BANK

«Mərkəzi Bank bağlansa da, «Paşa Bank» işləyəcək – SORĞU
23 NOYABR
5691

«Mərkəzi Bank bağlansa da, «Paşa Bank» işləyəcək – SORĞU

2016-11-23 10:57:00

Son vaxtlar Azərbaycanın bank sektorunda baş verən proseslər, xüsusilə də, indiyədək etbarlığı heç bir şübhə doğurmayan bəzi bankların fəaliyyətini dayandırması əhalinin banklara inamını azaldıb.

Nəticədə artıq bank müştəriləri arasında yenə də bəzi bankların bağlanacağı barədə fikirlər formalaşıb.

Fins.az-ın Facebook səhifəsində bununla bağlı keçirilən sorğuda maraqlı rəylər qeydə alınıb.

Bəzi istifadəçilər bildirir ki, yalnız himayə olunan banklar fəaliyyətini davam etdirəcəklər. İstifadəçilərdən biri isə yalnız Mərkəzi Bankın bağlanmayacağını güman edir.

Beləliklə, sorğunun nəticələrinə əsasən demək olar ki, istifadəçilər 3 növ banklara etibar edirlər. Bunlar 1) dövlət bankları, 2) xarici kapitalı banklar, 3) «Paşa Holdinq»ə daxil olan banklar 

Başlayaq «Paşa Holdinq»ə daxil olan banklardan.

Bunlar arasında isə ən çox etibar olunan bank «Kapitalbank»dır. Ən çox istifadəçi (18 nəfər) bildirib ki, «Kapitalbank» bağlanmayacaq.

«Əgər «Kapitalbank» da bağlansa, deməli işlər ciddidir və ölkə batmaq üzrədir»-deyə istifadəçilərdən biri fikirlərini obrazlı şəkildə açıqlayır.

Yeri gəlmişkən, «Kapitalbank»ın bu gün açıqlanan hesabatı da bankın vəziyyətinin hələlik yaxşı olduğunu göstərir.

Eləcə də bax:  Kapital Bank mənfəət içində "üzür" – HESABAT

14 istifadəçi isə «Paşa Bank»ın bağlanmayacağından əmindir. Hətta izləyicilərdən biri yazır ki, «Mərkəzi Bank da bağlansa, «Paşa bank» işləyəcək».

Son vaxtlar Beynəlxalq Bankın qarşılaşdığı problemlərə, hətta haqqında qalmaqallı məhkəmə prosesinə baxmayaraq istifadəçilər əmindirlər ki, bankın fəaliyyətində problem olmayacaq. Belə ki, 8 istifadəçi Beynəlxalq Bankın bağlanmayacağını qeyd edir. Müsbət rəylər öz yerində, amma qeyd edək ki, ötən gün Fitch reytinq agentliyi Beynəlxalq Bankın reytinqini azaldıb.

Eləcə də bax: Beynəlxalq Bankın reytinqi aşağı endirildi

Dövlət bankı olması «Azərtürkbank»a da inamı artırıb. Sorğuda iştirak edənlərdən 6 istifadəçi bildirib ki, «Azərtürkbank» bağlanmayacaq.

 

Sorğu göstərir ki, istifadəçilər dövlət bankları ilə yanaşı, səhmdarları xarici olan banklara da inanırlar. 8 istifadəçi bildirib ki, «Accessbank» bağlanmayacaq. «Accessbank bağlanmayacaq, yəqin ki,  100% xarici kapitallı olduğuna görə» - deyə bir istifadəçi fikrinin səbəbini izah edir.

İstifadəçilər Türkiyənin «Yapı Kredi Bankı»nın da fəaliyyətini dayandırmayacağına ümid edirlər – 3 istifadəçi belə düşünür. Əsas səbəb isə əsas səhmdarın xarici olmasıdır.

7 istifadəçi isə bildirib ki, «Xalq Bank»ın bağlanmayacağına inanır. Hərçənd, bu bankın adı bağlanmağa namizədlər arasında da çəkilir – istifadəçilərdən 1-i belə düşünür.

«Bank Respubilika» ilə bağlı rəylər də hələlik müsbətdir. Belə ki, istifadəçilərdən 3-ü bu bankın adını bağlanmayacaqlar arasında çəkib.

«Expressbank» da özünü rahat hiss edə bilər – 3 izləyici inanır ki, onu heç bir təhlükə gözləmir. Bu bank haqqında «bağlanacaq» deyən yoxdur.

Kapitalının artırılması və menecmentin dəyişdirilməsi «Nikoyl Bank»a da inamı artırıb. İstifadəçilərin 3-ü bildirir ki, «Nikoyl Bank»bağlanmayacaq. Amma ən əsası, onun bağlanacağını düşünənlər artıq yoxdur. 

Cəmi 2 istifadəçi bildirib ki, «Atabank» bağlanmayacaq.

Oxucular «Bank Silkway» və «VTB Azərbaycan» banklarının da bağlanmayacağını düşünürlər.

İstifadəçilər «NBC Bank», «Rabitəbank» və «Bank BtB»nin də bağlanmayacağına əmindirlər. Bu banklardan hər biri 1 istifadəçinin «səs»ini alıb.

Bəzi banklarla bağlı fikirlər isə birmənalı deyil. Məsələn, istifadəçilərdən 3-ü «Unibank»ın bağlanmayacağını bildirsə də, 2 istifadəçi onun adını bağlanacaq bankların siyahısında çəkir.

Eləcə də 3 istifadəçi bildirib ki, «CDB Bank» bağlanmayacaq. Hərçənd, bu bankın adı bağlanacağı ehtimal olunan banklar arasında da çəkilir – bir nəfər belə fikirləşir. 

Ən çox müştərisi olan banklardan biri «Bank of Baku» ilə bağlı isə rəylər müsbət deyil. Bu bank barədə fikrini yazan 3 istifadəçidən 2-si onun bağlanacağını düşünür.

İstifadəçilərdən biri isə fürsətdən istifadə edərək «Bank of baku»ya «ürək sözlərini» ünvanlayıb: «Bank of baku» baglanmalidir, cunki orda menim pulumu atiblar».

«Amrahbank» və «AFBank»la bağlı rəylər də birmənalı deyil. Hər bir bank barədə 1 «bağlanacaq» və 1 «bağlanmayacaq» rəyi gəlib.

Ən mənfi rəylər alan banklar isə «Muğanbank», «Dəmirbank» və «AGBank»dır. Bu bankın bağlanmayacağını deyən istifadəçi olmayıb. Əksinə, istifadəçilərdən biri onların bağlanacağını bildirib.

İqtisadçı ekspert Mustafa Abbasbəyli isə banklar üçün əsas problemlərdən biri kimi, əhalinin banklar barədə mənfi fikirdə olmasını göstərir: «Bankların bağlanmaması üçün banklar və ümumilikdə bank sistemi barədə fikirlər pozitiv ruhda olmalıdır. Banklar üçün ən təhlükəli tendensiyalardan biri insanların banklar barədə fikirlərinin neqativ olmasıdır. «Qorxan gözə çöp düşər» prinsipindən hərəkət edərək, bankların bağlanmasından qorxmaq lazım deyil. Əksinə, onlara dəstək vermək lazımdır. Sadəcə olaraq banklarda vəsait yatırılan zaman, peşəkarların məsləhətlərinə baş vurmaq lazımdır ki, əmanətləriniz qorunan olsun. Bu halda dövlət sizin əmanətlərinizin qaytarılmasına zəmanət vermiş olacaq».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275