BANK

Banklarda əmanətlər niyə artır? – SƏBƏBLƏR
10 OKTYABR
773

Banklarda əmanətlər niyə artır? – SƏBƏBLƏR

2016-10-10 09:32:00

Bu ilin may-iyun-iyul aylarında əhalinin banklara yerləşdirdikləri əmanətlərin həcmində artım tendensiyası müşahidə olunur. Fins.az xəbər verir ki, avqustun 1-dək əhalinin banka qoyduğu əmanətlərin həcmi 7931,9 milyon AZN təşkil edib.   

Əmanət qıtlığı  

01.06.2016-cı ilə olan analoji rəqəm 7 565,9 milyon AZN olub. Aylar arasında ən böyük artım iyun-iyulda olub. Belə ki, əmanətlərin həcmi 7 565,9 milyon AZN-dən 7 815,6 milyon AZN-ə yüksəlib.

Qeyd edək ki,  2015-ci ilin dekabr devalvasiyasından sonra bank sektorunda ardıcıl olaraq başlanan mənfi tendensiyalar əhalinin bank sektoruna inamını azaltdı, eyni zamanda ölkədə investisya mühitinin zəifləməsinə səbəb oldu. Bunu əmanətlərin həcmində də görmək mümkündür. Belə ki, 01.01.2016-cı il tarixinə əhalinin banklarda əmanətləri 9 473,9 milyon AZN təşkil edirdi. Bundan sonra bankların bağlanması prosesi əhalinin əmanətlərini sürətlə banklardan çıxarmasına gətirib çıxartdı, nəticədə 4 ay ərzində əhalinin banklardakı əmanətləri nəinki artım tendensiyasını dayandırdı, üstəlik 2 milyard manat azaldı.   

Banklara pul qoyanlar kimlərdir?

Hazırda əmanətlərin həcminin artması tendensiyası müşahidə olunur. Əhalinin pul gəlirlərinin azaldığını və yaşayış meyarlarından biri olan ərzaq zənbilinin bahalaşmasınl nəzərə alsaq, əmanətlərin artım dinamikasında bir neçə nüansı nəzərdən keçirə bilərik. Bunlardan birincisi əlbəttə, artıq sınaqdan keçmiş və bağlanmayacağına əmin olduğumuz bankların adlarının ictimaiyyətə bəlli olmasıdır. Yəni, bir müddət banklardan geri çəkdiyi vəsaiti yastıq altına qoyan ölkə əhalisi yenidən onu daha likvid sayılan əmanət formasında banklara qoymağa qərar verdilər.

İkinci səbəb isə ekspert Əli Əhmədovun fikrincə,  Azərbaycanda investisiya mühitinin pisləşməsi fonunda sərmayədarların əllərindəki pulu passiv formada banklarda yerləşdirmələridir. Çünki hazırda ölkə iqtisadiyyatında hansı sektorların inkişaf edəcəyi ilə bağlı qeyri-müəyyənlik var, hələki neftin qiyməti qalxmır, gələn il ölkə büdcəsinin builki səviyyədə qalması və s. bunların hamısı ölkədə investisiya fəallığının ciddi olmayacağının göstərir. Belə vəziyyətdə investorların əksəriyyəti gözləmə mövqeyi tutmağı üstün tuturlar:

Əhali və investorlar üçün azsaylı investisiya alətlərindən biri də Dövlət Neft Şirkətinin dövriyyəyə buraxmağa hazırlaşdığı SOCAR istiqrazlarıdır. Ekspertin sözlərinə görə, bu istiqrazlar 5 il müddətinə, illik 5% gəlirliliklə buraxılacaq ki, bu da bankların əksəriyyətinin təklifindən daha sərfəlidir: «Məsələ bundadır ki, Əmanətlərin Sığortalanması Fondu yalnız illik 3%-lə qəbul edilmiş dollar əmanətlərini sığortalayır, istiqrazlarda isə gəlirlik 5%-dir. İstiqrazların dollarla buraxılması isə gələcəkdə manatın ucuzlaşması ehtimalı ilə bağlı narahatlığını aradan qaldırmalıdır. Bu mənada, növbəti aylarda böyük ehtimalla istiqrazlara yatırımların artacağını müşahidə edəcəyik». 

“Bunlar adi əhali deyil ki, banklardan pullarını götürərək evdə saxlasınlar. Onlar riskləri düzgün qiymətləndirirlər və öz sərmayələrini ən azı əmanət şəklində banklarda yerləşdirirlər.  Bankllarda əmanətlərin artmı ancaq onunla bağlıdır ki, alternativ investisiya imkanları mövcud deyil”. Ə.Əhmədov hesab edir ki, banklarla bağlı problemlər hələ də qalır, lakin əmanətlərin bir üstünlüyü var ki, onlar likviddir. Gəlirliyi minimum olsa da, hələki investorlar banklarda vəsaitlərini saxlamağa üstünlük verirlər. 

İnvestisiya imkanları açılmalıdır

Qeyd edək ki, əsas investisiya imkanları daşınmaz əmlak bazarı sayılırdı. Lakin indi onun cəlbediciliyi əvvəlki kimi deyil. Bazarda böyük oyunçular var və mənzil tikintisi ilə məşğul olmaq əvvəlki tək gəlir gətirmir. Bu seqmentdə yalnız premium tikililərdən gəlir götürmək mümkündür, onların da alıcıları yoxdur.

Digər tərəfdən torpaq üzərində dövlətin nəzarəti artıb. Dövlət torpağa pul yatırıb onu istifadəsiz şəkildə saxlamağın qarşısını alıb. Ə.Əhmədovun sözlərinə görə, əvvəllər investorlar böyük əraziləri alır, ondan istifadə etmədən bahalaşma nəticəsində öz qazanclarını götürürdülər. İndi isə hökümət torpağı alıb passiv şəkildə saxlayanlara qarşı böyük məbləğdə cərimələr tətbiq edir: “Məncə, vaxtında hökumət  investisiya imkanlarını açmasa, həmin vəsaitlər xarici ölkələrə istiqamətlənə bilər. Bu isə arzuolunmaz iqtisadi prosesdir”.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275