BANK

Pul köçürməsi mexanizmi necə işləyir, limitlər nə qədərdir? – MÜSAHİBƏ
10 NOYABR
586

Pul köçürməsi mexanizmi necə işləyir, limitlər nə qədərdir? – MÜSAHİBƏ

2016-11-10 17:31:00

Tez-tez istifadə edilən bank xidmətlərindən biri də pul köçürmələridir. Bəs bu sistem necə işləyir? Hazırda pul köçürməyə tətbiq edilən limit nə qədərdir? Fins.az bununla bağlı  BBN.az-ın AccessBank-ın Bankçılıq Xidmətləri Departamentinin Rəhbəri Səbinə Qurbanovadan aldığı müsahibəni təqdim edir.

Müsahibə ilə aşağıdan tanış ola bilərsiniz:

Pul köçürməsi mexanizmi necə işləyir? Bir şəxs xaricə pul köçürən zaman bu vəsait hansı kanallardan keçərək alıcıya çatır?

Siz çox maraqlı mövzuya toxundunuz, çünki pul köçürmələri müştərilər arasında ən çox istifadə edilən xidmətlərdən biridir. Qeyd edim ki, bank müəyyən olunmuş qaydalar və şərtlər çərçivəsində bir şəxsin hesabından xaricə köçürəcəyi məbləğ üzrə əməliyyatı öz müxbir banklarının vasitəsilə həyata keçirir. Bank göndərən tərəfin göstərdiyi rekvizitlər üzrə köçürmə haqqında məlumatı öz müxbir bankına ötürür, müxbir bank isə öz xidmət haqqı müqabilində ödənişi qısa zaman ərzində alan tərəfin bankına çatdırır.

Müxbir bankla əlaqələr quran zaman həmin bankın miqyası, dünya üzrə geniş şəbəkəyə malik olması, stabil maliyyə göstəricilərinin  olması vacib şərtlərdəndir.

Image result for AccessBank-ın Bankçılıq Xidmətləri Departamentinin Rəhbəri Səbinə Qurbanova
Image result for AccessBank-ın Bankçılıq Xidmətləri Departamentinin Rəhbəri Səbinə Qurbanova

Azərbaycanda pul köçürmələri üzrə limitlər necə tənzimlənir? Banklar özləri bu köçürmələrə limit tətbiq edə bilərmi?

Pul köçürmələri üzrə limitlər əsas etibarı ilə “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında” Qaydalarla tənzimlənir. Hal-hazırda istənilən fiziki şəxs (rezident və qeyi-rezident) şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə gün ərzində 1000 ABŞ dolları ekvivalentindən çox olmayan məbləği banklar vasitəsilə hesabla və ya hesab açmadan  xaricə köçürə bilər. Əgər şəxsin göndərmək istədiyi vəsait 1000 ABŞ dollarından artıqdırsa, bu halda müəyyən şərtlər gözlənilməlidir və əlavə təsdiqedici sənədlər əsas götürülməklə vəsait bank hesabından köçürülür.

Bankların özlərinin hər hansı bir limit tətbiq etməsi ilə bağlı deyə bilərəm ki, nəzəri cəhətdən bu mümkündür və bu limit nəzarətedici orqanın qoyduğu limiti aşmamalıdır.

Əgər hər hansı bir şəxs gün ərzində 1000 ABŞ dollarından çox vəsait göndərməlidirsə, bu halda hansı şərtlər gözlənilməlidir?

Əgər rezident fiziki şəxs öz yaxın qohumuna (ata, ana, həyat yoldaşı, baba, nənə, oğul, qız, qardaş, bacı, övladlığa götürülənlər) pul vəsaiti göndərirsə, bu halda qohumluğu təsdiq edən sənədi təqdim etməklə (misal üçün, nigah haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə və s.) köçürə bilər. Məsələn, əgər ata xaricdə yaşayan oğluna vəsait göndərmək istəyirsə, bu halda, özünə məxsus olan şəxsiyyət vəsiqəsini, övladına məxsus olan doğum haqqında şəhadətnaməni təqdim etməklə istənilən məbləğdə köçürmə edə bilər. Bundan əlavə,  əgər əvvəllər vəsait xaricdən köçürmə yolu ilə və ya nağd yolla daxil olubsa, bu halda həmin məbləğ qədər vəsaiti xaricə göndərmək olar. Rezident fiziki şəxslər müəyyən təsdiqedici sənədlər (müqavilə, invoys və ya digər rəsmi sənəd) təqdim etməklə xaricdə öz əmanət hesabına və ya təhsil, müalicə məqsədləri və s. üzrə istənilən məbləğdə köçürmə edə bilər.

Yuxarıda sadaladıqlarım tez-tez rast gəlinən hallardır, amma daha ətraflı məlumat yuxarıda qeyd etdiyim Qaydalarda öz əksini tapmışdır. Əlavə etmək istərdim ki, qanunvericilik üzrə qeyd olunmayan digər əməliyyatlar sağlam xarakter daşıdıqda,  bu cür köçürmələr banklara nəzarətedici orqanın fərdi icazəsi ilə həyata keçirilə bilər.

Ümumilikdə Azərbaycandan MDB ölkələrinə və Avropaya hansı pul köçürmə sistemləri vasitəsilə vəsait  göndərmək mümkündür?

Bildiyiniz kimi, pul köçürməsi əsasən iki yolla həyata keçirilir: təcili pulköçürmə sistemləri vasitəsilə və klassik qaydada hesabdan hesaba köçürmə vasitəsilə. Təcili puköçürmə sistemləri ilə nəzarətedici orqanın qoyduğu qaydalara uyğun olaraq 1 000 ABŞ dollarınadək vəsait köçürülən zaman bu köçürməni hesab açmadan həyata keçirmək olar. Lakin göndəriləcək məbləğ qeyd etdiyim limitdən yuxarı olarsa, mütləq qaydada müştərinin hesabı olmalıdır və göndəriləcək məbləğ həmin hesabın iştirakı ilə təcili pulköçürmə sistemlərinə göndərilməlidir.  Təcili pulköçürmə sistemləri vasitəsilə MDB və Avropa ölkələrinə vəsait göndərmək istəyən şəxs uyğun sənədləri təqdim etməklə Western Union, Contact, Zolotaya Korona, Lider və digər təcili pul köçürmə sistemlərdən istifadə edə bilər.

Hesabdan hesaba nağdsız vəsaitlərin köçürülməsi isə əsasən SWIFT (Society for Worldwide Interbank Financial Telecommunications – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) sistemi vasitəsilə həyata keçirilir. SWIFT dünyanın əksər ölkələrində geniş istifadə olunur və ən təhlükəsiz sistemlərdən biri kimi sayılır.

Qeyd etdiklərimdən əlavə, kartdan-karta pul köçürmələri (Card to Card) və bu kimi daha rahat yollarla onlayn pulköçürmə funksiyalarının inkişaf etdirilməsi getdikcə daha çox aktuallaşır və müəyyən şərtlər və limitlər çərçivəsində bu əməliyyatların həyata keçirilməsi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270