BANK

“Bank Standard”ın kreditorları Prezidentə və Birinci vitse-prezidentə müraciət edib
20 SENTYABR
435

“Bank Standard”ın kreditorları Prezidentə və Birinci vitse-prezidentə müraciət edib

2017-09-20 18:41:00

Ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsi və Komitənin üzvü olmayan digər kreditorlar sentyabrın 7-də qəbul etdikləri qərara uyğun olaraq Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər. Fins.az  “Report”a istinadən xəbər verir ki, bu barədə  Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.

Onun sözlərinə görə, müraciətləri həm fiziki, həm də hüquqi şəxslər daxil olmaqla 90 kreditor imzalayıb. Müraciətlərdə deyilir:

“Komitənin yaradılması 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli Qərardadı ilə qərara alınıb. Ölkə tarixində ilk dəfə yaradılan bu Komitənin fəaliyyətinin əsas məqsədi Bankın ləğvi prosesinə nəzarətdir. Komitə Bankda təxminən 157 mln. manat məbləğində pulu qalmış 43 272 yerli və xarici fiziki şəxsi və təxmini 600 mln. manat pulu qalmış 1 963 yerli və xarici hüquqi şəxsi təmsil edir. Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2017-ci il tarixli Qərardadı ilə Komitə Bankın ləğv prosesi ilə bağlı məhkəmə prosesinə üçüncü şəxs qismində cəlb edilib. Bununla belə indiyə qədər Komitəyə digər mühüm sənədlərlə yanaşı hətta bütün kreditorların siyahısı təqdim edilmir ki, o, əlaqələndirmə fəaliyyətini daha səmərəli qura bilsin.

Məlum olduğu kimi, “Bank Standard” ölkə tarixində müflis olmuş ən iri şirkətdir. 2016-cı ilin may-sentyabr ayları ərzində Maliyyə Bazarlarına Nəzarət Palatası (“Palata”) Bankın sistem əhəmiyyətli olduğunu vurğulayaraq, onu sağlamlaşdırmağı da vəd etmişdi. Palatanın rəhbəri Rüfət Aslanlı hətta bəyan etmişdi ki,“dövlət bu bankın arxasında durub ki, onun fiziki və hüquqi şəxsləri depozitlərini itirməsin”. Oxşar vədi 26 sentyabr 2016-cı il tarixli referendumda iştirak edərkən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov da vermişdi. Buna baxmayaraq, onun vədindən 4 gün sonra Bank müflis elan olundu və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (“Fond”) təyin edildi.

Onu da deyək ki, Bankın müflis elan olunmasından xeyli əvvəl “Əmanətlərin tam sığortalanması haqqında” qanunun tələbinə zidd olaraq vətəndaşların əmanətlərinin tam sığortalanmasından (faiz dərəcəsinin endirilməsi yolu ilə) imtina edilirdi. Məhz bunun nəticəsində bu Bankda fiziki şəxslərin 157 mln. manat məbləğində sığortalanmamış əmanəti qalıb. Bəzi vətəndaşların sığortalanmış əmanətləri isə hətta qanunsuz olaraq (faiz dərəcəsi birtərəfli qaydada artırılaraq) sığortalanmamış kateqoriyasına keçirilib. Bu məsələlər indiyədək araşdırılmayıb və nəticədə bəzi vətəndaşlar hətta sığortalanmış əmanətini də geri ala bilməyib.

Bankın uğursuz sağlamlaşdırılması dövründə ona AMB tərəfindən 115 mln. manat məbləğində kredit ayrılıb. Həmin vəsaitin əsasən Bankın kreditorlarına xərcləndiyi iddia olunur. Lakin hansı meyarlar əsasında hansı kreditorlara və hansı məbləğdə vəsaitin qaytarılması açıqlanmır. Bu da Bankın müflis olmasından öncə qeyri-şəffaf prosedur çərçivəsində Bankın kreditorları arasında ayrı-seçkilik edilərək onların yalnız bir hissəsinin borclarının qaytarılmasından xəbər verir. Bu məsələ ciddi araşdırılmalıdır.

