BANK

«Görsələr ki, pulum var, borc istəyəcəklər» – «BANK STANDARD»DAN REPORTAJ
11 OKTYABR
1212

«Görsələr ki, pulum var, borc istəyəcəklər» – «BANK STANDARD»DAN REPORTAJ

2016-10-11 15:33:00

«BankStandard»dakı əmanətlərin qaytarılması prosesi gözlənildiyi kimi, bankın qarşısında böyük izdihamın yaranması ilə müşayiət olundu.

Fins.az-ın xəbərinə görə, müştərilərin əmanətlərinin qaytarılmasına səhər saat 9-dan etibarən bankın bütün ofislərində başlanıb. Əsas müştəri axını isə təbii ki, bankın Azərbaycan prospektindəki baş ofisinə idi. 

Prosesə rəhbərlik etmək üçün Əmanətlərin Sığortalanması Fondunun  rəhbərliyi, o cümlədən icraçı direktor Azad Cavadov baş ofisdə idi. 

«Gündə 500 nəfərin əmanətini qaytarırıq»

Bankın qarşısındakı sıxlığa baxmayaraq ofisə daxil olub icraçı direktorla görüşmək çətin olmadı. Fins.az əməkdaşının suallarına həvəslə cavab verən A.Cavadovun sözlərinə görə, ilk günlərdə tələbatın böyük olduğunu nəzərə alaraq əmanətlərin qaytarılması prosesi axşam saat 8-dək davam edəcək. Nəticədə, gün ərzində 500 nəfərədək vətəndaşın əmanəti qaytarıla bilər.

Ümumilikdə, əmanətçilər buradakı pullarını bir il ərzində götürə bilərlər. Əhali əmanətlərini almaq üçün "Bank Standard"in bütün regional bölmələrinə və filiallarına müraciət edə bilərlər. 

Təqaüdçülər növbəsiz buraxılırdı

Bank Standartın baş ofisinin qarşısından apardığımız müşahidələr əmanətçilərin sayının böyük olduğunu və onların öz pullarını mümkün qədər tez almaq istədiklərini göstərirdi. Bəzi əmanətçilər növbənin böyük olmasından şikayətlənsələr də, ümumilikdə təşkilatçılıq pis deyildi. Belə ki, əmanətçilərin pulu növbəyə yazılmaqla qaytarılır. Bununla yanaşı, səhər saatlarından başlayan prosesdə birinci olaraq təqaüdçülər növbəsiz buraxılırdı.

İçəriyə daxil olan müştərilərə ilk növbədə onlara Əmanətlərin Sığortalanması Fondunun adına yazılmış kompensasiyanın ödənilməsi haqqında ərizə forması təqdim olunur. Ərizə doldurulduqdan sonra əmanətçiyə ödəniş verilir. 

«Dedilər əmanətin çoxdur, sonra yaxınlaş»

Pullarını alan əmanətçilərin bir hissəsi pullarını aldıqlarından razılıq edirdilər. Rövşən adlı əmanətçi isə artıq pulunu aldığını və əmanətin qaytarılması zamanı heç bir problemlə üzləşmədiyini bildirdi.

Adını demək istəməyən bir əmanətçi bu gün 20 minə qədər məbləğdə əmanət yatıranların pullarını aldığını, onda isə əmanətinin məbləği yüksək olduğundan başqa günə təyin olunduğunu bildirdi.

Əmanətçi yalnız növbəlik sisteminin nizamsız olduğunu qeyd etdi. Əmanətini manatla banka yatıran əmanətçi, Orxan adlı şəxs əmanətini manatla da geri aldığını bildirdi.  Sorğu zamanı oda bəlli oldu ki, dollarla əmanət yatıran dollarla, manatla əmanət yatıran isə əmanətini manatla geri ala bilirlər. Əmanətçiləri ən çox razı salan da bu idi.

«Görsələr ki, pulum var, borc istəyəcəklər»

Bəzi əmanətçilər isə pullarını aldıqlarını hər vəhclə gizlətməyə çalışırdılar. Belələri fins.az-a yalnız adlarını açıqlamamaq şərtilə müsahibəyə razılaşdılar. Səbəbi isə odur ki, bəziləri hesab edir ki, onların pullarının olduğunu bilən yaxınları onlardan kömək və ya borc pul istəyəcəklər: «Görsələr pulum var, tez gəlib borc istəyəcəklər». 

Tibbi yardım lazım olmadı

Əmanətçilərin sayının çox olduğundan  "Bank Standard"ın qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib, əraziyə  post-patrul xidmətinin əməkdaşları, hətta təcili tibbi yardım xidməti də cəlb edilmişdi. Amma biz orada olduğumuz müddətdə tibbi yardıma ehtiyacı olan olmadı. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272