BANK

"Bank hərraca gəlirsə, dollar alırsa, niyə dollar satmır?"
06 SENTYABR
1785

"Bank hərraca gəlirsə, dollar alırsa, niyə dollar satmır?"

2016-09-06 16:41:00
İqtisadçı alim Vüqar Bayramov hesab edir ki, indiki vəziyyətdə atılmalı addımlardan biri də valyutadəyişmə məntəqələrinin bərpası, "qara bazar”ın ləğvidir:
 
"Mərkəzi Bank tərəfindən valyutadəyişmə məntəqələrinin ləğv edilməsi doğru addım deyildi. Prosesdə kommersiya banklarının dominantlığının artırılması "qara bazar”ın formalaşmasına imkan verdi. Artıq "qara bazar” var və bu bazar bir sıra banklar tərəfindən dəstəklənir. Banklarda dollar tapmaq olmur, amma "qara bazar”da tapılır. "Qara bazar”ın leqallaşdırılması, aradan qaldırılması vacibdir. Bunun leqallaşdırılması üçün də valyutadəyişmə məntəqələrinin fəaliyyətinə icazə verilməsinə ehtiyac var. Hər rayon üçün müəyyən limitlər müəyyənləşdirə bilərlər. Bakı rayonlarının hərəsində orta hesabla 5 valyutadəyişmə məntəqəsi ola bilər. Valyutadəyişmə məntəqələrinin Bakının mərkəzi rayonları üzrə daha çox olması məqsədəuyğundur. Çünki mərkəzi rayonlarda daha çox turist olur. Mərkəzdən kənar rayonlarda isə nisbətən az valyutadəyişmə məntəqəsi fəaliyyət göstərə bilər. Bütün hallarda, valyutadəyişmə məntəqələrinin fəaliyyətinə yenidən icazə verilməsi olduqca vacibdir”.
 
İqtisadçı deyir ki, bankların xüsusilə dollar alış-satışı ilə bağlı fəaliyyətlərinin monitorinqinin aparılması vacibdir: "Təxminən 28 kommersiya bankı hərraclarda Dövlət Neft Fondunun təklif etdiyi 50 milyon dolları alıb. Orta hesabla hər kommersiya bankı 2 milyon dollara yaxın vəsait cəlb edib. Eyni zamanda, cari xərclər üçün vətəndaşlar da dollarlarını manata çevirirlər. Düzdür, bu azalıb, amma yenə də var. Bankların dollar gəlirləri var, amma həmin dollarlar satılmır. Cümə günündən sonra demək olar ki, bütün banklar dollar satışını dayandırdılar. O baxımdan monitorinqlərə ehtiyac var. Kommersiya bankları hərracda aldıqları 2 milyon dolları nəyə xərcləyib? Bəzi banklar çox, bəziləri müəyyən qədər az dollar alır. Amma bütün hallarda monitorinq aparmağa ehtiyac var ki, əgər bank hərraca gəlirsə, dollar alırsa, niyə dollar satmır?  Nə üçün həmin dollar sonradan "qara bazar”a gedib çıxır? Prosesin stabilləşməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən də monitorinqlər güclənməlidir”.
 
Bu gün Mərkəzi Bankın keçirdiyi həracda bankların dollara tələbi 588 milyon dollar təşkil edib. Neft Fondu isə 30 banka cəmi 50 milyon dollar satıb. Əvvəlki günlərdə tələb 700 milyon dollaradək çıxmışdı.
 
V.Bayramovun sözlərinə görə, problemdən çıxış yolu olaraq ilkin mərhələdə qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatların davam etdirilməsi və genişləndirilməsi şərtdir. Amma bununla belə, hədəflər cari və strateji olaraq qruplaşdırılmalıdır. Cari hədəflər monetar və fiskal hədəflərə nail olmağı özündə ehtiva etməlidir. Monetar məzənnə hədəfi – məzənnənin stabilliyidir. İqtisadçı bildirdi ki, ona görə də məzənnənin stabilliyi vacibdir. Çünki bu, dollar qıtlığının aradan qaldırılması və eyni zamanda qeyri-neft sektorunun inkişafı baxımından vacibdir:
 
"Məzənnənin stabilliyi üçün vacib məqamlardan biri tələbin ödənilməsidir. Tələbin ödənilməsi üçün rezervlərin müəyyən hissəsinin ölkəyə gətirilməsini təklif edirəm. İlkin mərhələdə 4 milyard dolların ölkəyə gətirilməsi mümkündür. Həmin rezervlərin banklar vasitəsilə hərracda satılaraq manata çevrilməsi və əldə edilən manatın da güzəştli şərtlərlə, aşağı faizlərlə kredit formasında kiçik və orta sahibkarlara verilməsi mümkündür. Birinci mərhələdə 700 milyon dollar tələb ödənilə bilər. Bu 1 milyarddan artıq manat kütləsi deməkdir. Həmin manat kredit formasında konkret biznes planların layihələşdirilməsi üçün verilə bilər. Bu, bir tərəfdən dollara olan tələbi ödəyəcək, digər tərəfdən kiçik və orta sahibkarların kredit ehtiyacını ödəyəcək. Sonrakı hərraclarda da tələbə uyğun olaraq təkliflə çıxış etmək mümkündür. Əgər ilk hərracda 700 milyon dollarlıq tələb ödəniləcəksə, növbəti hərracda sifariş azalacaq, kommersiya bankları daha az tələblə hərraclara gələcəklər”.

Mənbə: Kaspi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270