BANK

Kredit zəmanəti mexanizmləri: Azərbaycan üçün yaxşı təcrübələr
28 OKTYABR
390

Kredit zəmanəti mexanizmləri: Azərbaycan üçün yaxşı təcrübələr

2016-10-28 12:29:00

Bazar iqtisadiyyatı şəraitində kreditlər biznes əməliyyatlarının ən mühüm elementlərindən biridir və kommersiya sövdələşmələrinin əhəmiyyətli hissəsi məhz kreditlər vasitəsilə reallaşdırılır. Öz növbəsində biznes kreditlər yeni imkanlardan istifadə olunması, yeni bazarların tapılması və yeni müştərilərin cəlb olunması üçün də mühüm alətlərdən sayılır.  Lakin heç bir ölkədə bank-kredit sisteminin maliyyə resursları sonsuz deyil və bu resursların bölüşdürülməsi sahəsində çox ciddi rəqabət mövcuddur.

İstənilən biznes strukturu kredit götürmək, fəaliyyətini genişləndirmək üçün səy göstərir. Kredit təşkilatları isə iddiaçılar arasında seçim etmək, daha az riskli subyektlərə kredit xətti açmağa məcburdu. Əks halda qaytarılmayan borclar bank-kredit sistemini iflas vəziyyətinə gətirər.

Banklar üçün ən riskli qruplar

Problem ondadır ki, bütün dünyada kiçik və orta sahibkarlıq subyektləri (KOS) banklar üçün əsas risk qruplarından biri saylır. Çünki iri biznes strukturlarından fərlqi olaraq KOS-ların likvid girov bazası qiymətli daşınmaz əmlak – bina və qurğular hesabına deyil, daha çox daşınar əmlak – dövriyyə fondları, ilk növbədə onları məhsulları formalaşır. Bu səbəbdən uzun illər KOS-ların kredit bazarına girişilə bağlı ciddi manelər olub. Nəticədə ayrı-ayrı ölkələrdə KOS-ların kreditlərinin sığortalanması və bankların üzləşə biləcəyi risklərin müstəqil sığorta təsisatları tərəfindən qarşılanması ideyası meydana gəlib. Dünya təcrübəsində bu cür sığorta institutları “kredit təminatı fondları” adlandırılır. Azərbaycanda hələlik qüvvədə olan qanunvericilik kreditlərin sığortalanması ilə bağlı hüquqi mexanizmlər müəyyən etmir.  Lakin hökumətin üzərində işlədiyi “Yo xəritəsi” ilə bağlı ilkin sənədlərdə həmin mexanizmin yaradılması ilə bağlı təşəbbüs də nəzərdə tutulur.  Bu baxımdan dünyada olan mövcud təcrübələri dərindən öyrənmək çox mühümdür.

Kredit təminatı mexanizmləri necə işləyir?

Bankların KOS-lar üçün kredit təminatı mexanizmlərinin tətbiqi şəraitinə uyğunlaşmasını BASEL II standartları da tələb edir. 2004-cü ildən tətbiq edilən bu standartlar bütün dünyada fəaliyyət göstərən banklar üçün keçərlidi. BASEL II standartlarının əsas məqsədlərinə maliyyə sistemində etibarı və sabitliyi təmin etmək, bankların məruz qala biləcəyi riskləri daha dəqiq ölçmək, bankları riskləri daha mükəmməl idarə etməyə həvəsləndirmək daxildir. Ümumilikdə bu standartlar bankları vadar edir ki, kredit verərkən riskin idarə edilməsini birinci plana çıxarsınlar, kreditləşməni vəsait borc üçün müracət edən subyektlərin risk səviyyəsinə uyğun həyata keçirsinlər. 

