BANK

Azərbaycanda kommersiya banklarının gəlir strukturu dəyişib
02 SENTYABR
470

Azərbaycanda kommersiya banklarının gəlir strukturu dəyişib

2016-09-02 17:30:00

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının cari iqtisadi şəraitdə əsas gəlir mənbəyinin strukturu dəyişib. Hazırda ölkədə bank kreditlərinin verilməsində tələb olunan şərtlərin ağırlaşdırılması və xarici valyutada kreditləşmənin məhdudlaşdırılması fonunda kreditlər verilmir və ya minimal məbləğdə təqdim olunur. 

"Report"un analitik qrupunun araşdırmalarına görə, kommersiya bankları son devalvasiyadan sonra əsasən kredit ödənişlərinin yığımı ilə məşğuldur. Təbii ki, bu da Azərbaycanda həm dövriyyədə olan nağd pul kütləsinin, həm də ümumiyyətlə pul kütləsinin azalmasına gətirib çıxarıb. Nəticədə, problemli kreditlərin xüsusi çəkisi artmağa başlayıb. Azərbaycan Mərkəzi Bankının (AMB) iyun hesabatına əsasən, iyulun 1-nə ölkədə problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi 8,35% təşkil edib. Qeyd edək ki, bu göstərici ilin əvvəlində 6,94% olub. 

Eləcə də bax: Daha 2 bank dollar satışını dayandırıb – SİYAHI

"Təbii ki, kreditləşmənin məhdudlaşdırılması bir müddət problemli kreditlərin həcminin artmasına gətirib çıxaracaq. Lakin, faiz gəlirləri əvvəlki illərdə olduğu kimi, yenə də bankların əsas gəlir mənbəyi olsa da, məcmu gəlirlərdə faiz gəlirlərinin payı azalacaq, faiz xərclərinin payı isə artmaqda davam edəcək. Çünki banklar manat ekvivalentində likvidlik probleminin yaşandığı bir şəraitdə yüksək faizlə vəsait cəlb etməyə məcburdur. Nəticədə, bankların xalis faiz gəlirlərinin azalması tendensiyası davam edəcək", - deyə analitiklər əlavə ediblər.

Digər tərəfdən, bankların qeyri-faiz gəlirləri sürətlə artmağa başlayıb. Belə ki, banklar son aylarda AMB-nin mütəmadi olaraq həftədə 2 dəfə keçirdiyi valyuta hərraclarında əldə etdiyi xarici valyutanı 4% qazancla (marja) satmaq imkanı əldə edib. Nəzərə alsaq ki, hərraclarda əsasən 29 bank iştirak edir və bu bankların 4-ü sistem əhəmiyyətli iri banklardır - 50 mln. dolların paylanması zamanı iri banklar bir qədər çox valyuta əldə etmək imkanına sahibdir. Araşdırmalara görə, digər 25 bank təxminən 25 mln. dollarlıq vəsaiti bölüşdürür. Bu da hərraclarda hər banka orta hesabla 1 mln. dollar əldə etməsinə səbəb olur. Rüblük ifadədə kiçik bankların 24-26 mln. dollar aldığı və bu vəsaitdən cari məzənnə nəzərə alınmaqla təxminən 1,6 mln. manat gəlir əldə etdiyi müəyyənləşir. Bundan başqa, xarici valyutada olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi zamanı gəlirlərin artması fonunda ümumən qeyri-faiz gəlirlərinin əhəmiyyətli dərəcədə yüksəldiyini görürük. Bununla yanaşı, banklar qeyri-faiz xərclərini də (mükafatlar, əmək haqları, personal, icarə haqları və s.) azaltmağa davam edir. Bu da nəticə etibarı ilə xalis qeyri-faiz gəlirlərinin artmasına səbəb olur.

"Report"un analitik qrupu hesab edir ki, banklar hazırda valyuta əməliyyatları vasitəsilə xərclərini örtməyə davam edir. Əks halda, bankların kapitalı sürətlə əriyə bilər. Belə ki, banklar passivlərində olan vəsaitlərə faiz ödədikləri halda, aktivlərində problemli kreditlərin artması ilə üzləşib. Bu da, bankların əlavə vəsait axtararaq xüsusi ehtiyatın yaradılmasına ayırmaları artırmağa məcbur edir. Görünən odur ki, banklara valyuta mübadilə əməliyyatları hava və su kimi önəmlidir. Hazırda valyuta bazarındakı qıtlıq şəraitində isə bu əməliyyatların çətinləşdiyi açıq aydın görünür. Analitiklər ciddi maliyyə çatışmazlığı və xərclərin artması ilə üzləşən bəzi kommersiya banklarının yaxın perspektivdə konsolidasiyaya gedəcəyini istisna etmir: "Bankların normal fəaliyyətə qayıtması üçün isə ilk növbədə manatın məzənnəsinin sabitləşməsi zəruridir".

Eləcə də bax: Hava limanında dollar satışı dayandırıldı

Eləcə də bax: Bağlanan bankların əmanətçilərinə verilən kompensasiya – SON RƏQƏMLƏR

 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272