BANK

Azərbaycanda lizinqə mane olan səbəblər – AÇIQLANIB
24 OKTYABR
229

Azərbaycanda lizinqə mane olan səbəblər – AÇIQLANIB

2016-10-24 11:41:00

Azərbaycanda lizinin inkişafına mane olan əsas səbəblər bu sahədə güzəştlərin olmaması, normativ hüquqi bazanın qeyri-təkmilliyi və müxtəlif dövlət proqramlarında lizinq xidmətlərinin potensialının lazımınca nəzərə alınmamasıdır. Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının idarə heyətinin sədri Elçin Əhmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda lizinq bazarının inkişafına təkan verəcək əsas stimullar, eləcə də onun inkişafını məhdudlaşdıran məqamlar qanunvericilik sahəsində cəmlənib: «Bu, ölkə hökuməti və parlamenti tərəfindən lizinqin hüquqi və normativ bazasının daimi monitorinqini tələb edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin lizinq fəaliyyətini tənzimləyən müddəalarında mövcud olan boşluqların təftiş edilməsi və ya lizinq haqqında ayrıça qanunun qəbul olunması tələb olunur». 

Assosiasiya rəhbərinin sözlərinə görə, məsələn, mövcud sənədlərdə lizinqin tərifi, onun əsas növləri (əməliyyat, maliyyə, geriyə lizinq kimi və s.), beynəlxalq lizinq haqqında normalar, lizinq sazişlərinin girov və zaminlik təminatı, sığorta edilməsi və s. məsələlər öz əksini tapmayıb: «Bu da şübhəsiz, lizinq şirkətlərinin fəaliyyət sahəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır və ikili şərhlərə gətirib çıxarır. Həmin müddəaların məzmunluğunun genişləndirilməsi və təkmilləşdirilməsinə, onların qəbul olunmuş beynəlxalq normalara tam adekvatlığına nail olmağa imkan verərdi». 

E.Əhmədov bildirir ki, ölkəmizin Beynəlxalq Maliyyə Lizinqi haqqında Ottava Konvensiyasına qoşulması da milli lizinq bazarı üçün vacibdir: «Çünki bu, Azərbaycanda lizinq əməliyyatları həyata keçirərkən xarici investorlara lazımi zəmanət vermək deməkdir». 

Təşkilat rəhbəri lizinq sektoru ilə bağlı bəzi güzəştlərin nəzərdə tutulmasını da vacib sayır: «1 yanvar 2006-cı il tarixinə qədər qüvvədə olan lizinq predmetinə sürətli amortizasiyanın tətbiqi üzrə güzəştlərin bərpa edilməsi məsələsi də xüsusi diqqətə layiqdir. Zaman göstərmişdir ki, onların ləğvi ölkənin iqtisadiyyatında fəaliyyət göstərən müəssisələrin, xüsusilə qeyri-neft sektorunun texnika parkının müasirləşdirilməsinə mənfi təsir etmişdir. Bununla əlaqədar olaraq, Azərbaycanın Vergi Məcəlləsində lizinq sövdələşmələri iştirakçılarının əsas amortizasiya norması üçün xüsusi sürətləndirmə əmsalının (3-dən yuxarı olmamalı) tətbiqi üzrə hüquqlarının nəzərdə tutulması məqsədəuyğun olardı. Bu, lizinq avadanlığına tələbatın stimullaşdırılmasına səbəb ola bilər. Eyni zamanda yerli müəssisələrin xarici avadanlıqlara yüksək tələbatını nəzərə alaraq, beynəlxalq lizinqin inkişafı üçün qüvvədə olan gömrük qanunvericiliyini də təkmilləşdirmək vacibdir».

Assosiasiya rəhbəri lizinq şirkətlərinin kredit reyestrinə qoşulmasını da vaxib sayır: «Banklardan və bank olmayan kredit təşkilatlarından fərqli olaraq, lizinq şirkətləri indiyədək Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası yanında fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) qoşulmayıb (qanunvericiliyə əsasən, bu şirkətlərə yalnız özəl kredit bürolarının fəaliyyəti şamil edilir). Şübhəsiz ki, bu, lizinqalanlar tərəfindən ödənişlərin edilməməsi ilə bağlı risklərin qarşısının alınması imkanlarını azaldır. Buna görə də lizinq şirkətləri üçün Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil olma imkanını əldə etmək zəruridir. Fikrimizcə, bank sektorunda problemli kreditlərin artdığı bir şəraitdə belə məlumatların əldə edilməsi üçün MKR-ə qoşulma olduqca vacibdir».

Lizinqin inkişafına təkan verə biləcək məsələlərdən biri də dövlət proqramlarında lizinqin potensialının nəzərə alınmasıdır: «Azərbaycanda lizinq şirkətlərinin sayının artması ilə onların ixtisaslaşması məsələsi aktuallıq kəsb edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdiyi indiki dövrdə buna daha böyük ehtiyac duyulur. Belə ki, yerli lizinq şirkətlərindən bu sektorun müxtəlif sahələrində həyata keçiriləcək ayrı-ayrı dövlət layihələrinə xidmətdə istifadə oluna bilər. Bu mənada, hazırda tərtib edilən milli iqtisadiyyatın və onun əsas sahələrinin Strateji Yol Xəritəsinə lizinq imkanlarının daxil edilməsi məqsəduyğundur. Məlumdur ki, sənəddə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru inkişafının prioritet istiqamətlərinə xüsusi diqqət yetiriləcək. 

Bununla əlaqədar lizinq qarşısında böyük perspektivlər açılır. Çünki bu parkların rezidentlərinin yüksək texnoloji avadanlıqları lizinq vasitəsi ilə formalaşdırıla və sonradan modernləşdirilə bilər. Bundan başqa, orada istehsal ediləcək məhsulların daxili və xarici bazarlarda satılması da lizinqin köməyi ilə həyata keçirilə bilər. Ona görə də hazırlanan texno və aqroparkların inkişafı proqramlarında, onların təşkil olunmasında və fəaliyyətində lizinq biznesinin potensialını nəzərə almaq faydalı olar». 

E.Əhmədov bildirir ki, lizinq sahəsi yeni yaradılan ailə biznesinə dəstək layihəsi üçün də faydalı ola bilər: «Azərbaycanda yeni yaradılan ABAD mərkəzinin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsində də lizinq mühüm rol oynaya bilər. Məlumdur ki, bu mərkəzin əsas məqsədini sosialyönümlü layihələrin reallaşdırılması, məsələn, kiçik və orta sahibkarlığın inkişafına dəstək, rəqabətə dözümlü ailə təsərrüfatlarının yaradılması təşkil edir. Fikrimizcə, bu işdə lizinq öz töhfəsini verə bilər». 

Nəhayət, bu sahənin inkişafı üçün maliyyə sektoru il bağlı mükəmməl statistik məlumat bazasının olması tələb olunur: «Lizinq sektorunun gələcək inkişafı etibarlı statistik bazanın mövcudluğunu tələb edir. Hazırda belə mükəmməl iqtisadi informasiya mənbəyinin olmaması bu sahədə baş verən prosesləri hətta elementar səviyyədə təhlil etməyə imkan vermir. Sahədə dərin elmi araşdırmaların qıtlığı bir çox hallarda bununla izah olunur. Eyni zamanda hesab edirik ki, respublikanın bir sıra ali məktəblərində lizinq sahəsində ixtisaslı mütəxəssislərin hazırlanmasının genişləndirilməsi zəruridir».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275