BASEL II standartlarına görə, əlverişli şərtlərlə kredit götürmək üçün risk səviyyəsi aşağı olmalıdır. Halbuki KOS-lar, xüsusilə mikromüəssisələr hətta inkişaf etmiş ölkələrdə xarici  təminat mexanizminin olmadığı şəraitdə bank sektoru üçün yüksək risk qrupuna daxil olan təsərrüfat subyektləri hesab edilirlər. Beynəlxalq təcrübədə və elə BASEL II standartlarına görə də kredit agentliklərindən dərəcə almayan şirkət və müəssisələr 100% risk altında olan subyektlər hesab edilirlər. Aydındır ki, dünyada KOS-lar deyil, yalnız iri şirkətlər xərc çəkərək kredit agentliklərindən kredit dərəcləri alırlar. KOS-lar üçün isə kredit dərəcələri rolunu zəmanət və kredit sığortası sistemi oynayır.  

BASEL II standartlarına əsasən hazırlanmış risk ağırlığı sisteminə görə, təminatı olmayan, kredit agentliklərindən dərəcə almayan şirkət və müəssisələrin iddia etdiyi borclar üçün risk ağırlığı iqtisadiyyatın sektorların asılı olaraq fərqlidi. Məsələn, daşınmaz əmlakla bağlı əməliyyatlar üzrə kreditlərə görə risk ağırlığı 100%, pərakəndə ticarət üzrə 75% müəyyən edilib. Deməli hazırkı beynəlxalq standartlar da bankların KOS-lara risk idarəçiliyi baxımından daha həssas yanaşmanı önə çəkdiyi üçün kicik-orta ölçülü sahibkarlıq kreditlər üçün zəmanət mexanizminin formalaşdırılmasını tələb edir. 

Kredit zəmanət sistemləri 170 il əvvəl yaranıb

Kredit zəmanət sistemləri ilk olaraq Avropada 1848-ci ildə müştərək zəmanət birlikləri olaraq qurulub. Bundan təxminən 55-60 il sonra sahibkarlar və sənətkarlar bir araya gələrək müştərək zəmanət birlikləri yaradıblar. Asiya qitəsində kredit zəmanəti sisteminin ilk nümunəsi 1930-cu ilin sonlarında Yaponiyada yaradılıb. Bu fondlar 2-ci Dünya Müharibəsindən sonra Avropa iqtisadiyyatının yenidən qurulmasında əhəmiyyətli rol oynayıb. Ötən əsrin 70-80-ci ilıərdə isə ABŞ, Kanada, Almaniya, İtaliya kimi bir çox inkişaf etmiş ölkələrdə kredit zəmanət fondlarının fəaliyyəti daha sürətlə yayılmışdı. 80-ci illərdə bu fondların qurulması məqsədi bank sektorunun zəifliyini kompensasiya etmək idisə, 1990-cı illərdə və sonrakı dövrlərdə isə daha  çox vaxt KOS sektorunun canlandırılması məqsədi güdürdü. Hazırda dünyanın 100-dən artıq ölkəsində belə anoloji fondlar fəaliyyət göstərməkdədir.

Kredit zəmanət fondlarının parametrləri ayrı-ayrı ölkələrdə bir-birindən müəyyən qədər fərqlənsə də, onların hamısının təməl vəzifəsi iqtisadiyyatın hərəkətverici qüvvəsi olan KOS-ların bank sisteminə girişini asanlaşdırmaq üçün təminatın verilməsidir. Bu mexanizm kredit riskinin bir hissəsini bankların üzərindən zəmanət fondlarının üzərinə keçirməklə bankların KOS kreditləşməsinə marağını artırır. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə kredit zamanəti fondlarının sayı 2000-ə yaxındır.

Hər şirkətin bir neçə banka borcu var

Hazırda dünyada kiçik sahibkarlığın əsas maliyyə mənbəyi şəxsi kapitalları deyil, borc vəsaitləridi. Məsələn, ABŞ-da bu qəbildən olan subyektlərin 77%-i fəaliyyətləri dövründə ən azı 1 dəfə də olsa, kredit götürmüş olurlar. Avropa Birliyində kiçik və orta sahibkarlıq subyektlərinin azı 76%-nin 1 və ya bir neçə banka kredit borcu olur. Inkişaf etmiş ölkələrdə, kommersiya banklarına kredit üçün müraciət edən kiçik və orta sahibkarlıq subyektlərinin əhəmiyyətli hissəsi həmin vəsaitləri ala bilir. Məsələn, ABŞ və Kanadada kreditə iddia edən hər 100 kiçik və orta sahibkarlıq subyektindən azı 80 subyekt üçün kredit xətti açılır.

