BANK

"Moody`s": ABB-nin bərpası vaxt aparacaq
08 SENTYABR
447

"Moody`s": ABB-nin bərpası vaxt aparacaq

2017-09-08 18:34:00

Azərbaycan hökuməti və Mərkəzi Bank (AMB) bank sektoruna dəstək verməkdə davam edir. Fins.az APA-ya istinadən xəbər verir ki, bu barədə"Moody`s" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda bildirilir. 

Agentliyin hesablamalarına əsasən, ötən il bank sektoruna verilən dəstəyin həcmi ÜDM-in təxminən 30%-nə bərabər olub. Bura əsasən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) xarici öhdəliklərinin restrukturizasiyası daxildir.

"Moody`s" hesab edir ki, restrukturizasiya prosesinə baxmayaraq, ABB-nin aktivlərinin keyfiyyətinin və gəlirliliyinin bərpası kifayət qədər vaxt alacaq.

"Ümumilikdə, yaxın perspektivdə bank sektorunun vəziyyəti zəif olaraq qalacaq", - deyə məlumatda vurğulanıb.

Bundan öncə ABB bəyan edib ki, xarici öhdəliklərinin könüllü restrukturizasiyası planına uyğun olaraq 1 sentyabr 2017-ci il tarixində bankın kreditorlarına yeni maliyyə alətləri təqdim edilib və bununla da müəyyən öhdəliklərin dövlətə ötürülməsi uğurla başa çatıb.

18 iyul 2017-ci il tarixində ABB-nin kreditorlarının yığıncağı keçirilib. Səsvermənin nəticələrinə əsasən, bankın restrukturizasiya olunan öhdəliklərinin 93,9%-ə malik kreditorlar planın lehinə səs verib. "Banklar haqqında" qanuna uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının rəyindən sonra Bakı şəhər, Nəsimi Rayon Məhkəməsi 17 avqust 2017-ci il tarixində planın təsdiqlənməsinə dair qərar çıxarıb.

ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov prosesin nəticəsini belə şərh edib: "Restrukturizasiya prosesi gözlədiyimiz kimi uğurla başa çatıb. Bu prosesin həyata keçirilməsi bankın uzunmüddətli dayanıqlığının təmin olunması baxımından həlledici addım idi. Hazırda bankın problemli aktivlərinin müəyyən hissəsinin "Aqrarkredit" bank olmayan kredit təşkilatına ötürülməsi istiqamətində yekun tədbirlər həyata keçirilir. Hər iki addım bankın kapitallaşmasını, mənfəətliyini və maliyyə bazarında dayanıqlığını təmin edəcək. Bütün bunlar bankın özəlləşməyə açıq elan edilməsi ilə bağlı müvafiq tədbirlərin  həyata keçirilməsinə də imkan verəcək.  Azərbaycan Beynəlxalq Bankının xarici kreditorlar qarşısındakı öhdəliklərinin 11 may 2017-ci il tarixindən elan edilmiş könüllü restrukturizasiyası prosesi Nəsimi rayon məhkəməsinin prosesə xitam verilməsinə dair qərarı ilə tam yekunlaşmış olacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0296
  • ₽ RUB
    0.0295