BANK

Yüksək faiz əhali və şirkətlərin kredit ödəməsini - ÇƏTİNLƏŞDİRƏCƏK
19 SENTYABR
547

Yüksək faiz əhali və şirkətlərin kredit ödəməsini - ÇƏTİNLƏŞDİRƏCƏK

2016-09-19 00:47:00

"Moody's": Azərbaycanda uçot dərəcəsinin artırılması bankların mənfəətliliyinə təzyiq göstərəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) inflyasiyanın cilovlanması və milli valyutanın kəskin dalğalanmasının qarşısının alınması tədbirləri çərçivəsində uçot dərəcəsini sentyabrın 14-dən etibarən 9,5%-dən 15%-ə çatdırması ölkədə fəaliyyət göstərən kommersiya banklarının maliyyələşmə xərclərini artıracaq, xalis faiz gəlirlərini aşağı salacaq.

"Moody's" beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı hazırladığı növbəti hesabata görə, yüksək faiz mühiti istehlakçıların və şirkətlərin kreditödəmə qabiliyyətiyini aşağı salacaq, bankların aktivlərinin keyfiyyətini azaldacaq və ən önəmlisi, bankların yeni borc almaq imkanlarını məhdudlaşdıracaq. Agentlik, Azərbaycan banklarının 2016-cı ili zərərlə başa vuracağını gözlədiyini bildirib.

"Moody's" hesab edir ki, AMB manatın devalvasiyası və inflyasiyaya nəzarət səbəbindən uçot dərəcəsini 2015-ci ilin sonundakı 3%-dən hazırda 15%-ə yüksəldib. Manat bu il 5,5%, 2015-ci ildə isə təxminən 50% devalvasiya edilib. Neft qiymətlərinin azalması ölkədə dollara tələbi artırıb, nəticədə, üzən məzənnə rejimi tətbiq olunub. İnflyasiya 2016-cı ilin avqustun 1-nə 10,6% təşkil edib ki, keçən ilin analoji dövründə inflyasiya 3,8% olub.

Agentlik uçot dərəcsinin artırılmasının bankların maliyyələşmə xərclərini artıracağını, həmçinin AMB-nin banklara verdiyi kreditin maya dəyərini yüksəldəcəyini bildirib. "Moody's" AMB-nin son bir il ərzində kommersiya banklarını maliyyələşdirməsini artırdığını və hazırda bank sisteminin öhdəliklərinin 20%-nin AMB kreditlərinin payına düşdüyünü qeyd edib.

Agentlik uçot dərəcəsinin artırılmasının istehlak kreditlərinin maya dəyərini artırmaqla bərabər onlara olan tələbi azaldacağını vurğulayır. Həmçinin, kredit borcunu ödəmək qabiliyyətinin aşağı düşəcəyi qeyd olunur. Bankların məcburi kapitallaşmanı artırması manat likvidliyinin azalması, zəif kredit tələbi və valyuta kreditləşməsində normativ məhdudiyyətlər ilin ilk 7 ayı ərzində bankların problemli kreditlərinin 23% azalmasına gətirib çıxarıb.

Bankların yüksək faizlə maliyyələşməsi və kreditləşmədə məhdud imkanlar yeni borcların alınmasını çətinləşdirəcək və nəticədə, bankların xalis faiz gəlirlərinin azalmasına səbəb olacaq. Belə ki, bankların verdiyi uzunmüddətli kreditlərlə müqayisədə maliyyələşmə faizləri daha tez dəyişməyə başlayıb. Bu da bankların gəlirlərinin azalmasına və nəticə etibarı ilə pisləşən əməliyyat mühitində bankların kredit xərclərini örtmək imkanında olmayacağını göstərir.

Eləcə də bax: Uşaqlarını da girov qoya bilərdilər - KREDİTLƏR BARƏDƏ MARAQLI FAKTLAR

(Report)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270