Həm də sahibkarlara məsləhət mexanizmi

Kreditlərə təminat sisteminin ən mühüm üstünlüyü odur ki, kredit təminatı yalnız KOS-ların öz maliyyə risklərini təhlükəsiz etmir, onlara borcların idarə edilməsi, risklərin qiymətləndirilməsi və idarə olunması, bazar perspektivlərinin dəqiq müəyyən edilməsi sahəsində bilik və bacarıqlar qazandırır, daimi məsləhət xidmətilə əhatə edir. Bundan əlavə bu qəbildən olan fondlar banklara təqdim etməyə real girovları olmayan, amma gələcəkdə pul qazanmağa, perspektivli biznes qurmaga real imkanı olan KOS-lara əlverişli biznes imkanları təqdim edir.

İnkişaf etmiş ölkələrdə KOS-lar müxtəli zəmanət fondlarınım imkanlarından geniş istifadə edirlər. Məsələn, ABŞ-da Kiçik Biznes Administrasiyası (US Small Business Administration) kommersiya bankları tərəfindən verilən kreditlər üçün zəmanətlər təqdim edir. Bu ölkədə kiçik sahibkarlıq subyektlərinin banklara kredit borcları yarım trilyon dolları ötür.  Administrasiyanın bu kredtilər üzrə verdiyi zəmanət Fondunun məbləği isə 60 milyard dollardan çox, yəni verilən kreditlərin 12%-nə qədər olub. İnkişaf etmiş ölkələrdə kiçik müəssisələrin 50%-ə qədəri maksimum 5 ilədək fəaliyyət göstərir. Bu səbəbdən hökumət hesab edir ki, bankların risklərdən çəkinərək bu subyektlərə kredit xətti açması məhz zəmanətlər sayəsində mümkün ola bilər. Ekspertlər hesab edir ki, təminatlı kredit mexanizmləri müflisləşməni 7%-dək azalda bilir.  Kreditlər üçün zəmanət mexanizmləri KOS-ların kredit ödəmə qabiliyyətini itirdiyi şəraitdə onların borclarının qapadılmasını nəzərdə tutur.  Avropa ölkələrində və Kanadada KOS-ların təxminən 10%-i kredit təminatı fondlarının xidmətindən yararlanırlar. 

Almaniyanın ibrətamiz təcrübəsi

Almaniya kredit zəmanəti fondlarının fəaliyyəti sahəsində uzunmüddətli təcrübəsi olan ölkələrdən biridir. Tarixən bu ölkədə məhz KOS-ların maliyyəyə əlçatanlığını təmin etmək ehtiyacından Alman Kredit Bankları yaranmağa başlayıb. Sonrakı mərhələdə isə artıq ölkədə İxrac Kreditlərinə Zəmanət Fondları yaranmağa başladı. Kredit Zəmanət Bankı (Buergschaftsbanken) 20-ci əsrin əvvələrindən etibarən dövlət-özəl sektor əməkdaşlığının formalaşmasında mühüm rol oynayıb. Xüsusilə də ikinci Dünya Müharibəsindən sonra Amaniyanın maliyyə sisteminin yenidən qurulmasında bu banklar mühüm rol oynayıb. Bu banklar məhdud məsuliyyətli müstəqil şirkətlər kimi təsis olunub və onlaırın fəaliyyəti yalnız öz bölgələrindəki KOS-larla məhdudlaşıb. 

