BANK

Avtomobil krediti ilə bağlı məhkəməyə verilən müştəri nə etməlidir?- EKSPERT RƏYİ - Azad Məmmədov
09 OKTYABR
312

Avtomobil krediti ilə bağlı məhkəməyə verilən müştəri nə etməlidir?- EKSPERT RƏYİ - Azad Məmmədov

2017-10-09 11:43:00

Hazırda ölkə ərazisində verilmiş avtomobil kreditlərinin həcmi heç də istehlak kreditlərindən geri qalmır. Ümumiyyətlə avtomobil kreditlərinin verilməsi ilə bağlı banklarda çoxlu boşluqlar var. Belə ki, avtomobil kreditləri verilərkən qanunvericiliyin tələblərinə riayət edilmir və bu da gələcəkdə həm vətəndaş üçün həm də bank üçün ciddi problemlər yaradır. Odur ki Fins.az avtomobil krediti götürən şəxslərin kredit ödənişlərini ödəyə bilmədiyi halda qarşılaşacağı problemləri araşdırıb. Fins.az-ın dı açəkilən mövzu üzrə suallarını "Unilegal Consulting" hüquq şirkətinin əməkdaşı Azad Məmmədov cavablandırıb.

Avtomobil krediti nədir və rəsmiləşdirilərkən qanunvericiliyin tələbləri nədir?

Kreditin təminat növlərindən biri də girovdur. Girov ümumi mənada olduğundan bura həm daşınmaz əmlakın ipotekası həmçinin daşınar əmlakların ipotekası aiddir. Girov və ipoteka qüvvədə olan qanunvericiliyik və digər normativ hüquqi aktlarla nizamlanır. Qanunun tələblərinə uyğun olaraq girov və ya ipoteka müqavilələrinin predmeti daşınar və daşınmaz əmlak, həmçinin dövriyyədə olan əmlak, mal ehtiyatları, xammal, materiallar, yarımfabrikatlar və s. ola bilər. Bundan əlavə əmlak, sahiblik və istifadə hüquqlarının, o cümlədən icarə hüquqlarının, öhdəlikdən irəli gələn başqa əmlak hüquqlarının, eləcə də girovsaxlayanın girovqoyana borclarının ipoteka müqaviləsinin predmenti kimi çıxış etməsi mümkündür. Qeyd edildiyi kimi rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlaklar ipoteka predmeti ola bilər. Ümimiyyətlə girov və ipoteka hüququnun əmələ gəlmə əsası müqavilədir. Mülki Məcəllənin tələblərinə görə ipoteka müqaviləsi notariat qaydasında təsdiq olunaraq daşınmaz əmlakın dövlət reyestrində, rəsmi reyestrlərdə qeydə alınan daşınar əmlakın ipotekası haqqında müqavilələr isə dövlət qeydiyyatına alınmalı olan müvafiq daşınar əmlakın rəsmi reyestirində qeydə alınmalıdır. Mülki Məcəllənin 307-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.

Lakin hazırda bankların əksəriyyətində heç bir avtomobil krediti ilə bağlı ipoteka və ya girov müqaviləsi notarial qaydada təsdilənmir.Lakin buna baxmayaraq rəsmi dövlət reyestrində qeydiyyata alınır. Lakin bu qanunvericliyə ziddir. Qeyd etdiyim kimi müvafiq dövlət qeydiyyatına alınmamışdan əvvəl müqavilə notarial qaydada təsdiq edilməlidir.Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydalarının 1.2 və 1.3-cü bəndlərinə əsasən nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması əqdləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq bağlanır. Qanunvericiliyin də yuxarıda qeyd edilən müddəalarından (MM və İpoteka Haqqında Qanun) da göründüyü kimi daşınar (müvafiq dövlət qeydiyyatı aparılan) və daşınmaz əmlaklarla bağlı əqdlər bağlanarkən müqavilə notariat qaydada təsdiqlənməlidir. Bunlara əməl olunmaması əqdin etibarsızlığına səbəb olur.

Avtomobil krediti ilə bağlı müştəri məhkəmyə verilərkən borcu tərəfindən hansı addımlar atıla bilər?

