BANK

Problemli banklar aktivlərin satışı hesabına sağlamlaşdırılacaq
04 NOYABR
437

Problemli banklar aktivlərin satışı hesabına sağlamlaşdırılacaq

2016-11-04 13:24:00

"Maliyyə bazarları infrastrukturunun inkişafı ilə əlaqədar bir neçə qanun layihəsi üzərində işə başlanılıb". Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlıbildirib.

"Bunlardan biri "Daşınmaz əmlak girovlarının qeydiyyatı haqqında" qanun layihəsidir. Bu, bütövlükdə maliyyə infrastrukturu, xüsusilə kreditlərə asan, ucuz və sərbəst çıxışı təmin edəcək bir institut yaratmağa xidmət edən qanun layihəsidir. Əlavə olaraq, maliyyə infrastrukturunun inkişaf etdirilməsi ilə əlaqədar bir neçə qanunvericilik təşəbbüsü gündəlikdədir. Kreditlərin təminatı mexanizmlərini özündə əks etdirən qanun layihəsini xüsusi vurğulamaq istəyirəm. Bu layihə üzərində yaxın günlərdə işə başlayacağıq. Bunlar infrastruktur ilə əlaqəli məsələlərdir", - deyə R. Aslanlı bildirib.

Sədr əlavə edib ki, maliyyə bazarlarının tənzimlənməsi çərçivələrinin təkmilləşdirilməsinə xidmət edəcək qanun layihəsi üzərində iş gedir: "Maliyyə bazarlarının tənzimlənməsi və fəaliyyəti haqqında" qanun layihəsi bütövlükdə maliyyə seqmentində - bank, kapital bazarları və sığorta sisteminin təkmilləşdirilməsi və nəzarəti prinsip və qaydalarını müəyyən edəcək. Bu qanun layihəsi bank fəaliyyətinə mütərəqqi nəzarət mexanizmlərinin, xüsusilə də problemli bankların idarə olunması məsələlərini özündə əks etdirən bankların restrukturizasiya edilməsinin hüquqi əsaslarını özündə əks etdirən təşəbbüsdür. Bu qanun layihəsi hökumət daxilində müzakirələrdən keçib. Qanunvericilik təcrübəsinə uyğun olaraq qanunvericilik təşəbbüsü subyekti olan dövlət başçısına təqdim edilib. Yaxın günlərdə Prezident Administrasiyasında qanun layihəsinin müzakirəsinə başlayacağıq".
R. Aslanlı vurğulayıb ki, "Banklar haqqında" qanuna da əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi hazırlanıb. Onun sözlərinə görə, bu dəyişiklik banklara təyin olunan müvəqqəti inzibatçıların apara biləcəyi əməliyyatları dəqiq müəyyənləşdirməyə imkan verəcək: "Bank tənzimlənməsi və nəzarəti təcrübəsində kapital yetərsizliyi, likvidlik yetərsizliyi olan banklara müvəqqəti inzibatçılıq və onların restrukturizasiyası alətləri tətbiq olunur. Bizim qanunvericiliyimizdə müvəqqəti inzibatçılıq institutu var. Amma bu müvəqqəti inzibatçının bankla hansı əməliyyatlar apara bilməsi bu gün qüvvədə olan "Banklar haqqında" qanunda dəqiq şərh edilməyib. Qanuna təklif olunan əlavələr onu nəzərdə tutur ki, əgər hər hansı bank ödəmə qabiliyyətini itirərsə və yaxud kapitalı yetərsiz olarsa, ora tənzimləyicinin təyin etdiyi müvəqqəti inzibatçı həmin bankın sağlam aktivini müəyyən öhdəliklə birlikdə və yaxud ayrı-ayrılıqda yerdə qalan digər banklara hərrac vasitəsilə ötürə, sata bilər.

Gəlmiş vəsait hesabına həmin o bankın sağlamlaşmasına nail ola bilərik. Yaxud "körpü bank" adlanan bir anlayış var. Sağlam olmayan, kapital yetərsizliyi olan bankın öhdəlikləri sağlam aktivləri ilə birlikdə bir "körpü bank"a ötürülür və həmin bank sağlam investorlara satılır. Yəni, mahiyyət etibarı ilə bu ödəmə qabiliyyətində və kapital yetərsizliyi durumunda olan bankların sağlamlaşdırılmasının dünyada tətbiq olunmuş bütün elementləri özündə əks etdirən bir yenilikdir. Bu qanun müvəqqəti inzibatçının hansı xarakterli əməliyyatlar apara biləcəyini dəqiq müəyyən edəcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271