Hazırda Almaniyanın şərq torpaqlarında KOS-larln 10 milyon avro, qərb torpaqlarında isə 50 milyon avro məbləğində kreditlərinə zəmanət verən banklar  fəaliyyət göstərir. Həmin bir kredit zəmanət bankları  KOS kreditlərinə müəyyən edilmiş qaydalar daxilində dəstəyi və şirkət təsisçilərini yarandıqları ilk ildə bələdçi materiallarla təmin edir  Bundan əlavə, federal hökumətin təsis etdiyi xüsusi komitə var ki, 300 milyon avro məbləğində kreditlər üçün girov təminatına dəstək verir. Alman təcrübəsində kredit zəmanəti sistemi belədir: ölkənin inzibati ərazi qurluşunu təşkil edən 16 torpağın (regionun) hərəsində bir kredit zəmanət bankı fəaliyyət göstərir və ümüumilikdə 16 bank Alman Zəmanət Bankları Birliyində birləşir. Bu birliklərin əsas funksiyası bank qanunvericiliyində dəyişikliklər zamanı zəmanət banklarının mənafeyini qorumaq, bu banklar arasında əməkdaşlığı təşviq etmək, beynəlxalq platformalarda zəmanət banklarının nümayəndəliyini və koordinasiyasını icra etməkdir.

Zəmanət bankları vergidən azaddır

Almaniya hökuməti kredit zəmanət banklarını federal büdcə üçün ödədikləri mənfəət vergisindən, regional hökumətlər isə sahibkarlıq fəaliyyətilə bağlı yerli vergilərdən azad edib. Hökumətin yanaşması budur ki, bu banklar ictimai maraqlar üçün çalışdığı üçün onların ağır vergi yükü altında olması səhv yanaşma olardı və banklar vergi güzəştləri hesabına qənaət etdikləri vəsaiti KOS-ların maliyyə gücünün artımına yönəltməlidir.

Mövcuq qaydalara görə, zəmanət əsasında girovsuz kredit əldə etmək üçün KOS-lar banka müraciət etdikdə bu müraciətlər Zəmanət Komitəsinə yönlədilir. Əgər Komitə kredit ayrılmasında ciddi risklər görmürsə, bank müraciətləri müsbət cavablandırır. Hazırda şərq əyalətlərində istənilən kredit məbləğinin 80%-nə, qərb regionlarında isə 65%-nə zəmanət verilir. Zəmanətlə verilən kreditlər ən çoxu 23 ilə ayrılır. Son illər Alman Zəmanət Banklarının zəmanətilə KOS-lara verilən ümumi kreditlərin həcmi 5 milyard avrodan, onlara təqdim edilən zəmanətlərin məbləği 1.8 milyard avrodan çox olmuşdur.   

Lakin Almaniyanın bank qanunveriiliyinə görə, kredit zəmanəti üzrə ixtisaslaşmış təşkilatların müntəzəm xarici auditdən keçməsi məcburidir. Bu cür audit həmin təşkilatların likvidliyini və dayanıqlılığını qiymətləndirmək üçün son dərəcə vacib mexanizm hesab olunur.       

Cənubi Koreya təcrübəsi-1: KODIT

Dünyanın ən böyük 15 ən böyük iqtisadiyyatından birinə sahib olan Cənubi Koreya iqtisadiyyatında KOS-ların rolu kifayət qədər təsierlidir. Bu ölkənin qanunvericiliyinə görə, emal sənayesi, inşaat və mədənçilik sahələrində işçilərin sayı 300-dən az, dövriyyəsi 8 milyon dollardan az olan subyektlər KOS sayılır. Bu qəbildən olan sahibkarlıq subyektlərinin kreditləşməsində 1976-cı ildə yaranan Cənubi Koreya Kredit Zəmanət Fondunun (KODIT) mühüm rolu var. Bu fond kreditlərə zəmanəti verməklə yanaşı KOS-lar üçün məsləhət xidmətləri də göstərir. Fondun 99 şöbəsi, 2 150 nəfər işçisi var. KODİT kiçik sahibkarların götürdüyü kredit məbləğinin maksimum 65%-dək zəmanət təqdim edir. 

