BANK

Banklar neftdən sonrakı dövrə hazırlaşırlar
22 NOYABR
404

Banklar neftdən sonrakı dövrə hazırlaşırlar

2016-11-22 08:43:00

Maliyyə-bank sisteminin post-neft dövrünə adaptasiyası, maliyyə dayanıqlılığına dair məsələlərin müzakirəsi, bankçılıq sahəsində yeniliklər və innovasiyalara dair qabaqcıl təcrübələrin öyrənilməsi məqsədilə noyabrın 24-25-də Bakıda ilk bankçılıq forumu keçiriləcək.

“Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” mövzusunda keçiriləcək forumda maliyyə sahəsində tənzimləyici və nəzarət orqanlarının yuxarı menecmenti, o cümlədən kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, həmçinin digər qonaqlar iştirak edəcəklər.

Forum dörd paneldən ibarət olacaq. “Post-neft dövrünün çağırışları: yeni iqtisadi strategiya” adlı birinci paneldə bank-maliyyə sektorunda, ümumilikdə iqtisadiyyatda gözlənilən islahatlar, banklara tətbiq edilən yeni qaydalar, nağdsız hesablaşmalardakı yeni çağırışlar və Dövlət Neft Fondunun gələcək dövr üçün gəlir və xərc siyasəti ilə bağlı çıxışlar olacaq.

“Böhran şəraitində bankların idarə edilməsi və fəaliyyətlərinin diversifikasiyası: dünya təcrübəsindən dərslər” adlı paneldə isə xarici ekspertlərin kredit qarantiyası mexanizmi, böhran dövründə xəzinənin idarəsi, bazel standardlarının tənzimləmədə verdiyi əlavə imkanlar və digər mövzularda müzakirələr aparılacaq.

Forumun ikinci günündə keçiriləcək “Bank qanunvericiliyi: problemlər və perspektivlər” adlı panel çərçivəsində bank qanunvericiliyindəki yeniliklər, məhkəmə prosesində rast gəlinən əsas problemlər, məhkəmə qərarlarının icra prosesinin effektivliyinin artırılması və kredit bürolarının gətirəcəyi əlavə imkanlarla bağlı məsələlər müzakirə mövzusu olacaq.

Forumun son paneli isə “Gələcəyin bankları: yeni texnologiyaların gətirdiyi imkanlar və risklər” mövzusuna həsr olacaq. Bu paneldə elektron bankçılığın inkişaf perspektivləri, informasiya texnologiyaları sahəsində təhlükəsizlik, banklarda dəyişən texnologiyalar və kibertəhlükəsizliyin gücləndirilməsi ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272