Digər müflis banklarda olduğu kimi “Bank Standard”ın da ləğvi prosesi ilk gündən çox qeyri-şəffaf və qanun pozuntuları ilə həyata keçirilib. Bizə hətta yalan məlumatlar da verilib. Belə ki, məsələn, 2016-cı ilin oktyabrında Bank müflis elan olunanda Rüfət Aslanlı bildirmişdi ki, Bankda 520 mln. manat əmanət var və onun 460 mln. manatı sığortalıdır. Lakin sonradan Fondun keçmiş rəhbəri Azad Cavadov rəsmi bəyan edib ki, Bankda 600 mln. manat əmanət olub və onun yalnız 443 mln. manatı sığortalıdır. Yəni sığortasız əmanət məbləği əvvəlcə bəyan edildiyi kimi 60 mln. deyil, 157 mln. manatdır! İndiyədək də bu fərqin səbəblərini izah edən yoxdur.

Bundan başqa, Bankın artıq 1 ilə yaxın ləğv edilməsi dövründə Fond qanunsuz və əsassız olaraq bəzi kreditorların tələbini digər kreditorların marağını nəzərə almadan ödəyib və bunu bizə rəsmi şəkildə bildirib. Məsələn, AMB artıq 20 mln. manat məbləğində vəsaitini geri götürə bilib. “Azərbaycan İpoteka Fondu” ASC isə 41 mln. manat məbləğində ipoteka krediti portfelini qanunsuz olaraq digər banka ötürülməsinə nail olub və bununla da həmin aktivləri Bankdan çıxarıb. Hansısa bizə hələlik məlum olmayan şəxslərin də öhdəlikləri ilə tələbləri əvəzləşdirilib və bizə bu barədə konkret açıqlama verilmir. Hətta Fond özü də “Banklar haqqında” Qanunun 82.1.3-cü maddəsində nəzərdə tutulan növbəlilik qaydasına zidd olaraq artıq öz xərclərini Bankın əmlakı hesabından tutmağa başlayıb. Fondun keçmiş rəhbərliyi tərəfindən hazırlanmış və yeni rəhbərliyinin hərəkətsizliyi nəticəsində məhkəmə tərəfindən təsdiq edilmiş Bankın Ləğv planı da formaca və məzmunca qanunsuz və səviyyəsiz sənəddir.

Bütün bunlar ləğv prosesi ətrafındakı şübhələri artırıb. Belə ki, düşünməyə əsas var ki, Fondun keçmiş rəhbərliyi tərəfindən ləğv prosesinin gizli aparılması korrupsion maraqlarla bağlıdır: Bankın əmlakı real qiymətindən xeyli ucuz satılacaq, Bankın debitorlarına isə pərdəarxası əhəmiyyətli güzəştlər ediləcək. Hətta deyilənə görə banka məxsus daşınmaz əmlaklar artıq faktiki satılıb, iri debitorlarla isə borcların xeyli hissəsinin silinməsi haqda sövdələşiblər. İddia edilir ki, iri debitorlar sırasında dolayısı ilə yüksək vəzifəli dövlət məmurları və onların yaxınları var. Məsələn, hətta dövlət fondlarının birinin rəhbərinin qardaşının (faiz və cərimələrlə birgə borcu artıq 100 mln. manatı ötüb) adı çəkilir.

Eyni zamanda bəzi iri kreditorların da vəsaitinin tam və ya qismən ləğv prosesindən kənar (növbədənkənar) qaydada qaytarılacağı gözlənilir. O cümlədən bu və ya digər şəkildə dövlətə bağlı olan kreditorlara dair. Hətta Bankın Ləğv planında da bu barədə açıq yazılıb. Məsələn, Sahibkarlığa Kömək Milli Fondunun 20,3 mln. manat məbləğində tələbinin bizdən əvvəl ödəniləcəyi vurğulanır, çünki həmin vəsaitlər dolayısı ilə dövlət büdcəsinə aiddir. Lakin bu, qanuna ziddir: bütün kreditorların statusu bərabərdir. Digər tərəfdən isə, əsasən elə dövlət qurumlarının ən azı fəaliyyətsizliyi nəticəsində müflisləşmiş Bankdan ilk növbədə dövlət vəsaitinin götürülməsi ədalətsizlikdir.

Bütün bu halların, şübhələrin və şayiələrin qarşısı yalnız bir yolla alına bilər: şəffaflıq və ictimai nəzarət. Başda Vüqar Abdullayev olmaqla Fondun yeni rəhbərliyi bunu bizə vəd edib və ümid edirik ki, bundan sonra proses ilk növbədə kreditorların maraqları naminə həyata keçiriləcək. O cümlədən ümid edirik ki, bizə kreditorlar siyahısı ilə yanaşı debitorlar siyahısı da tezliklə tam təqdim olunacaq ki, bankın əmlakının satılması ilə yanaşı borcların qaytarılması prosesinə nəzarət edə bilək. Lakin hələlik bizə yalnız vədlər verilir, əməl yoxdur!