Cənubi Koreya təcrübəsi-2: KOTEC

KODİT-də savayı Cənubi Koreyada sırf elmi-texnoloji layihələr üzrə kreditlərə zəmanət verən Texnoloji Maliyyə Fondu – KOTEC fəaliyyət fəaliyyət göstərir. Elmi-texnoloji xarakterli layihələri həyata keçirmək üçün götürmək istədiyi kreditlərə girovu olmayan KOS-lar asanlıqla KOTEC  zəmanət ala bilir. Lakin bunun üçün KOTEC həmin layihənin gəlir gətirə bilən, davamlı biznes layihə olduğnu analiz edib qərar verməlidi. Bu işi KOTEC-in nəzdində fəaliyyət göstərən Texnoloji Dəyərləndirmə Xidməti həyata keçirir. Yəni, əsaslandırılmış layihələrin Fondun diqqətindən kənarda qalması mümkün deyil. Ümumilikdə KOTEC-in 2 texnoloji dəyərləndirmə institutu və 51 texnologiya dəyərləmə mərkəzi fəaliyyət göstərir, Fondda 1072 nəfər çalışır. Son 5-6 ildə KOTEC hər il təxminən 9 milyard dollar həcmində kreditlərə zəmanət verib.

Kiçik sahibkarlara qarşı tələblər daha sərtdir

Digər ölkələrdə olduğu kimi, Türkiyədə də bu fondlar KOS-lara təkcə girovsuz kredit xəttinin açılması baxımından zəmanətçi olmur, həmçinin bankçılıq sahəsində onların bilik-bacarıqlarını artırır, kredit bürosu funksiyasını yerinə yetriməklə KOS-ların kredit tarixçələrinin bazasını yaratmaqla kredit risklərini qiymətləndirir. Dünya Bankının Türkiyədə apardığı tədqiqat ortaya çıxarıb ki, banklar bir qayda olaraq yaxşı kredit keçmişi olan iri müəssisələrə nisbətən KOS-lara qarşı daha sərt tələblər, məsələn, daha böyük məbləğdə likvid girov istəyir. Tədqiqat ortaya çıxarıb ki, əgər banklar iri sahibkarlıq subyektlərindən kredit dəyərinin 70%-i həcmində girov istəyirlərsə, KOS-lar üzrə həmin tələb 90%-dən yüksək olub. Aydın məsələdir ki, iri biznes strukturlarından fərqli olaraq KOS-ların kapitalının daşınmaz əmlak hesabına deyil, əsasən daşınar əmlak (məsələn, hazır məhsullar) hesabına formalaşır. Odur ki, sosial-iqtisadi inkişaf baxımından böyük əhəmiyyət kəsb edən KOS-ların kreditə əlçatanlığını təmin etmək üçün dövlətin müdaxiləsi qaçılmaz olur. 

Türkiyənin Kredit Zəmanət Fondu

Bütün dünyada olduğu kimi, Türkiyədə də kiçik müəssisələr uzun zaman fəaliyyət göstərə bilmir və bu da onların banklar tərəfindən riskli müştərilər qrupuna aid edilməsini şərtləndirir. Məsələn, 2011-ci ildə aprılmış “Sərmayə Mühiti Dəyərləndirməsi”nə görə, yeni yaradılan kiçik müəssisələrin 40%-i yarandıqdan 2 il, 50%-i isə 3 il sonra fəaliyyətini dayandırmalı olur. Yəni, ən yaxşı KOS-ların yalnız yarısı 3 ildən artıq fəaliyyət göstərə bilir.   