Ümimiyyətlə hər bir fərd bank və ya digər təşkilatlar qarşısında götürdükləri öhdəlikləri vaxtında və vicdanlı yerinə yetirməlidir. Təəssüf ki, tələbkarlar tərəfindən heç  bir güzəştlər edilmədiyindən borclularda onlara adekvat cavablar verməyə çalışırlar. Ümumiyyətlə vətəndaşlar çalışmalıdırlar ki, onlar barəsində məhkəməyə müraciət olunarkən hüquqi yardım üçün  hüquqşunasa müraciət etsinlər. Çox vaxt vətəndaşlar  qanunvericliyi bilmədiyindən məhkəmələrdə hüquqlarını  müdafiə edə bilmirlər. Fikirləşirlər ki, xarici valyuta  ilə kredit almışam və məhkəmədə gedib deyəcəm bu devalvasiyaya görə mən ödəmirəm məndən aslı olmayan səbəblərdən ödəyə bilmirəm filan lakin bunların demək olar ki, hüquqi əhəmiyyəti yoxdur. Əvvəldə qeyd etdiyim kimi kreditlər rəsmiləşdirilərkən nöqsanlar çox olur. Bəzən elə elementar nöqsanlar olur ki, bu vətəndaşın xeyrinə ola bilər lakin borclu hüquqşunas olmadığından həmin halları məhkəməyə çatdıra bilmir. Məsələn kredit müqaviləsi ilə ipoteka müqaviləsi arasında , müqavilə ilə məxaric orderi arasında ziddiyətlər olur. Həmçinin müqavilənin notarial təsdiq edilməməsi, birgə nikah dövründə əldə olunmuş əmlaka dair ər və ya arvadın razılığının olmaması və s. Bunların hamısı gələcəkdə əqdin etibarsızlığı üçün əsas olur. Düzdür bəzi məhkəmələr bu əsaslara düzgün qiymət verərək notarial qaydada təsdiq edilməmiş avtomobil kreditləri ilə bağlı iddialarda əmlaka dair hissəni təmin etmirlər. Lakin təəssüf ki, buna zidd hallara da rast gəlinir. Baxın birgə nikah dövründə əldə olunmuş avtomobilə dair ipoteka müqaviləsi bağlanır. Deyək ki, ipoteka müqaviləsi notarial təsdiqlənməyib və məhkəmə qərarı ilə borc əmlaka yönəlir. Lakin bunu da nəzərə alaq ki, gələcəkdə ər arvad arasında boşanma ilə bağlı əmlak bölgüsü olanda ər və ya arvadın razılığının olmaması həmin ipoteka müqaviləsini ər və ya arvada münasibətdə etibarsız edir. Hətta etibarsız etməsə də belə əmlakın üzərinə qoyulmuş həbs həmin məhkəmə qərarının icrasını ləngidir. Bu həm həmin məhkəmə mübahisəsi getdiyindən əmlakın dəyərini aşağı edir, həmçinin bölgü olduğu təqdirdə tələbkar bank əmlakın bir hissəsindən məhrum olur.

Bank avtomobili borclunun əlindən ala bilərmi?  

Ümumiyyətlə qanuni qüvvəsini almış məhkəmə qərarı olmadan heç kim mülkiyyətindən məhrum edilə bilməz. Heç kimin avtomobili özbaşına cərimə meydançasına və ya bankın həyətinə qoyula bilməz. Bəzən olur Bank əməkdaşları qanunsuz olaraq avtomobilləri cərimə meydançasına salırlar, lakin bunun da “qanuni tərəfləri” var. Elə borclular var ki, avtomobili alırlar sonradan etibarnamə ilə öz aləmində başqasına satırlar. Sonra həmin müştəri ödəniş etmir və problemə düşür. Banka kredit ilkin alıcının adına olduğundan borc onun boynunda qalır.  Bu səbəbdən verdiyi etibarnaməni ləğv edir və bankla razılaşır ki, avtomobili harda görsəniz mənə xəbər edin polisə də məlumat verim gəlib aparaq və Bankın həyətinə qoyaq. Bu səbəbdən də başqasına məxsus etibarnamə ilə ümumiyyətlə avtomobil almaq düzgün deyil. Bəzən olur ki, bank ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirşi DYP-də qeydiyyata alır və DYP buna əsasən vətəndaşı saxlayır və avtomobili cərimə meydançasına aparır. Lakin bu da tam qanunsuzdur. Yalnız qanuni qüvvəsini alımış məhkəmə qərarı ilə avtoməbil cərimə meydançasına və ya saxlanca banka verilə bilər.

Borclu hansı halda avtomobili banka təhvil verə bilər?

