BANK

Kredit Zəmanət Fondunun nizamnamə kapitalı müəyyənləşib
30 NOYABR
181

Kredit Zəmanət Fondunun nizamnamə kapitalı müəyyənləşib

2017-11-30 09:55:00

"Kredit Zəmanət Fondu" ASC-nin nizamnamə kapitalı 100 mln. manat məbləğində müəyyənləşib.

Fins.az xəbər verir ki, prezident İlham Əliyev"Kredit Zəmanət Fondu" ASC-nin nizamnaməsini təsdiqləyib.

Cəmiyyətin nizamnamə kapitalı onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 10 manat olan 10 mln. ədəd sənədsiz, adi, adlı səhmdən ibarətdir.

ASC-nin nizamnamə kapitalının artırılması və ya azaldılması Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Cəmiyyətin əmlakı nizamnamə kapitalına daxil olan əmlakdan, dövlət büdcəsindən ayırmalar, öz fəaliyyətindən əldə olunan daxilolmalar, ASC tərəfindən emissiya olunan istiqrazların yerləşdirilməsindən əldə olunan vəsaitlər, alınan kreditlər, yardımlar, qrantlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.

Fondun əmlakı onun müstəqil balansında əks olunur. Cəmiyyət öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarına malikdir.

Cəmiyyət qanunla nəzərdə tutulmuş icbari ödənişləri ödədikdən sonra fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəət üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

Fondun milli valyutada pul vəsaiti Azərbaycan Mərkəzi Bankında (AMB) açılan bank hesabında saxlanılır.

Cəmiyyət sərbəst pul vəsaitlərindən yalnız aşağıdakı istiqamətlərdə istifadə edə bilər:

- dövlət qiymətli kağızlarının əldə olunması üçün;

- müvəkkil banklarda və ya kredit reytinqi Azərbaycan Respublikasının (suveren) borc reytinqindən maksimum 1 pillə aşağı olan yerli banklarda depozitlərin yerləşdirilməsi üçün.

Səhmdarların ümumi yığıncağı ASC-nin ali idarəetmə orqanıdır.

ASC-nin Müşahidə Şurası, prezidenti ilə razılaşdırılmaqla, Maliyyə Nazirliyinin (1 nəfər), İqtisadiyyat Nazirliyinin (1 nəfər), Mərkəzi Bankın (1 nəfər), Maliyyə Bazarlarına Nəzarət Palatasının (1 nəfər), Dövlət Neft Fondunun (1 nəfər), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər) və Azərbaycan Banklar Assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarət tərkibdə formalaşdırılır. Müşahidə Şurası ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

Müşahidə Şurasının üzvləri öz aralarından ardıcıl qaydada sədri seçirlər. Sədrin səlahiyyət müddəti 1 ildir və o, ardıcıllıq nəzərə alınmaqla, növbəti müddətlərə yenidən seçilə bilər. 

Müşahidə Şurasının iclasları ən azı rübdə bir dəfə keçirilir. Müşahidə Şurasının növbədənkənar iclasları ümumi yığıncağın, şuranın hər hansı bir üzvünün, Audit Komitəsinin və İdarə Heyətinin təşəbbüsü ilə çağırılır. 

Müşahidə Şurasının tələbi ilə onun iclaslarında ASC-nin digər vəzifəli şəxsləri də iştirak etməlidirlər. 

İdarə Heyətinin tərkibi 3 nəfər olmaqla, prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən, onun müavinindən, həmçinin Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən digər üzvdən ibarətdir.

Müşahidə Şurasının və Audit Komitəsinin üzvləri İdarə Heyətinə seçilə bilməzlər.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9994
  • ₽ RUB
    0.0289