BANK

Neft Fondundan "Deutsche Bank" – AÇIQLAMASI
03 OKTYABR
474

Neft Fondundan "Deutsche Bank" – AÇIQLAMASI

2016-10-03 12:00:00

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin bir hissəsinin "Deutsche Bank"ın törəmə şirkətinə (subsidiary) idarəetməyə verilməsi Almaniya bankının cari maliyyə vəziyyətinin pisləşməsi fonunda ARDNF-in valyuta ehtiyatlarına təhlükə yaratmayacaq. 

"Deutsche Bank"ın cari maliyyə vəziyyəti ilə əlaqədar ARDNF-in hər hansı problemlə (maliyyə itkiləri) üzləşməsi mümkünlüyü ilə bağlı "Report"un sualına cavab olaraq ARDNF-dən bildirilib ki, xarici menecer kimi fəaliyyət göstərən "Deutsche Asset & Wealth Management İnternational GmbH." bütün investisiyalarını Fondun adından edir: "Alınmış bütün qiymətli kağızlar ARDNF-in mülkiyyətindədir. Menecer şirkətin idarəetməsində olan aktivlər ARDNF-in kastodial (depozitar) bankı olan "Bank of Nyu-York Mellon"da saxlanılır".

Fonddan verilən açıqlamada həmçinin qeyd olunub ki, ARDNF-in investisiya portfelində "Deutsche Bank"ın istiqrazlarına investisiyalar mövcuddur. Bu tip investisiyalar qısamüddətli və çox likvid olduğundan, ARDNF istənilən an bu qiymətli kağızları fond bazarında likvidləşdirə biləcəyini vurğulayıb.

Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyinin 2008-ci ildə baş verən maliyyə böhranı zamanı "Deutsche Bank"ı ipoteka dəstəkli qiymətli kağızların satışı zamanı saxtakarlıqda ittiham edərək, ona qarşı gözlənilən məbləğdən bir neçə dəfə çox artıq - 14 mlrd. dollar miqdarında cərimə iddiası qaldırıb. Bu da Bankın səhmlərinin düşməsinə, istiqrazlarının isə faizinin artmasına səbəb olub. Belə ki, 2007-ci ilin mayında tarixi rekord səviyyə - 103,14 avroya yüksələn "Deutsche Bank"ın bir səhminin qiyməti 9 il ərzində 10 dəfədən də çox azalaraq 9,90 avroya düşüb. Lakin cümə günü, sentyabrın 30-da ABŞ Ədliyyə Nazirliyi ilə Bankın 5,4 mlrd. dollar kompensasiya məbləğində anlaşdıqları xəbərinin maliyyə bazarlarında yayılmasından sonra səhmlərin qiyməti 6,4% artaraq 11,57 avroya yüksəlib.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272