BANK

Bankların ictimaiyyətə açıqlığının səbəbi bəlli oldu – EKSPERT
23 NOYABR
585

Bankların ictimaiyyətə açıqlığının səbəbi bəlli oldu – EKSPERT

2016-11-23 17:06:00

Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Banklarda korporativ idarəetmə standartları”nın tələblərinə müvafiq məlumatların açıqlanması ilə bağlı banklara xəbərdarlıq məktubu göndərib. Hətta bu tələblərə əməl etməyən 10-dan çox banka qarşı maliyyə sanksiyası tətbiq edib.

Fins.az-ın məlumatına görə iqtisadçı-ekspert Samir Əliyev  Palatanın belə sərt addımını müsbət qiymətləndirib. Bildirib ki, qadağaların yalnız məlumatlar ictimaiyyətə açıqlandıqdan və bununla bağlı Palataya rəsmi məlumat verildikdən sonra aradan qaldırılması mümkündür.

“Banklar haqqında” qanunun 48-ci maddəsinə istunad olunan sanksiyalar əsasən bankınıza yeni filial və şöbələrin açılmasının dayandırılmasını, yeni müştəri hesablarının açılmasının və yeni əmanətlərin cəlb edilməsinin qadağan edilməsini nəzərdə tutur. Məktuba görə, qadağaların yalnız məlumatlar ictimaiyyətə açıqlandıqdan və bununla bağlı Palataya rəsmi məlumat verildikdən sonra aradan qaldırılması mümkündür".

İqtisadçı   deyib ki, iqtisadi böhran yaranandan sonra banklar hesabatlılıq öhdəliklərinə əməl etməkdən yayınırlar. "Bu isə həmin bankların maliyyə vəziyyəti barədə əhalidə, o cümədən ekspertlərdə şübhələr yaradırdı. Devalvasiya nəticəsində 13 bankın bağlanması bu şübhələrin əsassız olmadığını bir daha sübut etdi. Bankların hesabatları ictimaiyyətə açıqlaması əhali üçün maraq kəsb etməsə də ekspertlər üçün bank sektorunun mənzərəsini müəyyən etməyə imkan verəcək".

Lakin bu məqamda bir sıra suallara cavab tapılması vacibdir. S.Əiyev  qeyd edib ki, şəffaflıq və hesabatlılıq təkcə banklar və bank olmayan kredit təşkilatları üçün deyil,  həm də monetar siyasətə məsul qurumlar üçün olmalıdır. 

"Mərkəzi Bank 2014-cü ildən bəri statistik hesabatlarının həm dövriliyini, həm də məzmununu məhdudlaşdırır, vacib məlumatlar hesabatdan çıxarılır".

Hesabatlara gəlincə, ekspert bildirib ki, onların ilkin analizi maraqlı nüanslar ortaya çıxarıb. 

"Hesabatlardan məlum olur ki, böhran bank sektorunu vurmayıb və hətta banklarımız mənfəət qazana biliblər. Bank qanunvericiliyinin tələblərinə əməl edən, risk menecmentini düzgün quran və nəhayət ictimaiyyətdə “güclü bank” imici olan bankların zərərinin yüksək olması fonunda reputasiyası zədəli olan, adı bağlanmaq ehtimalı yüksək olan banklar arasında hallanan bankların maliyyə nəticələri yaxşı olub və hətta mənfəət də qazana biliblər. Bu, necə ola bilər?"

Qeyd edək ki, "AccessBank", "Yapı Kredi Bank" (Azərbaycan), "Xalq bank", "Bank of Baku", "Bank Respublika", "Unibank" kimi banklar zərər etdiklərini açıqlayıblar. 

"Əgər belədirsə, digər banklar necə mənfəət əldə edə bilər? Əlbəttə söhbət mənfəət qazanan bütün banklardan getmir. Ümumiyyətlə, bu hesabatlar nə dərəcədə reallığı əks etdirir? Bu gün mənfəət qazanmış bank sabah bağlansa bu, nə dərəcədə məntiqli olacaq? Suallar çoxdur?. Bunların cavablarını həmin banklar və Palata verə bilər". 

S.Əliyevin fikrincə, xüsusilə 2 sualın cavabı bizə vəziyyəti real qiymətləndirməyə imkan verər:

"- Banklar verdikləri kreditlərin qaytarılmama səviyyəsini necə qiymətləndirirlər?
- Problemli kreditlər üzrə ehtiyatları hansı səviyyədə yaradırlar?

Bu iki sualın cavabı banklarımızın vəziyyətini düzgün qiymətləndirməyə, hesabatların dəqiqliyini müəyyənləşdirməyə imkan verəcək. Palatanın bu məsələlərə diqqət yetirməsi yaxşı olard"ı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272