BANK

Niyə avrobond yox, SOCAR istiqrazları? – MÜSAHİBƏ
28 SENTYABR
979

Niyə avrobond yox, SOCAR istiqrazları? – MÜSAHİBƏ

2016-09-28 11:19:00

SOCAR Azərbaycan vətəndaşları üçün yeni investisiya imkanı təqdim edir. Son zamanlar əhali arasında bu ən aktiv müzakirə olunan xəbərlərdən biridir. Biz öz növbəmizdə isə xəbəri bu sahənin peşəkarı ilə müzakirə etdik. Müsahibimiz AzFinance İnvest şirkətinin direktor müavini İntiqam Səfərəliyevdir.

– Sizcə, SOCAR niyə məhs indi istiqraz buraxdı?

 Düşünürəm ki, hökumət xeyli müddətdir ki, dollara çevrilmiş və iqtisadiyyatdan çıxarılaraq yastıq altında və ya bank seyflərində saxlanılan pul vəsaitlərini iqtisadiyyata yəni, dövriyyəyə geri qaytarmaq istəyir. Bu məqsədlə ilk öncə dollar nominasiyalı dövlət istiqrazları buraxıldı, onların illik gəlirliyi 3-3.5% təşkil edir. Daha sonra isə ölkənin ən böyük şirkəti və brendi olan SOCAR vasitəsilə dollar vəsaitlərini iqtisadiyyata çəkməyə çalışılır. 

– Necə düşünürsüz istiqraz buraxmaqdan başqa yol yoxdurmu?

– Ümumiyyətlə, dollarda olan vəsaitin gəlir gətirməsi üçün cəmi 3 istiqamətdə investisiya etmək olar: 1) ABŞ və digər dolları valyuta kimi qəbul etmiş iqtisadiyyatlara investisiya etmək; 2) dolları manat və digər valyutaya konvertasiya etmək və həmin ölkələrin iqtisadiyyatına investisiya etmək; 3) dollar şəklində borc vermək.

İstiqraz vasitəsilə əhalidən borc almaq bank olmayan şirkətlər və ümumiyyətlə dövlətlər üçün hüquqi və praktiki cəhətdən ən optimal yoldur. Bu klassik metod 100 illərdir tətbiq edilir və təşəkkür tapıbdır. Sualınızın cavabı belədir ki, insanların vəsaitinin 80%-dən çoxunun dollarda olması və həmin vəsaitin öz iqtisadiyyatımıza investisiya edilməsini təmin etmək üçün ölkənin ən böyük “blue chip”-nin dollar nominallı istiqrazlar buraxması ən optimal həlldir.

– İstiqrazların gəlirliyi Sizcə qənaətbəxşdirmi?

Borc alan tərəfdən baxsaq, faiz nə qədər aşağı olarsa o qədər yaxşıdır. Gəlin bir Azərbaycan vətəndaşı və investoru kimi məsələyə yanaşaq. Tutaq ki, mənim 5 000 dollarım vardır və bu vəsaiti xərcləmək və ya itirmək istəmirəm. Onu ən yaxşı halda qoruyub saxlamalıyam. Son zamanlar bəzi bankların bağlanması ilə əlaqədar vəsaitimi banka depozitə də yerləşdirmək istəmirəm. İstəsəm də belə cəmi 3% qazanacam. Bu halda vəsaiti ya evdə və ya bank seyfində saxlamağı düşünürəm. Elə bir yer olmalıdır ki, itirməyəcəyimdən əmin olum. Məgər evdə vəsaiti saxlamaq təhlükəsizdirmi? Əksinə, həmin vəsaiti bizə həyati təhlükə də vəd edir. Bəs bank seyfinə yerləşdirsəm vəsaiti bu halda aylıq və ya illik komissiya da ödəməliyəm və eyni zamanda bank riski ilə üz-üzəyəm. Demək ki, bu istiqrazlar hətta faiz almasam belə vəsaitimi saxlamaq üçün ən yaxşı yerdir. Hətta SOCAR üstəlik 5% illik gəlir verir. Bəs vəsaitimi istənilən vaxt götürə bilərəmmi? İş günləri investisiya şirkətimə bir zəng edirəm ki, mənim istiqrazlarımı sat. Ən pis halda market meykerə satıb vəsaiti istədiyim hesaba köçürəcəkdir və ya nağd formada növbəti gün götürəcəyəm vəsaiti. 

– Bu qədər sadədirmi?

 Əlbəttə. SOCAR-ın prezidenti Rövnəq Abdullayev  təqdimat mərasimində elan edib ki, SOCAR istiqrazlara likvidlik verəcəkdir. Bunun bir yolu var: anderrayter və ya digər investisiya şirkəti Bakı Fond Birjası ilə market meyker müqaviləsi bağlayıb hər gün alış və satış sifarişləri təqdim etmək üçün öhdəlik götürəcəkdir. SOCAR da bu prosesi əlavə müqavilə ilə maliyyələşdirə bilər. Bu halda həmin investisiya şirkəti hər gün saat 10:00-dan 15:30-dək alış sifarişini BFB-yə yerləşdirməlidir. Sizin investisiya şirkətiniz həmin qiymətlə satış sifarişi yerləşdirən zaman sistem avtomatik əqd bağlayır və sizin MDM-dəki hesabınıza istiqrazların dəyəri daxil olur. Ən gec növbəti gün vəsaitiniz əlinizdə olur. 

– Bu istiqrazlara alternativ varmı?

 Əlbəttə, vardır. Ümumiyyətlə, dünyanın bir çox şirkətləri və ölkələr dollar istiqrazları yəni avrobondlar buraxırlar və onlar investorlar arasında ticarət edilir. Digər tərəfdən ABŞ şirkətlərinin səhmləri birjada aktiv ticarət edilir və bizim şirkətimizin vasitəsilə siz asanlıqla bu alətləri ticarət edə bilrəsiniz. Lakin avrobond almaq üçün milyonlarla vəsait investisiya etmək daha effektivdir. Xarici emitentlərin səhmlərini ticarət etmək isə müvafiq təcrübə tələb edir. Siz Azfinance vasitəsilə təcrübə də əldə edə bilərsiniz və ya vəsaitinizi investisiya şirkətinə idarəetməyə verə bilərsiniz. 

– Maraqlıdır, amma bu barədə ictimaiyyətin məlumatı çox azdır...

– İnvestisiya vəsaitlə olur. Bu səbədən bu xidmətlər adətən məhdud investor auditoriyalarına təqdim edilir (yəni vəsaiti olan adamlara - red.). Lakin artıq Azərbaycanda çox geniş investor kütləsi yaranmışdır və SOCAR da digər mənbələrdən daha aşağı faizlə vəsait cəlb edə bildiyi halda, bu investorların maraqlarını kapital bazarına cəlb etmək üçün istiqrazları kütləvi şəkildə təbliğ edir. 

-          Maraqlı müsahibə üçün Sizə təşəkkür edirik!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275