Son 40 ildə KOS-ların Türkiyə iqtisadiyyatında da böyük rol oynamasına baxmayaraq, 80-ci illərin sonlarınadək Türkiyədə KOS-ların maliyyə bazarına çıxışında ciddi problemlər olub. Türkiyədə müəssisə sayının 99%-i, məşğulluğun isə 78%-i KOS-ların payına düşür. Türkiyədə artıq 1994-cü ildən Kredit Zəmanət Fondu (KGF) fəaliyyət göstərir. Fond bank kreditlərində kredit riskinin bir qisimini öz üzərinə götürməklə KOS-ların banklar qarşısında etimadını yüksəldir. KGF kiçik-orta sahibkarlıq kreditlərinə girov dəstəyilə yanaşı, xəzinə əsaslı girovların da  istifadəsində vasitəçilik edir.  KGF  son illər çox sürətlə böyüyür. 2007-ci ilədək Fondun 3 şöbəsi vardısa, hazırda 32 şöbə olmaqla 113 işlçi heyətinə sahibdir.  KGF-nin zəmanət verdiyi kiçik və orta sahibkarlıq kreditlərinin minimum həcmi 1milyon, maksimum həcmi 5 milyon TL-dir. Fond tərəfindən kredit məbləğinin 75-85%-dək zəmanət təqdim olunur. KGF zəmanətlərlə bağlı müraciətlərə həddən artıq selektiv yanaşır. Fonda 1994-2011 illərdə cəmi 17 772 girov tələbi təqdim olunsa da, olardan cəmi 7 342 müraciətçiyə kredit xətti açılmışdır.

Biznesmen və Sənətkarların Kredit və Girov Kooperativləri

KGF ilə yanaşı Türkiyədə Biznesmen və Sənətkarların Kredit və Girov Kooperativləri Birlikləri (TESKOMB) fəaliyyət göstərir. Əsası 1951-ci ildə qoyulan bu birliyin təməl məqsədi kiçik biznesin maliyyə ehtiyacını aradan qaldırmaqdı. Hazırda Türkiyədə 921 belə birlik fəaliyyət göstərir. Ən son məlumata görə, Birliklərin ümumi ortaqlarının sayı 1,5 milyona çatır. TESKOMB kredit zəmanət sisteminin başlıca xüsusiyyəti budur ki, sistem daxilində biznesmen və sənətkarların götürdüyü kreditlərin faizləri ilə bazardakı kredit faizləri arasındakı fərqi dövlət qarşılayır. TESKOMB-un zəmanət verdiyi kreditlər Xalq Bankın şöbələri vasitəsilə bölüşdürülür. 2012-ci ilin sonuna olan məlumata görə, Türkiyədə 2 milyona yaxın sahibkar və sənətkar var ki, ondan 1,5 milyonu və ya 75%-i TESKOMB-un üzvüdür.  2011-ci ilin sonuna olan məlumata görə, Birlik ümumi sayı 140 mini ötən kredit razılaşması üçün 4.4 milyard Türk lirəsi məbləğində girov zəmanəti təqdim etmişdi.  

MDB təcrübəsi başlayır

Son zamanlar MDB məkanında da bir sıra ölkələr kredit zəmanəti mexanizmlərinin yaradılması istiqamətində addımlar atıblar. Məsələn, Rusiyada 2014-cü ilin 5 may tarixində Rusiya hökumətinin qərarı ilə KOS-ların kreditləşdirilməsinə təminat verən xüsusi agentlik yaradılıb. Hələlik qurum genişmiqyaslı fəaliyyətə başlamasa da, gələcək fəaliyyət üçün planlar üzərində işləyir. Agentliyin yaradılması ilə bağlı hökumət qərarına görə, Agentliyin əsas hədəfi KOS-ların investisiya layihələrinin həyata keçirilməsi üçün kreditlərə təminatın verilməsi olacaq. Qurum Rusiya Əmlak İdarəçiliyi üzrə Federal Agentliyinin təsisçiliyi ilə yaradılıb. Yaxın illər üçün Agentliyin qarşısında 2 vəzifə dayanır: KOS-lar üçün kreditləşmə şərtlərinin yaxşılaşdırılması və uzunmüddətli kredit məbləğinin artırılması.  Agentliyin yaxın 5 il üçün qəbul  olunmuş planına görə, zəmanət verilmiş kreditlərin sayı 7320-dən, zəmanət verilmiş kreditlərin həcmi 825 milyard rubldan az olmamalıdır. 