Bəzən kredit götürənlər fikriləşirlər ki, avtomobili Banka təhvil verməklə borcu tam bağlamış olurlar. Lakin bu belə deyil. Avtomobili banka təhvil verəndə bütün borclular bankdan əvvəla təhvil təslim aktı almalı və həmin aktda avtomobilin texniki və vizual vəziyyəti barədə dəqiq qeydlər etməlidirlər. Bunlara əməl olunmaması avtomobilin gələcəkdə mənimsənilməsinə gətirib çıxarır. Avtomobil Banka təhvil veriklərkən təhvil təslim aktı verilməli və şahidlərin hər biri imza etməlidirlər. Bundan sonra müştəri bankala danışıqlara getməli və avtomobilin satış qiymətini çıxartmaqla ya borcun olmaması barədə yada borcun bir hissəsinin silinməsi barədə arayış almalıdır. Lakin tez bir zamanda həmin arayışın alınması qanunvericiliyə zidd olduğuna görə mümkünsüzdür. Çünki Bank həmin arayışı vermək üçün əmlakı balansa almalıdır və borcu silməlidir. Qanunvericiliyə görə ipoteka qoyanla ipoteka saxlayan arasında əmlakın alqı satqısına dair bağlanmış əqd etibarsızdır.  Bu yalnız hərrac vasitəsilə ola bilər ondada əmlakın dəyəri qey etdiyim kimi 40% aşağı olacaq. Avtomobili Banka təhvil verdikdən sonra borclu fazilərin hesablanmasının dayandırılmasını tələb edə bilər və tez bir zamanda avtomobili nəğd qiymətə özü və ya bankın əli ilə başqa şəxsə sata bilər.

Avtomobil krediti olan şəxs barəsində məhkəmə qərarı qanuni qüvvəsini alıbsa nə etməli?

İlk növbdə avtomobil krediti ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı varsa avtomobili az istehlak etmək və tez bir vaxtda mülkiyyətçi tərəfindən ya satmaq ya da borcu bağlamaq lazımdır. Əksəriyyət borclular məhkəmə qərarı çıxamasına baxmayaraq heç nəyi fikirləşmədən avtomobili idarə etməklə, borcu ödəməkdən yayınırlar. Sonda 2-3 aydan sonra avtomobildən birdəfəlik məhrum olurlar.  Çünki icra məmuru məcburi icra hərəkətlərini həyata keçirtməklə avtomobili müsadirə edir və qanunamüvafiq satırlar. Bəzən borclular fikirləşirlər ki, məsələn kreditin həcmi 6000 manatdır və avtomobilin də dəyəri bu civardadır sonda Banka verməklə məsələ bitəcək, lakin bu belə deyil. Həmin avtomobil qiymətləndirilməklə açıq hərraca çıxarılacaq və bazar dəyəri 6000 manat olan avtomobil ən yaxşı halda ilkin satış qiyməti (likvid dəyəri) 5000 manat olmaqla hərraca çıxarılacaq. Hərracda isə həmin əmlakın dəyəri ilkin hərracda 15%, təkrar hərracda isə əlavə 25% aşağı qiymətə təxminən ilkin satış qiymətindən 40% aşağı qiymətə Banka veriləcək.Nəticədə bank həmin əmlakı 3187 manata almış olacaq. Borclunun isə yenə də 2812 manat Bank qaşısında öhdəliyi qalacaq. Hətta əksəriyyəti fikirləşir ki, o borc ondan alınmayacaq bu barədə yanılırlar. İcra Haqqında Qanunun tələblərinə əsasən həmin borc məbləği digər məcburi icra hərəkətləri ilə borcludan alınmalıdır.Bu səbədən də borclu çalışıb öz avtomobilini hərracdan kənar satmalıdır. Bununla bağlı çalışmalıdırlar ki, məcburi icra hərətləri başlayana qədər qərarı ya icra etsinlər ya da Bankla razılığa gələrək icra vərəqəsini icra olunmadan geri qaytarsınlar. Çünki borcdan əlavə məcburi icra hərəkətləri yerinə yetirildiyi təqdirdə borclu əlavə olaraq ümumi məbləğin 7% miqdarında da icra ödənişi etməlidir.Hər bir halda tövsiyyəm olar ki, məhkəməyə qədər və məhkəmə dövründə satış həyata keçirilsə daha münasib olar. Məhkəmə dövründə ona görə qeyd edirəm ki, bəzən banklar müştəriyə heç bir güzəşt etmirlər. Lakin məhkəmədə Bankın maddi tələb hissəsini mübahisələndirib xeyli azaltmaq olur. Düzdür bunun üçün də məhkəmədə əsaslandırmalar olmalıdır.

Bu səbəbdən də qeyd etdiyim kimi tövsiyyəm olardı ki, vətəndaşlar belə hallar olanda hüquqşunaslarla məsləhətləşməli və onların təklif etdiyi istiqamətdə hərəkət etməlidirlər.

Müəllif:Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296