BANK

«Biz dollardan imtina edirik» - MÜSAHİBƏ
02 NOYABR
1601

«Biz dollardan imtina edirik» - MÜSAHİBƏ

2016-11-02 12:34:00

“Bank VTB Azərbaycan” kredit siyasətində dollardan imtina etməyi hədəfləyib. Bank müştərilərinə bunun əvəzində daha münasib şərtlərlə manat və rubl kreditləri təklif edəcək. “Bank VTB Azərbaycan”ın Müşahidə Şurasının sədri Mixail Osiyevski Fins.az-ın suallarını cavablandırarkən belə bir açıqlama verib.

- Dünən keçirilən Azərbaycan-Rusiya iqtisadi forumunda ölkədə dollarlaşmanın səviyyəsinin yüksək olduğunu qeyd etmisiniz. Ölkəmizin əsas iqtisadi tərəfdaşlarından biri olan Rusiyanın ən böyük bankı kimi bunun qarşısını almaq üçün hansı təklifləriniz var?

- Azərbaycan iqtisadiyatında güclü dollarlaşma səviyyəsi hiss olunur və bu tendensiya təəssüf ki, davam etməkdədir. Bu problem yalnız Azərbaycanda deyil, post sovet dövlətlərinin əksəriyyətində mövcuddur. Öz növbəsində Rusiya da bu problemdən keçib. Əldəttə ki, valyutaya yanaşmada insanların psixologiyasını dəyişməyə müəyyən vaxt tələb olunur. Xüsusən də ölkədə dəqiq kredit siyasəti, pul siyasəti, büdcə və iqtisadi siyasət bir-birini tamamlamalıdır. Hazırda “Bank VTB Azərbaycan”da da hüquqi və fiziki şəxlərin əsas vəsaitlərinin böyük bir hissəsi dollarda saxlanılır. Sözsüz ki, bu ürəkaçan hal deyil. Biz çox böyük məmuniyyətlə manatla kredit verməyə hazırıq. Ancaq hazırda bank sistemini lazım olan manat kütləsi ilə tam təchiz etmək də mümkün deyil. Biz hazırda Azərbaycan Mərkəzi Bankının pul-kredit siyasətinin hansı istiqamətdə olacağı barədə açıqlamasını və hökümətin mövqeyini gözləyirik. Dollardan əsas ödəniş vasitəsi kimi uzaqlaşmaq bizim üçün çox-çox vacibdir.

- Bunun üçün hansı üsullardan istifadə etməyi düşünürsünüz?

- Biz Azərbaycanda öz məhsullarını dollarla satan şirkətlərə kredit verməyəcəyik. Biz eyni səhvi yenidən təkrar etmək fikrində deyilik. Dünən bir neçə yerli bankla da görüşlər keçirmişik. Biz manatla kreditləşmə aparırıq və bunu davam etdirəcəyik. Müştərilərimizin sayı artır və müştəri hesablarında əlavə manat kütləsi toplanır. Biz bu vəsaitlər hesabına müştərilərimizə kreditlər veririk. Problemli hallarda dolları manatla əvəzləyərək restrukturizasiya aparırıq. Ancaq bu açıq-aşkar kifayət etmir. Buna görə də öz məhsulunu Rusiya bazarına çıxaran şirkətlərə rubl ilə kreditlər təklif edirik. Nəzərə alsaq ki, rubl üzrə faiz dərəcəsi manatla olan manat dərəcəsindən aşağıdır, bu iqtisadi cəhətdən daha sərfəlidir. Eyni zamanda bu yolla valyuta risklərini də aradan qaldırmış oluruq. Biz investisiya məqsədli kreditlər də verməyə hazırıq. Hesab edirik ki, iqtisadi islahatlar artıq davamlı şəkildə aparılır və Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq dayanıqlı bir xarakter alıb. Təbii ki, bu halda bank öz üzərinə daha uzunmüddətli riskləri də götürə bilir.

- Rubl ilə ipoteka kreditlərinin verilməsi üzrə planlarınız hansı mərhələdədir?

