BANK

“Türk axını”nın yol xəritəsi oktyabrda məlum olacaq
02 SENTYABR
250

“Türk axını”nın yol xəritəsi oktyabrda məlum olacaq

2016-09-02 15:31:00

“Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsinin yol xəritəsi ilə bağlı oktyabr ayında razılıq əldə oluna bilər.

Bu sözləri Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, layihə üzrə işlər davam etdirilir.

“Oktyabrda keçiriləcək Dünya Enerji Konqresi çərçivəsində Rusiya və Türkiyə arasındakı hökumətlərarası komissiya da bir araya gələcək. “Türk axını” ilə əlaqədar proseslər bu danışıqlarda müzakirə ediləcək”, - deyə A.Novak əlavə edib.

Bu ay ərzində Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə bir araya gələcəklərini deyən rusiyalı nazir bu görüşdə “Şimali axını-2” və “Türk axını” layihələri də daxil olmaqla bir çox mövzu barədə fikir mübadiləsi aparacaqlarını bildirib.

Qeyd edək ki, ötən günlərdə isə A.Novak “Türk axını” üzrə ilk boru kəmərinin tikintisinə 2019-cu ilin ikinci yarısında başlanılacağını demişdi.

İyunun 28-də isə Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti “Türk axını” layihəsi üzrə Türkiyə tərəfi ilə danışıqların yenidən başlanması üçün dialoqa hazır olduğu bildirilmişdi.

Xatırladaq ki, ötən ilin noyabrında Rusiyaya məxsus “Su-24” tipli döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller “Türk axını” layihəsi üçün Türkiyə ilə danışıqların dayandırıldığını demişdi. “Gazprom” “Türk axını” kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına da qərar vermişdi.

“Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271