BANK

«Bizim pulumuzu da götürün» – DEPOZİT HƏRRACINA AXIN
31 OKTYABR
1163

«Bizim pulumuzu da götürün» – DEPOZİT HƏRRACINA AXIN

2016-10-31 15:55:00

Mərkəzi Bankın depozit hərracına bankların böyük marağı kredit bazarındakı vəziyyət, gözlənilən valyuta riskləri, eləcə də bəzi banklarda izafi manat kütləsinin toplanmasıdır. Bu barədə fins.az-a yerli ekspertlər bildirib. 

Xatırladaq ki, oktyabrın 31-də Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib. Hərracda 50 milyonluq depozit yerləşdirmək üçün ölkə banklarından 107 milyon manat tələb daxil olub. Başqa sözlə, depozit yerləşdirilməsi üzrə tələb təklifi 2 dəfədən çox üstələyib. Nəticədə depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi 14,5 % təşkil edib.

Qeyd edək ki, depozit hərracları iyun ayından başlanıb. İlk hərrac iyunun 13-də keçirilib və burada gözlənilən 150 milyon manat depozit qarşısında 129 milyon manatlıq depozit yerləşdirilib.

Sonradan depozitlərin yerləşdirilməsi üçün limit 50 milyona endirildi və bankların tələbatı da buna uyğun olaraq azalıb.

Qeyd edək ki, depozit hərracında vəsaitlər 28 günlüyə cəlb edilir və təyin edilən gəlirlik də bu müddət ərzində hesablanır.

Avqustun 1-dək keçirilən hərraclarda gəlirlik 7%-ə qədər təşkil etdiyi halda, həmin vaxtdan sonra gəlirlik dərəcəsi artaraq 10%-ə yaxınlaşıb. Sentyabrın 19-dan başlayaraq isə hərraclarda gəlirlik dərəcəsi 14,37-14,98% ətrafında olub.

Qeyd edək ki, ilk iki hərracı (iyunun 13-də və iyulun 4-də keçirilib) nəzərə almasaq, ondan sonra keçirilən bütün hərraclarda AMB-də depozit yerləşdirməyə maraq elə də böyük olmayıb və 50 milyonluq təklifə qarşı 20-45 milyon manat arasında dəyişib. 

Depozitlər üzrə gəlirliyin artırılaraq 7%-dən 10%-ə yüksəldilməsi də vəziyyəti dəyişməyib.  Avqustun 8-dən sentyabrın 5-dək keçirilən hərraclarda bankların sifarişləri bir qədər də azalaraq 15-40 milyon manat arasında dəyişib.

Sentyabrın 19-da depozitlər üzrə gəlirliyin 14,99%-ə qədər artırılmasından sonra isə bankların hərraca marağı artmağa başlayıb. Hərraclar üçün sifarişlər yüksəlib və 24-71 milyon manat arasında dəyişib. İlk dəfə olaraq sentyabr-oktyabr aylarında depozit yerləşdirməsinə tələbat təklifi üstələyib. Bu hal sentyabrın 19-da, oktyabrın 3-də və 17-də keçirilən hərraclarda baş verib. 

Oktyabrın sonuncu günü keçirilən hərraclarda isə ilk dəfə olaraq depozitlərə tələbat təklifi 2 dəfə üstələyib.

Hərraclar üzrə yazılan sifarişlərin orta məbləği də depozit hərraclarına marağın artmasını göstərir. Belə ki. gəlirliyin 10%-ə qədər olduğu hərraclarda bir hərraca düşən orta sifariş məbləği 26 milyon manat təşkil etdiyi halda, gəlirlik yüksəldikdən sonrakı dövrdə, həmin göstərici 58 milyon manata yüksəlib. 

Baş verənləri fins.az-a şərh edən ekspertlərin fikrincə, AMB-nin depozitlərinə banklar tərəfindən marağın artması təkcə gəlirliyin yüksəlməsi ilə deyil, bankların öz risklərini tənzimləmələri və kredit bazarındakı vəziyyətlə bağlıdır. 

Hərrac

Tarixi

Bankların tələbi, AZN

Faiz dərəcəsi

31.10.2016

107,1 mln.

14,5%

24.10.2016

24 mln.

14,37%

17.10.2016

59 mln.

14,67%

10.10.2016

39,5 mln.

14,66%

03.10.2016

71 mln.

14,5%

28.09.2016

44 mln.

14,98%

19.09.2016

65 mln.

14,85%

05.09.2016

15 mln.

9,49%

29.08.2016

30 mln.

9,49%

22.08.2016

30 mln.

