BANK

Xalq Bank 3-cü rübün nəticələrinə görə artım nümayiş etdirir
20 OKTYABR
155

Xalq Bank 3-cü rübün nəticələrinə görə artım nümayiş etdirir

2017-10-20 10:51:00
ASC “Xalq” Bankı 2017-ci ilin üçüncü rübünün fəaliyyətinin nəticələrinə əsasən maliyyə göstəricilərində artım nümayiş etdirir. Belə ki, cari ilin üçüncü rübünün sonuna aktivlərin həcmi ötən ilin sonu ilə müqayisədə 8,2% artaraq 1 mlrd 805,244 mln manat təşkil edib. Fins.az bankın açıqlamasına istinadən verdiyi məlumata görə, bankın xalis faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 13% artaraq 56 mln 995 min manat, xalis əməliyyat gəlirləri 2 mln 53 min manat təşkil edib.

Xalis faiz gəlirlərində müşahidə olunan müsbət trend, əsasən gəlir gətirən aktivlərin diversifikasiyası və xərclərin azaldılması nəticəsində yaranıb. Əgər ötən ilin analoji dövründə Bankın qiymətli kağızlar portfelindən əldə etdiyi gəlir 176 min manat təşkil edirdisə, bu il bu rəqəm 5 milyon manata çatmışdır. Ümumiyyətlə, Xalq Bankın qiymətli kağızlar portfeli cari il ərzində 8 milyon manatdan 116 milyon manata qədər artıb. Bank həm yerli, həm də xarici fond bazarlarında müxtəlif valyutalarda aşağı riskli və sabit gəlirli qiymətli kağızlara investisiya aparır. Beləliklə, Xalq Bank 2017-ci il ərzində öz mənfəətliliyini qoruyub saxlamış və ilin ilk üç rübünü 13 mln 124,66 min manat mənfəətlə bitirib.

Bankın nizamnamə kapitalı il ərzində 225 mln 78,6 min manata qədər artırılmışdır ki, bu da 6,35% artım deməkdir. Məcmu kapital isə ötən il ilə müqayisədə 10,75% artaraq 251 mln 843,62 min manata çatmışdır.  2017-ci il ərzində Bank, həmçinin, əlavə olaraq 25 mln 51 min manat məbləğində ehtiyat ayırması edərək ümumi ehtiyatların həcmini  127 mln 897 min manata çatdırmışdır.

Bank tərəfindən effektiv və vaxtında görülən tədbirlər nəticəsində kredit portfelində  vaxtı keçmiş kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə 21% azalaraq cəmi 63 mln 461 min manat təşkil etmişdir. Həmçinin, xidmət və məhsullar üzrə keyfiyyət standartlarının yüksəlməsi nəticəsində Bankın depozit və kredit portfelləri optimallaşdırılmış, cari ilin üçüncü rübünün sonuna kredit portfeli 1 mlrd 285,399 mln manat, depozit portfeli isə 1 mlrd 186,445 mln manat təşkil etmişdir.

Bankın 2017-ci ildə inkişaf strategiyasının prioritet istiqamətlərindən biri də xidmət  şəbəkəsinin genişləndirilməsidir. Belə ki, maliyyə göstəriciləri ilə bərabər Bankın filiallarının sayı da artmışdır. Cari il ərzində açılan “Tovuz” və “Göyçay” filialları müştərilərə geniş spektrli bank xidmətlərini və məhsullarını təqdim edir. Xalq Bankın sayca 29-cu  filialı olan “Göyçay” filialı 16 oktyabr tarixdən fəaliyyət göstərir. Digər prioritet istiqamətlər – bankomat və POS-terminal şəbəkəsinin genişləndirilməsi və nağdsız əməliyyatların artırılmasıdır ki,  kartların sayında müşahidə olunan artım bu sahələrin inkişafının bariz göstəricisidir. Belə ki, kartların sayı ötən ilin sonu ilə müqayisədə 72% artmışdır. Bankın ümumi xidmət və məhsullarından faydalanan müştərilərin sayında isə il ərzində 21% artım müşahidə olunur.

2017-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri ASC “Xalq” Bankının ölkənin ilk üçlükdə yer alan lider banklarından biri olmasını bir daha təsdiq edir. Bu uğurlar Bankın loyal müştərilərinin, peşəkar əməkdaş komandasının, düşünülmüş və effektiv idarəetmə siyasətinin nəticəsidir.  Xalq Bank gələcəkdə də stabil inkişafı və maliyyə artımını davam etdirəcək. 

Müəllif:Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285