BANK

Bu bankın 3 milyondan çox müştərisi və 600-dan çox bankomatı var – AZƏRBAYCANDA
16 NOYABR
3634

Bu bankın 3 milyondan çox müştərisi və 600-dan çox bankomatı var – AZƏRBAYCANDA

2017-11-16 15:39:00

Bir müddət öncə Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ekspertlər Qrupuna sədr təyin olunan, Kapital Bank-ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva Fins.az-ın suallarını cavablandırıb. O, Bankın tarixindən tutmuş, bu günə kimi keçdiyi inkişaf yolu, həmçinin Kapital Bank-ın xidmətləri və marketinq strategiyası haqqında da məlumat verib.

- Günel xanım, bir müddət əvvəl ABA-nın Ekspertlər Qrupuna sədr təyin olunmusunuz. Bu istiqamətdə hansı işləri görməyi planlaşdırırsınız? Daha dəqiq desək, qrupun fəaliyyət strategiyası necə olacaq?

- Marketinq spesifik sahədir və əslində bu sahədə bankların kəsişə biləcəyi bir sıra məqamlar olsa da, həmkarlarım arasında bölüşmək istəyi o qədər də çox deyil. Banklar hər zaman marketinq, yenilikçilik, irəlidə olmaq, hər hansı layihəni birinci həyata keçirmək uğrunda rəqabət aparır. Ona görə biz Banklar Assosiasiyası ilə birlikdə bu məsələni müzakirə edib, ortaq maraq dairələrini təyin etməyi düşünürük. Əsas istiqamətlərimiz qismində müştəri davranışı və seçimləri, ümumilikdə həyat tərzi ilə bağlı bazar araşdırmaları və KİV-lərlə münasibətlərin daha da yaxşılaşdırılması daxildir. Həmçinin korporativ sosial məsuliyyət strategiyası çərçivəsində sosial layihələrin də inkişaf etdirilməsi nəzərdə tutulub.

- Kapital Bank-ın marketinq strategiyası nədən ibarətdir?

- Marketinq sahəsində gərək zamanın və günün nəbzini tutmağı bacarasan. Hazırda strateji hədəflərimiz ən prioritet məsələlərdən biri rəqəmsal bankçılığın inkişafı ilə bağlıdır və bu istiqamətdə bir sıra mühüm işlər görülür. Həmçinin yeni məhsulların yaradılması, mövcud məhsulların optimallaşdırılması və bazarın tələblərinə uyğun olaraq təqdim edilməsi istiqamətində də fəaliyyətimizi həyata keçiririk. Eyni zamanda, strateji hədəflərimiz arasında müştəri məmnuniyyətinin artırılması, xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması və təkmilləşdirilməsi istiqamətində mühüm layihələr mövcuddur.

- Siz böyük həcmli kreditləri əsasən hansı sahəyə ayırırsınız?

- Ümumiyyətlə Kapital Bank daha çox pərakəndə bankçılıqla məşğul olsa da, korporativ müştərilərimizə iri həcmli kreditlər də ayırırıq. Dövlət müəssisələri ilə iş bizim strategiyada xüsusi yer alır. Həmçinin yaxın gələcəkdə kiçik və orta biznes sahəsinə də kreditlər ayırmağı düşünürük.

- Bəs aqrar sahəyə kreditlər ayrılırmı?

- Bəli ayrılır. Misal üçün cari ilin noyabr ayı ərzində kənd təsərrüfatı işçiləri üçün həyata keçirdiyimiz kampaninı göstərmək olar. Kənd təsərrüfatı sahəsində çalışan işçilər Banka kredit üçün müraciət edərkən illik faiz dərəcəsinə 2%-dək endirim, həmçinin 8000 manatadək zaminsiz kredit əldə edə bilərlər.

- Hazırda Kapital Bank-ın ümumilikdə neçə müştərisi var?

- Kapital Bank hazırda 3 milyona yaxın fiziki və 22 mindən artıq hüquqi şəxsə xidmət göstərir. Ümumi statistikanı götürsək, 10 milyona yaxın əhalisi olan ölkənin hər 4 nəfərindən biri bizim müştərimizdir.

- Kapital Bank-ın ölkə üzrə neçə bankomatı var?

- Hazırda ölkə üzrə Kapital Bank-ın 600-dan çox bankomatı, 9000-ə yaxın POS terminalı vardır.

- Yaxın gələcəkdə yeni filialların açılması gözlənilirmi?

- Kapital Bank-ın 100-ə yaxın xidmət nöqtəsi var və bu rəqəmin gələcəkdə artırılması gözlənilir. İlin sonunadək və 2018-ci ildə daha bir neçə xidmət nöqtəsinin açılması planlaşdırılır.

- Kapital Bank-ın səhmlərini almaq olarmı?

- Kapital Bank-ın səhmləri bank tərəfindən satılmır. Amma səhmdarlar satmaq istəsələr, brokerlərə müraciət edib, satış barədə qərar verə bilərlər. Hazırda 1 səhmin nominal dəyəri 12 manat 39 qəpik təşkil ediR.

- Bəs müştərilərə depozit əsasında kreditlər verilirmi?

- Bəli verilir. Müştərinin istəyinə əsasən əmanət məbləğinin maksimum 80%-i həcmində, nağd kredit və ya kartla kredit xətti verilə bilər. Bu zaman nağd kredit və ya kredit xətti üzrə faiz manat depozitlərində əmanət faizi, üstəgəl 5% təşkil edəcək. Nağd kredit və kredit xətti üzrə minimal məbləğ 500 AZN-dir.

- Kapital Bank-ı digər banklardan fərqləndirən nədir?

- Kapital Bank-ı digər banklardan fərqləndirən xüsusiyyətlərindən biri, bəlkə də birincisi onun tarixidir. Kapital Bank 1874-cü ildə yaranmış, ölkənin ilk bankı olmuş Əmanət kassasının varisidir. Həmçinin, 3 milyondan artıq müştəriyə xidmət göstərməyimiz, ən böyük xidmət şəbəkəsinə malik olmağımız, artıq neçə ildir ki, pərakəndə bankçılıq sektorunda maliyyə göstəricilərinə görə lider olmağımız, həmçinin müştəri sorğularına əsasən ölkənin ən etibarlı banklarından biri olmağımız bizi digər banklardan fərqləndirən və bizi birinci bank edən xüsusiyyətlərimizdir. Yeri gəlmişkən Kapital Bank hazırda “Birinci Bank” sloqanı ilə fəaliyyət göstərir.

- Departament direktoru olaraq, işə qəbul prosesi barədə də məlumat verərdiniz.

- Prosedura əsasən saytımızda və sosial şəbəkələrdəki səhifələrimizdə yeni vakansiyalarla bağlı elan qeyd olunur. Elanın tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət olunurlar. Bundan başqa Kapital Bank-da təcrübə keçən gəncləri də işə götürürük. Təbii ki, özünü yaxşı tərəfdən göstərib, əzmkar, çalışqan, istedadlı əməkdaşlar burada inkişaf edib, karyeralarında yüksələ bilirlər.

Müəllif:Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289