9,49%

15.08.2016

15 mln.

9,49%

08.08.2016

40 mln.

9,22%

01.08.2016

20 mln.

6,99%

25.07.2016

50 mln.

6,99%

18.07.2016

37 mln.

6,98%

11.07.2016

45 mln.

5,99%

04.07.2016

98,5 mln.

5,96%

13.06.2016

129 mln

6,49%

İqtisadçı ekspert Samir Əliyev Mərkəzi Bankın keçirdiyi depozit hərraclarında bankların tələbinin artmasını təbii sayır. Onun fikrincə, bankların problemli kreditləri toplamaqda çətinlik çəkdiyi bir vaxtda AMB-nin depozitləri vəsaiti yatırmaq üçün çox əlverişlidir: «AMB-nin depozit hərracı keirməsində məqsəd bir tərəfdən banklara likvidlik verməkdirsə, digər tərəfdən pul kütləsini tənzimləməkdir. Hazırda banklar kreditləri toplamaqda çətinlik çəkdikləri halda Baş bankın depozitləri bir qayda olaraq etibarlıdır». 

Dollar-manat məzənəsi ilə bağlı narahatlıq da bankların işinə çətinlik törədir. Hazırda müştərilər dollarla kredit götürməyə çəkinir, krediti manatla götürməyə çalışırlar. Banklar isə öz növbəsində manatla kredit verməkdə maraqlı deyillər, çünki manatla istehlak kreditlərində faiz dərəcəsi ilə bağlı 29%-lik məhdudiyyət var. Mikrokreditlərdə isə bu məhdudiyyət  25% təşkil edir. Məhz buna görə, banklar riskli kredit əməliyyatlarına getməkdənsə, pullarını AMB-nin depozit hərracında yerləşdirməyə üz tuturllar.

S.Əliyev bildirir ki, AMB-nin depozitlərin cəlbediciliyini bir səbəbi də onun qısamüddətli olmasıdır: «AMB-ə 1 milyon manat yatıran bank 28 gün ərzində heç bir risk olmadan, əlavə işçi heyətinin potensialından istifadə etmədən 11 min manatdan çox qazanc əldə edir. Kredit qoyuluşu vasitəsilə qazanc əldə etmək üçünsə bank ən azı 6 ay gözləməlidir. Bu müddətdə bankın verdiyi manat kreditinin dəyərinin hansı səviyyədə olacağı narahatçılıq doğurmaya bilməz».

İqtisadçı bildirir ki, Mərkəzi Bankın bu addımı pul kütləsini tənzimləsə də, digər tərəfdən bankları kreditləşdirmədən çəkindirir. «Gələcəkdə uçot dərəcəsinin artması ehtimalı depozit hərracı üzrə faiz dərəcələrini bir az da artıra bilər»-deyə ekspert gözləntilərini bölüşür. 

Maliyyə bazarları üzrə ekspert Ramin Rəhimov isə bankların depozit hərraclarına marağının artmasını ilin sonuna yaxın mənfəət balansını düzəltmək istəyi ilə bağlayır. Onun sözlərinə görə, bu hal ilk növbədə

bankların ilin sonuna yaxın gəlirliklərini təmin etmək məqsədi daşıyır. Amma bu bütün banklara aid deyil: «Depozit hərracları o banklar üçün cəlbedicidir ki, onların əlində izafi manat kütləsi olsun. Bu kütlə nədən yaranır? Bu, müştərilərin manatla olan hesabları, ən çox da qaytarılan kreditlərlə bağlıdır. Yəni həmin vəsaitlər yenidən kreditləşməyə yöəlmədiyi üçün onların gəlirliyini təmin etmək üçün banklar AMB-nin depozit hərraclarını seçirlər». 

Ekspert bildirir ki, bankların bu qərarına depozitlərin gəlirliyinin yüksək olması da təsir edib: «Fikir vermisinizsə, Maliyyə Nazirliyinin dövlət istiqrazlarına da tələb yüksək idi. Bu da onu göstərir ki, hazırda bankların əlində manat kütləsi çoxdur. Hökumət üçün də maraqlıdır ki, bu vəsaitlər valyuta alışına yox, qiymətli kağızların alışına və ya manat depozitinə yönəlsin». 

Qeyd edək ki, ötən həftə Maliyyə Bazarlarına Nəzarət Palatasında banklarla göüş keçirilib. Həmin görüşdə AMB-nin nümaynədələri də iştirak edib. Görüşdə banklar aktiv fəaliyyətə çağırılıb: «Ola bilsin ki, bu aktivlik həm də həmin çağırışın nəticəsidir».  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272