BANK

Kredit Zəmanət Fondu nələr vəd edir? -EKSPERT RƏYİ
15 SENTYABR
478

Kredit Zəmanət Fondu nələr vəd edir? -EKSPERT RƏYİ

2017-09-15 14:59:00

Kredit Zəmanəti Fondunun yaradılması vacib addımdır və kredit bazarının son iki ildə müşahidə edilən kiçilməsi prosesini səngidə bilər. Fondun yaradılması Azərbaycanda son illər özünü daha qabarıq göstərən problemi – sahibkarların kredit resurslarına çıxışı məhdudiyyətini qismən aradan qaldıra bilər.

Fins.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev Prezident İlham Əliyevin Kredit Zəmanət Fondu ASC-nin yaradılması haqda fərmanını şərh edərkən qeyd edib. Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində kreditlərə zəmanət verən institutlar fəaliyyət göstərir və bu qurumlar kredit risklərinin bir hissəsini üzərlərinə götürməklə sahibkarların maliyyə resurslarına çıxışına dəstək verirlər.

Fondun üstünlükləri çoxdur: bu mexanizm kommersiya kreditləri üzrə ödəmə qabiliyyətinin itirilməsi və ya vaxtında ödəməmə ilə bağlı yaranan riski aradan qaldırır. Kreditlərinə zəmanət verdiyi şirkətin kreditödəmə qabiliyyətini və borca xidmət vəziyyətini mütəmadi monitorinq edir, onlara borcların idarə edilməsi, bazar perspektivlərinin dəqiq müəyyən edilməsi sahəsində məsləhətlər verir.

İri sahibkarlıq subyektlərindən fərqli olaraq kiçik və orta sahibkarların girov qoymaq imkanları məhduddur, kreditləri qaytarmamaq riskləri yüksəkdir, müflisləşmək təhlükəsi yüksəkdir, maliyyə hesabatlılığı lazımi səviyyədə deyil, likvid girovları yoxdur. Elə bu risklərə görə banklar kiçik və orta sahibkarlara kredit verməkdə maraqlı deyillər. Nəticədə bazar istisadiyyatının əsas sütunu olan kiçik və orta sahibkarlar resurssuz qalırlar.

Azərbaycanda yaradılacaq Fondun səlahiyyətləri barədə ümumi təsəvvür olsa da Əsasnamə təsdiq olunduqdan sonra real qiymət vermək mümkün olacaq. Yeni yaradılacaq Fondun qarşısında çoxlu vəzifələr durur və bir neçə məsələyə xüsusi diqqət yetirilməsi yaxşı olardı:

- Fond fəaliyyətində əsas fokusu iri yox, kiçik və orta sahibkarlara yönəltməlidir

- Maliyyələşmədə iqtisadiyyatın prioritet sahələri nəzərə alınmalıdır və onlara üstünlük verilməlidir

- Fond, müvəkkil banklar və borcalanlar arasında risklərin bölünməsi mexanizmləri dəqiq işlənməlidir və sahibkarın üzərinə risklər az qoyulmalıdır

- Fond tərəfindən veriləcək təminatın kreditin dəyərinə münasibətdə nisbəti 50%-də az, 80%-dən çox olmamalıdır

- Zəmanət yerli istehsalın dəstəklənməsinə yönəldilməlidir

Belə bir maliyyə institutu yaradılması müsbət haldır. Onun reallıqda işlək mexanizm olması isə daha vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293