BANK

Bitkoini bu qədər dəyərli edən nədir?
28 AVQUST
493

Bitkoini bu qədər dəyərli edən nədir?

2017-08-28 12:51:00

Bitkoin son ayların əsas mövzularından biridir. 2009-cu ilin yanvarından etibarən dövriyyəyə buraxılmağa başlayan Bitkoinin 2010-cu ilin iyul ayında dəyəri cəmi 8 sent idi. Bu gün isə bazar dəyəri 4000 dolların üstündədir. Əslində "Bitkoin"i bu qədər dəyərli edən və bu qədər yüksək volatilliyin (qiymət dəyişikliyi anormal dərəcədə yüksək olur) səbəbi nədir? Bitkoin niyə bu qədər məşhurlaşdı?

Öncə onu qeyd edim ki, çox böyük ehtimallarla gələcəkdə yəqin ki, valyutalar da rəqəmsal olacaqdır. 1999-cu ildə çap etdirdiyi "Düşüncə sürətində Biznes" kitabındakı gələcəklə bağlı öncə görmələri ilə də məşhur olan Bill Gates gələcəyin valyutalarının rəqəmsal valyutalar olacağını öz fikirlərində vurğulamışdı. Lakin bu fikir valyutaların daha çox rəqəmsal , ödənişlərin isə nağdsız olacağı anlamında daha doğrudur. Bitkoina gəlincə iqtisadçılar gözəl bilirlər ki, Bitkoin valyuta (pul) üçün tələb olunan əsas bir neçə xüsusiyyəti özündə əks etdirmir. 
Bitkoinin hazırda əsas mahiyyəti nədir? Bu suala cavab vermək üçün kiçik bir təhlil aparaq. Bitkoin nə zaman dövriyyəyə buraxıldı? 2009-cu ildə.

2001-ci ildən başlayaraq, lakin daha kəskin olaraq 2007-2008-ci illərin maliyyə böhranından sonra ABŞ-ın anonim hesablara, “off-shore” hesablara, çirkli pulların yuyulmasına qarşı tədbirləri gücləndirməsi, İsveçrə bank hesablarında anonimliyin aradan qaldırılmasından sonra. Məlumat üçün qeyd edim ki, 2012-ci ildə dünya dövlətlərinin hamısının bir-birlərinə borcları təhlil olunarkən aydın olub ki, 9 trilyon ABŞ dollarından çox kəsir yaranır. Sanki, dünya dövlətləri 9 trilyon dolları Mars planetindən borc alıblar. Daha sadə dillə desək, ən azı 9 trilyon dollar buxarlanıb. Bu isə həmin dövrdə bütün dünya dövlətlərinin ÜDM-sinin təqribən 10%-nə yaxın vəsait deməkdir. Bu pullar haradadır? “Off-shore” və anonim hesablarda. Bu vəsait isə ümumdünya böhranını yaratmağa kifayət edə biləcək bir məbləğdir. Bu hesablara qarşı mübarizə başladı. Artıq həmin hesablar üzrə əməliyyatlar ildən-ilə daha sıx nəzarət altına düşməkdədir. Məhz bu dövrlərdə Bitkoin meydana çıxır və əsas özəlliyi də onun anonimliyidir. Artıq qeyr-leqal transaksiyalarda (silah, narkotika və sair) Bitkoindan istifadə haqqında məlumatlar xəbərlərə çıxmaqdadır. Bu yaxınlarda ABŞ-da uşaq oğurlayanlar fidyə qismində Bitkoin tələb etmişdilər. Bəs hazırda Bitkoin niyə narahatlıq doğurmur? Çünki, dövriyyəsi böyük dövlətlərdən hər hansı birinin iqtisadiyyatı üçün təhlükə kəsb etmir. Dövriyyədə 16,6 milyon Bitkoin vardır və bugünki bazar dəyəri 70 milyard dollar ətrafındadır (volatillik yüksək olduğu üçün bu rəqəm tez-tez dəyişir). Amma, Bitkoinin müəyyən səviyyədən sonra təhlükəliliyi hiss olunacaq. Bunun üçün isə dövlətlər ya Bitkoini qadağan edəcək, ya da ona rəqib olan kriptovalyutalar buraxacaqlar (hadisələr və xəbərlər bəzi iri dövlətlərin bu yolu tutduğunu göstərir). 
Bazar volatilliyinin səbəbinə gəlincə, Bitkoinin bir gündə bəzən bir neçə yüz dollar dəyər qazanmasının səbəbi təbii ki, həmin anda tələbin kəskin artmasıdır. Tələbin kəskin artması isə hansısa əməliyyat üçün anonim Bitkoina ehtiyacın olması və ya artması deməkdir. 
Hər halda o qədər də yüksək dövriyyəsi olmadığı üçün sadəcə yüksək volatilliyi və gündəlik anormal qiymət artımı hesabına məşhurlaşan Bitkoinin gələcəyinin necə olacağı aydındır. (əgər, Bitkoin özü bu istiqamətdə lazımi tədbirləri görməsə). 

P.S. Bir daha yuxarıdakı fikrimi təkrarlamaq istərdim. Gələcəkdə təbii ki, daha çox nağdsız hesablaşmalar, elektron pullar və elektron ödənişlər dominant olacaq. Lakin Bitkoin özəlliklərinə malik olan valyutalar olarsa, bu sadəcə maliyyə böhranları, qeyri-leqal əməliyyatlar və şəffaflığın minimuma enməsi ilə nəticələnər ki, buna da müəyyən səviyyədən (dövriyyə həcmi nəzərdə tutulur) sonra imkan verilməz.

Elman Sadiqov,

iqtisadçı-ekspert

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0296
  • ₽ RUB
    0.0295