BANK

"Dəmirbank"ın səhmdarları dəyişə bilər - YENİLİK
05 SENTYABR
580

"Dəmirbank"ın səhmdarları dəyişə bilər - YENİLİK

2016-09-05 15:57:00

Almaniyanın "DEG" investisiya şirkətinin "Dəmirbank" ASC-nin səhmdarı olacağı gözlənilir. 

Alman şirkətinə pay verilməsi "Dəmirbank"ın nizamnamə kapitalını 50 mln. manat artırması çərçivəsində baş tuta bilər.

"Bankın səhmdarları avqustun 6-da kapitalı artırmağa qərar versə də, bu, "Dəmirbank"a əlavə vəsait qoyuluşu demək deyil. Məsələ ondadır ki, kredit təşkilatı "DEG"dən, eləcə də xarici səhmdarları olan Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD), Hollandiya İnkişaf Maliyyə Şirkətindən (FMO) xarici valyutada vəsait cəlb edib. Hazırda həmin pulları bank qaytara bilmir. Vəziyyətdən çıxış yolu kimi qaytarılacaq borcun əvəzində  əlavə səhm emissiyası yolu ilə investisiya şirkətinin "Dəmirbank"ın səhmdarına çevrilməsi, qalan iki xarici səhmdarın isə bankdakı payının artırılması nəzərdə tutulub" - deyə mənbə qeyd edib.

Bu baş tutsa, avtomatik olaraq "Dəmirbank"ın yerli və əsas səhmdarı olan Hacıyevlər ailəsinin bankdakı payı azalacaq. Yəni, səhmdarların pay bölgüsü dəyişəcək. Bununla həm də "DEG" - investisiya şirkəti sayca 3-cü Azərbaycan bankında pay sahibi olacaq. Çünki hazırda "Bank Respublika" ASC-nin səhmlərinin 16,7%-i, "Unibank" ASC-nin isə səhmlərinin 8,3%-i "DEG"ə məxsusdur.

Xatırladaq ki, "Dəmirbank" 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-ci ildə rebrendinq aparılıb. Hazırda Bankın dövriyyədə hər birinin nominal dəyəri 0,20 manat olan 105 mln. səhmi var. Səhmlərin 25%-i EBRD-ya, 10%-i FMO-ya, 0,25%-i digər hüquqi şəxslərə, 19,61%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,44%-i isə digər 858 fiziki şəxsə aiddir.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275