Kreditin yalnız yarısına zəmanət verilir

Qazaxıstanda kreditlərə zəmanət verilməsi “DAMU” Sahibkarlığın İnkişafı Fondu vasitəsilə həyata keçirilir. 2010-cu ildə təsis olunan sistemin birbaşa hədəfi KOS subyektləridi. Bu qurum vasitəsilə dəyəri 135 min dolları aşan kreditlərə zəmanət verlilir. Təminat üçün müddət 5 ildir və götürülən kredit məbləğinin makismum 50%-nə zəmanət verilir.  Yeni yaradılmış KOS subyektləri üçün bu hədd 70%-dək qaldırıla bilər. Zəmanətin təqdim olunması üçüb borcgötürən bütün kredit məbləğinin 1%-ni ödəməlidir. Fəaliyyətə başladığı gündən fond 121 kredit müqaviləsi üzrə 95.9 milyon dollar kredit məbləği üzrə 36.9 milyon avro zəmanət təqdim edib. Təminat verilən kreditlərin 42%-i emal sənayesinə yönəldilib. Bundan əlavə, Qazaxıstanda 2013-2020-ci illərdə aqrar-sənaye kompleksinin inkişafına dair inkişaf Proqramına əsasən bu sahənin kreditlərinə zəmanət verən ayrıca təminat fondunun yaradılması nəzərdə tutulur. 

Yaxçı tarixçəyə üstünlük verən Çili təcrübəsi

Latın Amerikası ölkələrindən Çilinin bu sahədə diqqətəlayiq təcrübəsi var. “Kiçik Müəssisələrə Dövlət Zəmanəti Fondu” (FOGAPE) 1998-ci ildən fəaliyyət göstərir. Fondun işinə ümumi rəhbərliyi “BancoEstado” dövlət bankı rəhbərlik edir. Hazırda qurumun vəsaitlərinin həcmi 80 milyon təşkil edir. Lakin zəmanət verdiyi kreditlərin ümumi məbləği 800 milyon dollara çatır. Fondun fəaliyyəti tender sisteminə əsaslanır. Belə ki, Fond il ərzində 4-6 dəfə tender elan edir və müxtəlif banklar kreditlərə iddiaçıların müraciətlərinə cavab vermək üçün tenderdə iştirak edərək zəmanət əldə etməyə çalışır. Qüvvədə olan qaydalara görə, FOGAPE tender əsasında 3 növ kredit zəmanətinin verilməsini həyata keçirir: (i) mövcud resursların 50%-i qısamüddətli kreditlərin veriləməsinə yönəldilir; (ii) 30%-i əsasən ixracatçıların və yeni yaranan KOS-ların kreditləri üçün zəmanətin verilməsinə yönəldilir; (iii) Yerdə qalan hissəsi digər kreditlərə yönəldilir.   

Tenderə təqdim olunan təkliflər nəzərədən keçirilərkən riskin azlığından savayı krediti ödəmə əmsalı daha az olan kredit təşkilatlarına üstünlük verilir. Məsələn, əgər təşkilatlardan biri kreditin 50%-ni, digəri 60%-ni qarşılamağa zəmanət verirsə, FOGAPE sonunculara üstünlük verir. Hazırda Fond tərəfindən kreditlərən verilən təminatın orta səviyyəsi kredit müqaviləsi üzrə məbləğin 65%-ni təşkil edir.

Azərbaycanın Zəmanət Fondu necə işləməlidir? 

Azərbaycan bu təcrübləri ümumiləşdirərək özünün kredit zəmanəti fondunu rahatlıqla yarada bilər. Bunun üçün ilk növbədə kreditlərə zəmanətlərin verilməsinə dair müfəssəl qaydaların hazırlanması, bu qaydalarda borclanma üçün zəmanət almaq hüququ verilən sahibkarların əhatə dairəsinin, zəmanət verilən kreditlərin maksimum məbləğinin, zəmanətin verilməsi üçün şərtlərin müəyyən edilməsi məqsədilə maraqlı tərəflərin işturakı ilə davamlı müzakirələrin təşkili çox mühümdür.

Müəllif: Rşvşən Ağayev, iqtisadçı-ekspert 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272