BANK

Yüksək əmanət faizləri təklif edən bankların likvidlik problemi var – BANKİRDƏN AÇIQLAMA
24 OKTYABR
2068

Yüksək əmanət faizləri təklif edən bankların likvidlik problemi var – BANKİRDƏN AÇIQLAMA

2016-10-24 20:30:00

Bankların manat və dollar depozitləri üzrə təklif etdikləri faiz dərəcələri getdikcə artır. Bugün bazarda dollar əmanətlərinə 9 faiz təklif edən banklar var. Bunun səbəbləri və ümumiyyətlə, yaxın perspektiv üçün planları barədə Fins.az-ın suallarını PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov cavablandırdı.

– Sirr deyil ki, Azərbayanda pərakəndə bankçılıq xidmətləri və məhsulları inkişaf tendensiyasını dayandırıb. Banklar yenidən korporatıv bankçılığa qayıdırlar. Bazarda yeni rəqibləriniz meydana çıxır, buna münasibətinizi bilmək maraqlı olar.   

Azərbaycanın bank sektorunda baş verən hadisələr və hazırki makroiqtisadi vəziyyət bankları xidmət və məhsullarına yenidən baxmağa vadar edir. Bu, təbiidir və mən hesab edirəm ki, bazarda nə qədər çox oyunçu olsa bir o qədər yaxşıdır. Çünki rəqabətin artması yeni və fərqli məhsulların yaranmasına, xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Rəqabət həm də bank xidmətlərində ucuzlaşma yaradacaq, müştərinin seçim imkanlarını artıracaq.

– PAŞA Bank Azərbaycanın korporativ bank sektorunun lideridir. Məlumdur ki, bağlanan banklarda şirkətlərin külli miqdarda vəsaiti batdı. Necə fikirləşirsiniz, şirkətlərin banklardakı vəsaitlərinin də əmanətlərdə olduğu kimi hər hansı formada sığortalanması sisteminə ehtiyac varmı? 

– Bu ilin martın 1-dən başlayaraq banklara qoyulan bütün depozitlər məbləğindən asılı olmayaraq sığortalanır. Bu, artıq dövlət  tərəfindən vətəndaşlarımıza çox böyük bir dəstəkdir. Eyni zamanda həmişə müştərilərə bildiririk ki, böyük faizlər təklif edən banklara etibar etməsinlər. Bazarda hamıdan yüksək faizləri reklam edən banklar varsa, deməli onların likvidlik problemi yaranıb, ona görə də bahalı vəsait cəlb etmək istəyirlər. Bəzi bankların əmanətlərdə dollarla 9%, manatla 17-19% təklif etmələri bununla bağlıdır. Deyə bilərəm ki, reallıqda çox yüksək faiz dərəcələridir və müştərilər bu təkliflərə yanaşmada ehtiyatlı olmalıdırlar.  

– 2017-ci ildə PAŞA Bank, qənaət rejimini davam etdirəcəkmi, yoxsa aktiv inkişafa keçəcək? 

– 2015-2017-ci illər bizim üçün strateji dövrü əhatə edir. Əsas istəyimiz öz mövqeyimizi qorumaq, hazırki makroqtisadi vəziyyətin doğurduğu çətinliklərdə müştərilərimizə dəstək olmaqdır. Gələn il bank daxilində institusional inkişafa önəm verəcəyik. Bazarda əlverişlı məqamlar ortaya çıxarsa, biz də bundan istifadə edəcəyik. 

– Xaricdəki filiallardan bağlanan var, yoxsa əksinə, yenilərinin açılması gözlənilir? 

Doqquz il ərzində Azərbaycan da daxil olmaqla 3 ölkədə fəaliyyətimizi qurduq. PaşaBank Gürcüstan və PaşaBank Türkiyə törəmə banklarımız da gəlirlə işləyir. Strateji olaraq bu üç ölkədə davamlı şəkildə fəaliyyətimizi davam etdirməyi planlaşdırırıq. 2017-ci ildə başqa bir ölkədə törəmə şirkət açmaq kimi planlarımız  isə hələki yoxdur.

 Prezident sahibkarlığın inkişafı ilə bağlı bir neçə prioritet sahəni xüsusi vurğulayıb. Kənd təsərrüfatı və turizm sektoru da bunların arasındadır. Kredit portfelinizdə adıçəkilən sahələrin payı nə qədərdir? 

Turizm sahəsində çalışan hotellərin əksəriyyəti bizim müştərilərimizdir. Onlara maliyyə, bank xidmətləri təqdim edirik. Kənd təsərrüfatı üzrə bir neçə kredit layihəsini qeyd edə bilərəm. PAŞA Bank olaraq, Bərdədə maldarlıq və südçülük emalına 6,5 milyon manat, Qubada meyvəçiliyə 8 milyon manat, Yalamada süd və ət məhsullarının emalına 10 milyon manat kredit ayırmışıq. Buna əlavə olaraq pambıqçılığa 5 milyon manat kredit verdiyimizi də qeyd edə bilərəm.  Zaqatalada fındıqçılığın inkişafına sərmayə  qoyuluşunda maliyyə dəstəyi göstəririk. Bu sektorda 75-80 faiz bazar payına malikik. 

– Suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik. 

– Buyurun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272