BANK

Mərkəzi Bank valyuta ehtiyatlarını qorumağa çalışacaq – SƏBƏBLƏR
03 OKTYABR
1264

Mərkəzi Bank valyuta ehtiyatlarını qorumağa çalışacaq – SƏBƏBLƏR

2016-10-03 14:29:00
İyun ayından başlayaraq Mərkəzi Bankın valyuta ehtiyatlarında qeydə alınan azalma avqust ayında yenidən artım dinamikası göstərib. Fins.az xəbər verir ki, avqustun sonuna olan göstəricilər 30 milyon dollar arataraq 4192.5 milyon dollara yüksəlib. 

Valyuta ehtiyatında iyul enişi

Qeyd edək ki, iyun ayının sonuna olan məlumata əsasən,  valyuta ehtiyatları 4283,9 milyon ABŞ dolları olub. İyul ayında isə bir qədər də azalaraq 4162,9 milyon dollara düşüb. Sentyabr ayı üzrə nəticələr hələ açıqlanmayıb. Ehtimallara görə, sentyabr ayından başlayaraq, Mərkəzi Bankın valyuta hərracında aktiv iştiraka qoşulması 3-cü rübün sonunda göstəricilərin dəyişəcəyini deməyə  əsas verir. 

Sentyabrda "dollar bolluğu"    

Qeyd edək ki, Mərkəzi Bank sentyabr ayından başlayaraq, hərraca dollar çıxarır. İlk dəfə sentyarın 8-də hərraca Dövlət Neft Fondu tərəfindən 200 milyon ABŞ dolları və Mərkəzi Bank tərəfindən 100 milyon ABŞ dolları olmaqla, ümumilikdə 300 milyon ABŞ dolları çıxarıldı. Vəsaitlər, həmçinin Mərkəzi Bankın bazara çıxartdığı 100  milyon manat tamamilə alındı. Dollar ajiotajı səıngiyəndən sonra baş tutan digər valyuta hərraclarında isə artıq əsas  dollar təminatçısı olaraq yenidən Neft Fondunun vəsaitləri istifadə edildi. Sentyabr ayında baş tutan sonuncu hərracda  Dövlət Neft Fondu 100 milyon ABŞ dolları, Mərkəzi Bank isə 50 milyon ABŞ dolları hərraca çıxardı. Fondun vəsaitlərindən cəmi 48,9 milyon ABŞ dolları satıldı. Mərkəzi Bankın hərraca çıxardığı valyuta isə tələbat olmadığından növbəti dəfə toxunulmaz qaldı.

Öncə Fondun dolları satılır...

Qeyd edək ki, valyuta hərracında bir qayda olaraq Neft Fondunun bazara çıxartdığı vəsaitlər satılır. Yalnız onun çıxartdığı vəsait tam alınandan sonra tələbin qalan hissəsini Mərkəzi Bank ödəyir. Öz növbəsində Neft Fondu aldığı manat kütləsini büdcəyə etdiyi transfertlərdə istifadə edir. Gözlənilir ki, sonuncu rübdə Fondun hərraca çıxartdığı dolları banklar tam almasa belə Mərkəzi Bank alacaq. Çünki Fondun büdcə qarşısında olan öhdəliklərini tam yerinə yetirmək üçün manat kütləsinə tələbi artacaq.  Eyni zamanda dollar kütləsini almaqla Mərkəzi Bank öz valyuta ehtiyatlarını yüksəltməyə çalışacaq. 
Xatırladaq ki, 2016-cı sentyabrın 22-nə olan məlumatlara əsaslanan iqtisadçı Samir Əliyev  ümumilikdə valyuta hərracı vasitəsilə 4,6 milyard dollar satıldığını hesablamışdı. Bunun təxminən 3,8 milyard dolları Neft Fondu, 833 milyon dolları Mərkəzi Bank tərəfindən satılıb. S.Əliyev Mərkəzi Bankın hətta aprel-may aylarında 200 milyon dollardan çox alış etdiyini də vurğulamışdı. 

Mərkəzi Bank aktivliyini belə izah edir ki... 

..Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi yalnız məzənnənin kəskin qısamüddətli tərəddüdlərinin tənzimlənməsinə yönəlib.  Son vaxtlar inflyasiyaya təsir edən bir sıra daxili və xarici amillərin davranışındakı dəyişiklikləri nəzərə alaraq əlavə antiinflyasiya tədbirlərinin həyata keçirilməsinə zərurət yaranıb. Bu istiqamətdə mühüm addımlardan biri kimi kəskin məzənnə tərəddüdlərini tənzimləmək, bununla da valyuta bazarında gözləntilərə və tarazlığa təsir etmək məqsədilə də Dövlət Neft Fondu və Mərkəzi Bankı tərəfindən valyuta hərraclarında xarici valyutanın təklifi əhəmiyyətli artırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272