BANK

Növbəti aylarda dollara tələb necə dəyişəcək? - EKSPERT
05 MART
750

Növbəti aylarda dollara tələb necə dəyişəcək? - EKSPERT

2018-03-05 10:58:00

Fevral ayında dollara tələbin yüksəlməsi qeydə alınıb. Bu ilin ilk ayında hərraclarda 299.1 milyon dollar satan Dövlət Neft Fondu ötən ay 364,1 milyon dollar xərcləyib. Fins.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov bildirib.  Bu isə o deməkdir ki, fevralda dollara tələb əvvəlki ay ilə müqayisədə 21 faiz yüksəlib. Xatırladaq ki, 2017-ci ilin yanvar ayında fond valyuta hərraclarında 285 milyon dollar, fevralda isə 258,4 milyon dollar satıb. Dollara tələbin artması nə ilə bağlıdır və növbəti aylarda tələb necə dəyişəcək? Dollara tələbin artması idxalın və eləcə də büdcə xərcləmələrinin artması ilə bağlıdır. Monitorinqlər göstərir ki, yığımlarda da artım qeydə alınır. Mərkəzi Bankın statistikası göstərir ki, bu ilin yanvar ayında dollar satışı əvvəlki ilin uyğun ayı ilə müqayisədə də çox olub. Dövlət Gömrük Komitəsinin isə məlumatına görə, bu ilin yanvar ayında idxalımız 688 milyon 625 min dollar olub. 2017-ci ilin yanvarı ilə müqayisədə bu ilin ilk ayında idxal 51% artıb. Belə ki, ötən ilin yanvar ayında idxalımız 450 milyon 36 min dollar idi. Göründüyü kimi, idxalın həcminin artması dollara tələbi artıran əsas faktordur. Digər tərəfdən, hərraclarda satılan dolların təxminən 90 faizi məhz idxal əməliyyatları üçün sifariş edilir. Bu isə o deməkdir ki, idxal birbaşa dollara olan tələbi müəyyənləşdirir. İstehlak ilə yanaşı, büdcə xərcləmələrinin artması da dollara olan tələbi artıran əsas səbəblərdən hesab edilir. Dollara tələbin mart ayında da yüksək olacağı gözlənilir. Bu həm mart ayında qeyri-iş günlərinin sayının çox olması səbəbindən xarici səfərlərə marağın yüksəlməsi, həm də bayramlar ilə bağlı olaraq idxalın artması ilə əlaqədardır. Dollara tələbin yüksəlməsinə baxmayaraq milli valyutanın məzənnəsində dəyişiklik baş verməyib. Güman olunur ki, növbəti aylarda da məzənnə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273