BANK

Elman Rüstəmov monetar islahatlardan danışdı
13 İYUL
573

Elman Rüstəmov monetar islahatlardan danışdı

2017-07-13 17:36:00

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov İsveçrə Milli Bankının sədri Tomas Yordanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir.

Görüşdə çoxillik qarşılıqlı sıx əməkdaşlıq tarixinə nəzər salan E.Rüstəmov makroiqtisadi siyasət məsələləri, eləcə də institusional islahatlar sahəsində İsveçrə Milli Bankının Azərbaycan Mərkəzi Bankı üçün başlıca tərəfdaşlardan olduğunu xüsusi vurğuladı. Azərbaycan Mərkəzi Bankına göstərilən genişmiqyaslı texniki yardım proqramlarına görə İsveçrə Milli Bankına minnətdarlığını bildirən E.Rüstəmov bu əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini bildirdi. Daha sonra E.Rüstəmov ölkədə aparılan iqtisadi islahatlar, bu proseslərdə Mərkəzi Bankın yaxından iştirakı, son illər aparılan pul və məzənnə siyasəti, əldə edilən nəticələr, yeni çağırışlara uyğun nəzərdə tutulan monetar islahatlar, eləcə də Bankın tədqiqat potensialı barədə məlumat verdi.

Azərbaycanda səfərdə olan cənab Yordan ölkəmizin yüksək sosial-iqtisadi uğurlarını xüsusi qeyd etməklə səfərdən aldıqları gözəl təəssüratdan danışdı. O, öz növbəsində, Azərbaycan Mərkəzi Bankı ilə uğurlu əməkdaşlığı qeyd etdi və İsveçrə Milli Bankı tərəfindən Azərbaycan Mərkəzi Bankına göstərilmiş texniki yardımların müsbət nəticələnməsindən məmnunluğunu ifadə etdi. Görüş zamanı həmçinin, iki təşkilat arasında müxtəlif əməkdaşlıq istiqamətləri barədə geniş müzakirələr aparıldı.

İsveçrə Milli Bankının sədri Azərbaycan Mərkəzi Bankında həmçinin bir sıra işgüzar görüşlər və təqdimat keçirmişdir. Mərkəzi Bankın əməkdaşları üçün “Hazırki kontekstdə İsveçrə Milli Bankının pul siyasəti” mövzusunda təqdimatla çıxış edərək pul siyasətinin yeni alətləri, müasir şəraitdə qlobal və regional səviyyələrdə siyasi və iqtisadi dəyişikliklər fonunda pul siyasətinin dizaynı barədə nəzəri və praktiki biliklərini paylaşmışdır.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+37°C
  • $ USD
    1.7017
  • € EUR
    1.9590
  • ₽ RUB
    0.0288