BANK

Banklar niyə insanların kredit kartları ilə Bitcoin almağını istəmir?
07 FEVRAL
482

Banklar niyə insanların kredit kartları ilə Bitcoin almağını istəmir?

2018-02-07 14:56:00

Son günlərdə bir neçə bank müştərilərin kredit kartları ilə Bitcoin almasına qadağa qoyub. Bu xəbər Bitcoin-in vəziyyətini daha da acınacaqlı edib. Fins.az Banker.az-a istinadən xəbər verir ki, həmin banklar arasında ABŞ-ın “Bank of America”, “J.P. Morgan”,” Capital One” və “Discover”, Böyük Britaniyanın “Lloyds Banking Group” (“HBOS” və “MBNA” daxil olmaqla) və “Virgin Money” də var. Bəzi digər bankların da anoloji addım atacağı gözlənilir.

Bu qərardan sonra kriptovalyuta cəmiyyətində banklar xüsusi narazılıqla qarşılanır. Bəzi kriptovalyuta tərəfdarları bankları istifadəçi hüquqlarını pozmaqda ittiham edirlər.

Burada diqqət yetirilməsi vacib olan məsələ bank kartı ilə kredit kartı arasında olan fərqdir. Bank kartı hesabınızdakı pulları ərcləməyə imkan verir, kredit kartı isə sizə bir növ borc verir. Bir bank sizə borc verdikdə, həmin pulların necə sərf olunduğuna dair müəyyən bir nəzarət həyata keçirir.

Beləliklə, insanlar hələ də bank kartlarından istifadə edərək kriptovalyutalar ala bilirlər, çünki həmin pullar özlərinə aiddir. Bankların çəkindiyi məsələ kredit kartları ilə kriptovalyutalar almaqdır. Bu da gözləniləndir, çünki banklar haqlı olaraq verdikləri pulları geri istəyirlər. Əgər bankdan borc alaraq investisiya qoyan şəxs Bitcoin-in qiyməti düşdükdə ciddi zərər görərsə, banka olan borcunu ödəyə bilməyəcək vəziyyətə çata bilər. Bankların da ehtiyat etdikləri məqam sırf bundan ibarətdir.

Kriptovalyuta bazarı, xüsusilə Bitcoin dekabrda yaşanan böyük yüksəlişdən sonra məşhurlaşdı. Hazırda isə bu bazarın ümumi həcmi 300 milyard dollar civarındadır. Bu, böyük görünə bilər, ancaq digər bazarlarla müqayisə etdikdə heç də belə deyil. İnvestisiya vasitəsi kimi istifadə edilə bilən ehtiyatların ümumi həcmi təxminən 55 trilyon dollardır. Əmlak bazarının ümumi həcmi 200 trilyon dollardan çoxdur. Ümumi qızılın dəyəri təxminən 8 trilyon dollar civarında olduğu təxmin edilir. Bunlara nəzər saldıqda, kriptovalyuta bazarının kiçik olduğunu görərik. Kriptovalyuta bazarında kredit kartından istifadə edərək reallaşan əməliyyatlar digər əməliyyatlardan daha azdır. Bu qədər az kredit kartı əməliyyatının banklara verəcəyi zərər çox olmazdı, lakin ayrı-ayrı şəxslər bundan çox zərər çəkə bilərlər.

Bankların bu qərarını digər səbəblə də əlaqələndirmək olar. Yuxarıda qeyd etdiyimiz kimi, bəzi şəxxslər bankların istifadəçi hüquqlarını pozduğunu kartların şərtlərinə əməl etmədiklərini iddia edirlər. Ancaq bu heç də doğru deyil, çünki banklar insanların kredit kartları ilə etdiyi əməliyyatlarda cavabdeh sayılırlar. Buna görə də kredit kartlarının ümumi şərtlərində bankın əməliyyatdan imtina edə biləcəyini əks etdirən bir maddə olur. Məsələn, kredit kartı ilə kriptovalyuta almağı qadağan edən “Lloyd Bank”-ın şərtlərində belə bir maddə var:

“14.6: Bizim (və ya “Lloyd Banking Group” daxilindəki başqa bir şirkətin) hər hansı bir qanuni öhdəliyi pozmanıza və bizi hər hansı bir hökumət və ya tənzimləyici ilə qarşıdurma halına gətirmənizə inandığımız bir əməliyyatı reallaşdırmağı və ya hesabınıza pul qoymağınıza icazə verməyi qadağan edə bilərik. Bundan əlavə, məhdud sayda ölkələrə / ölkələrdən olan ödəniş əməliyyatınıza və ya həmin ölkələrə kart ödənişi etməyinizə icazə verməyə bilərik. Bizdən soruşduğunuz və ya ora ödəniş etməyə çalışdığınız halda sizə həmin ölkələrin hansılar olduğunu söyləyəcəyik”.

Bu təbii ki, çirkli pulların yuyulmasına maneə olmaq və bəzi sanksiyaların tələblərinə riayət etmək üçün istifadə olunur. Qərb ölkələrində bir çox iri bank çirkli pulların yuyulması və ya sanksiya tələblərinə cavab verməməkdə günahlandırılaraq müəyyən məbləğdə pul cəzasına məhkum olundu. Məsələn, 2015-ci ildə Fransanın “BNP Paribas” bankı ABŞ-lı tənzimləyiciləri tərəfindən sanksiya tələblərinə riayət etmədiyi üçün 8,9 milyard dollar cərimə edildi. Bütün bunları nəzərə aldıqda, bankların insanların kredir kartı istifadə edərək kriptovalyuta almağını niyə istəmədiyini anlaya bilərik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253