BANK

Banklardan SOCAR istiqrazlarına böyük maraq
29 SENTYABR
537

Banklardan SOCAR istiqrazlarına böyük maraq

2016-09-29 17:17:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) buraxdığı istiqrazlar əhali ilə yanaşı, bank sektorunun da böyük marağına səbəb olub. Bank sektorundan fins.az-a verilən məlumata görə, hazırda ölkə banklarının əksəriyyəti bu istiqrazları almağa maraq göstərir və buna hazırlaşırlar.

Qeyd edək ki, SOCAR-ın istiqrazları 100 milyon dollar həcmində, ilik gəlirliyi 5% olmaq şərtilə, 5 illik müddətə buraxılacaq. İstiqrazlar üzrə faizlər 3 aydan bir olmaqla istiqraz sahibinə ödəniləcək.   

Fins.az-ın məlumatına görə, istiqrazlar o qədər də böyük olmayan həcmdə, cəmi 100 milyon dollar məbləğində buraxıldığından və əhali arasında istiqrazlara böyük maraq olduğuna görə, banklar istiqrazlardan istədikləri qədər ala bilməyəcəklərindən narahat olublar.

Məsələ bundadır ki, qaydalara görə, istiqraz satışı zamanı ilkin mərhələdə fiziki şəxslərə (əhaliyə) üstünlük veriləcək, bundan sonra isə hüquqi şəxslər istiqraz alacaqlar. 

Ekspertlər bankların SOCAR istiqrazlarına belə böyük marağını təbii sayırlar. Onların sözlərinə görə, hazırda banklar dollar vəsaitlərini sərfəli yerləşdirməklə bağlı çətinliklər yaşayırlar. Məsələ bundadır ki, banklardakı əmanətlərin böyük hissəsi manatdan dollara çevrilib, nəticədə hazırda əmanətlərin 81%-i dollarda saxlanılır. Banklar isə bu vəsaitləri yerləşdirməkdə çətinlik çəkirlər: «Əhali və biznes dollarla kredit götürməkdən çəkinir, onlar gələcək risklərdən qorunmaq üçün yalnız yerli valyutada kredit götürməyə üstünlük verirlər». 

Nəticədə banklar hazırda bazarda olan ən etibarlı alət olaraq SOCAR istiqrazlarına maraq göstərirlər: «Bu istiqrazlar vasitəsilə vəsaitləri nəinki etibarlı qorumaq hətta illik 5% gəlir əldə etmək olar. Bazardakı digər təklifləri nəzərə alanda bu daha sərfəli variantdır». 

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə dollarla qorunan əmanətlər üzrə maksimum faiz dərəcəsi 3% təşkil edir. Başqa sözlə banka dollarla qoyulan əmanətlər yalnız o zaman qorunur ki, onların illik faiz dərəcəsi 3%-dən çox olmasın. 

Başqa sözlə, maliyyə məsələlərindən daha məlumatlı olan bank nümayəndələri istiqrazların üstünlüklərini dərhal anlayıblar. 

Qeyd edək ki, SOCAR istiqrazlarının satışına sentyabrın 20-dən başlanıb, proses oktyabrın 10-dək davam edəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275