BANK

Mərkəzi Bank: Bank sektorunda izafi likvidlik var
07 NOYABR
169

Mərkəzi Bank: Bank sektorunda izafi likvidlik var

2017-11-07 16:54:00

Bank sistemində izafi likvidliyin akkumulyasiyası şəraitində Azərbaycan Mərkəzi Bankının (AMB) sterilizasiya alətlərinə daha böyük tələbat olub.

Fins.az APA-ya istinadən xəbər verir ki, bu barədə AMB-nin 2017-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir. 

Belə ki, сari ilin 9 ayının sonuna AMB milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 47 depozit hərracı, notların yerləşdirilməsi üzrə 37 hərrac keçirib. Depozit əməliyyatları üzrə vəsaitlər 14 gün müddətinə cəlb edilib, notlar isə 28 gün müddətinə yerləşdirilib. Hesabat dövrünün sonuna depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin cəmi qalığı 800 mln. manat olub.

Bundan depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlər 200 mln. manat, notların yerləşdirilməsi nəticəsində cəlb edilən vəsaitlər isə 600 mln. manat təşkil edib. Depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar izafi pul təklifinin sterilizasiyası ilə yanaşı pul bazarının inkişafı və bununla da, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşdirilməsinə, banklararası bazarın inkişaf etdirilməsinə də müsbət təsir göstərib. 

Qeyd etmək lazımdır ki, açıq bazar əməliyyatları olaraq depozit əməliyyatları və notların yerləşdirilməsi faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (hazırda 10-15%) arasında tərəddüd edən faiz dərəcələri ilə aparılır. Depozit əməliyyatları ilə vəsaitlər 10 - 14,87% ilə cəlb edilib, notlar isə 10,01 - 14,99% ilə yerləşdirilib. 

Dəhlizin aşağı həddinin aşağı salınması Mərkəzi Bankın sterilizasiya əməliyyatları üzrə gəlirliliyin azalması ilə müşayiət olunub. Cari ilin III rübündə sterilizasiya əməliyyatları üzrə gəlirliyin aşağı düşməsinə baxmayaraq keçirilən depozit və not hərraclarında tələb təklifi dəfələrlə üstələyib. Bu isə bank sistemində izafi likvidliyin mövcudluğundan irəli gəlir. 

Dövr ərzində məcburi ehtiyat normaları dəyişməz saxlanılıb.

Hesabat dövründə banklar tərəfindən milli valyutada cəlb edilmiş öhdəliklər, həmçinin qiymətli metallarda cəlb edilmiş öhdəliklər üzrə məcburi ehtiyat norması 0,5%, xarici valyutada cəlb edilmiş öhdəliklər üzrə 1%, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə 0% olub. Dövr ərzində məcburi ehtiyat normalarının ortalama mexanizmi əsasında tətbiqi davam etmişdir ki, bu da banklara likvidliyin daha çevik idarə edilməsinə müsbət təsir göstərən amil olub. Pul təklifinin effektiv tənzimlənməsi və bununla da qiymət sabitliyinin dəstəklənməsi məqsədilə manatla və qiymətli metallarla olan öhdəliklər üzrə məcburi ehtiyatların manatla, xarici valyuta ilə öhdəliklər üzrə məcburi ehtiyatların xarici valyutada müxbir hesablarda saxlanılması barəsində "Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası"nda edilmiş dəyişiklik 2017-ci il 1 avqust tarixindən qüvvəyə minmiş və banklar 15 avqustdan etibarən məcburi ehtiyatlarını qaydadakı qeyd olunan dəyişikliyə uyğun saxlamağa başlayıblar. Aparılmış monitorinqlərin nəticələrinə əsasən hesabat dövrü üzrə bütün aylarda bankların Mərkəzi Bankdakı müxbir hesablarının toplam qalıqları dövr üçün məcburi ehtiyat kimi saxlanmalı olan cəmi vəsaitlərin həcmini əhəmiyyətli üstələyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291