- Azərbaycan İpoteka Fondu ilə danışıqlar aparırıq. Əlbəttə, biz ipoteka kreditlərinin rublla verilməsi imkanları barədə düşünürük. Hesab edirik ki, manat və rublun bu pariteti mümkündür. Nəzərə alaq ki, onların hər ikisində də məzənnədə dominant faktor neftin qiymətidir. Bu modelin Qazaxıstanın timsalında işlədiyini görürürük.

- “Bank VTB Azərbaycan”ın əsas müştəri bazası kimlərdir və yeni müştəriləri cəlb etmək üçün hansı təklifləriniz var?

- Müştəri bazamız Rusiya kapitallı Azərbaycan şirkətləri və Rusiyaya məhsul ixrac edən yerli şirkətlərdir. Fiziki şəxslərə gəldikdə, biz əmək haqqı layihələrinə üstünlük veririk. Bu il artıq bu müştəri seqmentinə bir neçə min kart təhvil vermişik və tendensiya göstərir ki, bu məhsula tələbat yüksəkdir. Eyni zamanda bu kateqoriyaya yönəlik məhsul və xidmətləri inkişaf etdirmək niyyətindəyik. Xüsusi olaraq onlar üçün xüsusi kredit məhsulları hazırlamaq niyyətindədir.

- Bankın kapitalının artırılması üçün 110 milyon vəsait yatırmısınız. Bunun davamı gözlənilirmi?

- Biz əlavə 110 milyon manat yatırmışıq, lakin bunu birbaşa kapital kimi deyil, xüsusi strukturlaşmış depozit aləti olaraq daxil etmişik və bu addım Palata ilə razılaşdırılıb. Hazırda “Bank VTB Azərbaycan” yerli qanunvericilik və banklarla bağlı bütün prudensial tələbləri tam ödəyir. Nəzərə alsaq ki, manatın məzənnəsi dəyişir və bu proses davam edir, aydındır ki, aktivlərimizin qarşılanması üçün lazım olan rezervlərin həcmi müntəzəm olaraq artır. Palata ilə əldə etdiyimiz razılığıa əsasən, 2017-ci ilin sonuna qədər biz birinci dərəcəli kapital qismində əlavə emissiya qoyuluşunu davam etdirəcəyik.

- 2018-ci il üçün bankın menecmentinin qarşısına qoyulan əsas hədəflər hansılardır?

- “Bank VTB” böyük bir beynəlxalq qrupdur. Onun kapitalı 20 milyard dollardır. Bu hazırki vəziyyətdə çox ciddi bir faktordur. Təbii ki, biz iri beynəlxalq maliyyə qrumu kimi daha münasib şərtlərlə kredit alətləri təklif edə bilirik. Təkcə Rusiya bazarına deyil, eyni zamanda inkişaf etmiş bazarlara çıxış üçün bu amil daha yaxşı maliyyə imkanı hesab olunur. Biz nəhəng Çin bazarı ilə əməliyyatlar apara bilirik. “Bank VTB” yuan-rubl bazarında Bank №1 olaraq qalır. Əsas üstünlüyümüz geniş inkişaf etmiş şəbəkəyə və universal bank əməliyyatlarına malik bir bank olmağımızdır. Bu şəbəkənin bir üzvü olan “Bank VTB Azərbaycan”ın qarşısına qoyulan əsas məqsədləri isə 2 qrupa bölmək olar. Birincisi, devalvasiya nəticəsində yaranmış problemlərin lokallaşdırılması, problemli kreditlərin qaytarılması üçün atılan addımları daha da effektivləşdirmək, restrukturizasiya kimi çətin işlərə baxmayaraq maliyyə nəticələrimizi yaxşılaşdırmaqdır. İkincisi, yeni müştərilərin, xüsusən də hüquqi şəxslərin cəlb olunması ilə bağlı müşahidə olunan müsbət tendensiyanı davam etdirmək. 2018-ci ildən artıq “Bank VTB Azərbaycan”ın gəlirlə işləməsini hədəfləmişik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275