ay müddətində Fondun vəzifələrinin icrası ilə bağlı müvəkkil bankların ipoteka kreditləşməsində, eləcə də kredit zəmanət sisteminin fəaliyyətində aktiv iştirakını təmin etmək üçün banklar üzrə xüsusi iqtisadi tənzimləmə (prudensial) normativlərini və tələblərini müəyyən edib Azərbaycan prezidentinə məlumat verməlidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254