BANK

1 dollar 2 manat olsa... – BANKİRDƏN AÇIQLAMA
27 SENTYABR
722

1 dollar 2 manat olsa... – BANKİRDƏN AÇIQLAMA

2016-09-27 09:54:00

“1 dollar 2 manata qalxsa, bunun bank sektoru üçün pis nəticələri olacaq”

Fins.az xəbər verir ki, bunu “Marja”ya adının açıqlanmasını istəməyən, banklardan birinin İdarə Heyətinin sədri bildirib.

“Hamı üçün pis olacaq. Bu arzuolunmaz haldır. Biz bir neçə xarici məsləhətçilər ilə görüşmüşük. Onlar bizim keçdiyimiz belə iqtisadi vəziyyətləri görüblər və bildirirlər ki, məzənnə 2 manata qalxsa Azərbaycan iqtisadiyyatı üçün yaxşı olmayacaq. Bazara mütləq şəkildə məzənnənin sabitləşməsi lazımdır. Mən iş adamları ilə görüşürəm. Onlar bildirirlər ki, məzənnənin nə qədər qalxacağını bilmədikləri üçün iş görə bilmirlər”.

Bankir, “dollar 1.50-yə düşəndə biz manat vəsaitlərinin banka gəldiyini müşahidə etdik” deyərək sözlərinə belə davam etdi:

“Depozitlər də qayıtmağa başladı. Biz gündə 3 dəfə depzoit portfelinin hərəkətliliyini müşahidə edirdik. Çünki məzənə nisbətən sabitləşmiş və sığortalanan dollar əmanətinin faizi 3%-ə salınsa da, manat əmanətləri üzrə 12%-də saxlanılmışdı. Əlində 100 min dollar pulu olan, məzənnənin sabitləşdiyini görüb onu manatla və 12%-lə banka yatırırdı. Bu, bizə də sərf edir, istəyirik manat cəlb edək. Çünki hamı krediti manatla istəyir. Bu gün isə banklarda manat da qıtdır. Əhalinin əmanətlərinin 80%-dən çoxu dollardadır. Yenidən məzənənin qalxması iş adamlarını və əhalini çəkindirir”.

Bank sədrinin sözlərinə görə, borc alanların düzgün  proqnoz verə bilmələri üçün məzənnə sabit olmalıdır:

“Etiraf edək ki, bu gün Azərbaycan bir çox məhsullar üzrə idxaldan asılıdır. Bəzi yerli istehsal sahələri də avadanlıq və xammalı idxal edirlər. Deməli, qeyri-neft sektorunda çalışan biznes subyektləri idxal ilə məşğul olduqlarından məzənnəyə xeyli bağlıdırlar. Tutaq ki, bir sahibkar xaricdən süd məhsulları idxal edib, marketlərə paylayır. Sahibkar hansısa kursla hesablayıb, mala manatla fiks qiymət qoymalıdır. Əgər idxalçı malı alan zaman dolların məzənnəsi 1.55 manat idisə, sahibkar da bu məzənnəyə uyğun mala manatla qiymət qoyur. Onun qiyməti hər dəqiqə dəyişmək imkanı yoxdur. Bu gün məzənnə 1.70 manata qalxırsa, həmin sahibkarın ya gəliri azalacaq ya da zərər edəcəkdir. Bu zaman idxalçı sahibkarın bank ilə münasibətləri pozulur. Bir idxalçı banka gəlir və ona 100 min avroluq  xarici qarantiyanın açılmasını istəyir. Bu qarantiyaya əsasən, xaricdəki istehsalçı Azərbaycandakı idxalçıya malları nisyə göndərir. Bank da zamin durub. Məzənnə qalxanda idxalçı satdığı maldan mənfəət əldə edə bilmir. Bank ondan 100 min avronun ödənilməsini tələb edəndə, öhdəliyini yerinə yetirə bilmir”.

Bankir qeyd edib ki, Dollar/Manat məzənəsi qalxan zaman iş adamları manatda olan dövriyyə kapitallarını dollara çevirib gözləyirdilər:

“Zülümlə mal gətirib satmaqdansa, əlində olan pulu dollara çevirib saxlamaq daha sərfəlidir, çünki məzənnə qalxır. Çoxları artıq foreks ilə məşğul olmağa başlamışdı. Əvvəllər iş adamları, dollar əmanətinin faizi yüksək olduğundan vəsaitlərinin banklarda saxlayırdılar, indi isə dollara çevirib özlərində saxlayırlar, çünki məzənnənin qalxması bankın təklif etdiyi faizdən daha çox gəlir gətirir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272