Eyni zamanda hesab edirik ki, qaytarılan vəsaitlər bütün kreditorlar arasında tələblərinə mütənasib şəkildə bölüşdürülməlidir. Lakin “Banklar haqqında” Qanunun 82-ci maddəsinə əsasən ilk növbədə Fondun tələbləri ödənilməlidir. Biz bu müddəanı Konstitusiyamızın 29-cu maddəsində təsbit edilmiş mülkiyyət növlərinin bərabərliyi prinsipinə zidd və ədalətsiz hesab edirik. Buradan belə çıxır ki, Azərbaycandakı əmanətlərin sığortalanması sistemi sadəcə kreditorların hesabına işləyir. Bu isə öz növbəsində bank sisteminə etimadı azaldır. Buna görə də qanunvericiliyin bu istiqamətdə dəyişdirilməsini Sizdən xahiş edirik. Hesab edirik ki, kreditorlar sırasında güzəştli növbə məhdud məbləğ çərçivəsində yalnız müəyyən sosial kateqoriyalara aid olan fiziki şəxslərə şamil oluna bilər. Çünki kreditorlar sırasında xeyli aztəminatlı insan var ki, yeganə əmlakı elə məhz “Bank Standard”dakı əmanətidir.

Bununla belə, biz hesab edirik ki, ləğv prosesinin şəffaf və ədalətli həyata keçirilməsi və əldə edilən vəsaitin mütənasib bölüşdürülməsi ilə yanaşı “Bank Standard”ın bu vəziyyətə gəlib çatması da ciddi araşdırılmalı, təqsirkarlar o cümlədən mülki məsuliyyətə (kreditorlara dəyən zərərin əvəzinin ödənilməsi formasında) cəlb olunmalıdır.

Belə ki, Fondun keçmiş rəhbərliyinin verdiyi məlumata əsasən Bankın 1,2 mlrd. manat borcu olduğu halda 195 mln. manat aktivi var: 40 mln. manat məbləğində daşınar və daşınmaz əmlak və 155 mln. manat məbləğində sağlam kreditləri (verilmiş kreditlərin 60 faizi tam təminatsızdır). Bütün bunlar onun göstəricisidir ki, Bank qeyri-qənaətbəxş idarə olunub. Fond tərəfindən hazırlanmış Ləğv planından isə açıq-aşkar görünür ki, Bankın rəhbərliyi uzun illər ərzində onu talayıb. Müqəssirlərin məsuliyyətə cəlb olunması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi artıq də müəyyən işlər görməyə başlayıb.

Lakin biz hesab edirik ki, “Bank Standard”ın acınacaqlı durumunda onun keçmiş rəhbərliyi və əməkdaşları ilə yanaşı bank nəzarətini həyata keçirmiş AMB-nin və Palatanın da təqsiri var. Xüsusən də AMB-nin Bankda baş verən qanun pozuntuları və özbaşınalığı AMB Bank müəyyən etməli idi. 2013-cü ildən sonra qanuna zidd olaraq Bankın hətta kənar audit belə aparılmayıb. Ona görə ki, kənar auditor olan “KPMG” şirkəti (əslində, kənar auditor fəaliyyətini qanunsuz olaraq KPMG-nin nümayəndəliyi həyata keçirib) Bankın durumu haqda mənfi rəydə olub və Bankın rəhbərliyini bu qane etməyib, yoxlama tamamlanmayıb. Auditorlar Palatasının bildirdiyinə görə bu barədə kənar auditor AMB-ni də 3 dəfə məlumatlandırıb, lakin sonuncu yenə də tədbir görməyib. Təbii, kənar auditorun belə görə bildiyi acınacaqlı durumu AMB daha yaxşı görməli idi. Deməli, sadəcə görmək istəməyib. Buna görə də AMB-nin “Bank Standard” üzərində nəzarəti necə həyata keçirməsi araşdırılmalıdır. Bununla bağlı biz Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də müraciət etmişik.

Konstitusiyamızın 68-ci maddəsinin III hissəsində deyilir: “Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır”. “Banklar haqqında” qanunun 92-ci maddəsinə əsasən isə AMB, Palata, onların vəzifəli şəxsləri, müvəqqəti inzibatçılar və ləğvedicilər tənzimləmə, nəzarət və ləğvetmə funksiyalarını həyata keçirərkən hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmış zərər üçün məsuliyyət daşıyır, bu şərtlə ki, həmin hərəkətin və ya hərəkətsizliyin qanunsuz əməllərin və ya vicdansız hərəkətlərin nəticəsi olduğu sübut edilsin. Sadalanan şəxslərin təqsirini sübut etmə imkanına malik olmaq üçün isə Komitəyə müvafiq sənədlər lazımdır. Biz artıq üç dəfə AMB-yə və Palataya müraciət edərək son 10 il ərzində bu Bankın yoxlanılması üzrə sənədlərin surətinin bizə təqdim edilməsini xahiş etmişik və hər dəfə də bizə əsassız bəhanələrlə bu sənədlərin verilməsindən imtina edilib və ya heç cavab verilməyib.

Maraqlısı həm də odur ki, Bankın AMB-yə də 154 mln. manatdan çox borcu var. Lakin həmin borcun bir hissəsi bizim tələblərimizdən fərqli olaraq daşınmaz əmlakın ipotekası ilə təmin olunub. Fondun məlumatına əsasən AMB “Bank Standard”a məqsədyönlü layihələrin kreditləşdirilməsi üçün vəsait ayırıb, buna görə də borcalanların girov predmeti ilk növbədə AMB-nin, sonra isə Bankın xeyrinə yüklü edilib. Faktiki olaraq söhbət AMB tərəfindən həyata keçirilmiş çox şübhəli sxemlərdən xəbər verir: “Bank Standard” vasitəsilə kimlərəsə kreditlər verib və onların da yükünü digər kreditorların üzərinə yıxıb. Bu məsələ araşdırılmalıdır. O cümlədən ona görə ki, AMB bu şübhəli əməliyyatları vəziyyəti ağır olan Bank vasitəsilə həyata keçirib.

Açıq-aşkardır ki, “Bank Standard” və bizim oradakı vəsaitimiz ilk növbədə korrupsiyanın qurbanı olub. Yüz milyonlarla təminatsız kreditlər elə belə adamlara verilə bilməzdi. Verilsəydi də AMB buna göz yummazdı. Biz bu işlərin üstünün açılmasını və bizə dəyən zərərin əvəzinin ödənilməsini istəyirik.

Bunun üçün həmçinin qanunvericiliyə də müvafiq dəyişikliklərin edilməsini Sizdən xahiş edirik. İlk növbədə müflis bankın əmlakının ədalətli və mütənasib bölüşdürülməsi, kreditorların ümumi yığıncağının və komitəsinin statusu və səlahiyyətlərinin dəqiq təsbiti istiqamətində.

Bütövlükdə Sizdən “Bank Standard”ın ləğvi prosesini xüsusi nəzarətə götürməyinizi xahiş edirik. Biz əminik ki, ləğv prosesinin düzgün aparıldığı, o cümlədən əmlakı şəffaf satıldığı, verilən kreditləri isə dürüst qaytarıldığı təqdirdə kreditorların tələblərinin mütləq əksəriyyəti ödəniləcək. Çünki, qeyd etdiyimiz kimi, götürülən təminatsız kreditlərin belə arxasında kifayət qədər vəzifəli və imkanlı şəxslər dayanıb. Onları sadəcə üzə çıxarmaq lazımdır. Buna görə də kreditlərin qaytarılması prosesinə tam nəzarət edə bilməyimiz üçün bizə şəraitin yaradılmasını Sizdən xahiş edirik. Çünki həmin kreditlər bizim hesabımıza verilib.

Eyni zamanda illər boyu bank nəzarətinin necə aparıldığına qiymət vermək üçün də müvafiq yoxlama sənədlərinin surətinin bizə verilməsi haqda göstəriş verməyinizi Sizdən xahiş edirik. Sizi əmin edirik ki, bu sahədə korrupsion mexanizmləri üzə çıxarıb Sizə məlumat verəcək, öz növbəmizdə də bizə vurulan zərərin əvəzini həmin korrupsioner şəxslərdən tələb edəcəyik.

Bütün bunların nəticəsində nəinki bizim tələblərimiz ödəniləcək, həmçinin ölkəmizdə investorların və kreditorların hüquqlarının necə qorunduğunu bütün dünya görəcək, bank sistemimizə etimad xeyli artacaq”.

Müraciəti kreditorların adından Ə.Həsənov, eləcə də Kreditorlar Komitəsinin katibi Raziyə İsayeva imzalayıb.

Xatırladaq ki, “Bank Standard”ın İdarə Heyətinin keçmiş sədri Səlim Kriman hazırda beynəlxalq axtarışdadır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297