BANK

Tələbələr üçün təhsil kreditləri dayandırıldı – GƏRGİNLİK
29 AVQUST
1124

Tələbələr üçün təhsil kreditləri dayandırıldı – GƏRGİNLİK

2016-08-29 17:45:00

Yeni dərs ilinin başlanması tələbələr üçün yeni qayğılar gətirir. Xüsusilə, bu il ödənişli əsaslarla  I kursa qəbul olunan tələbələrin təhsil haqqını sentyabrda ödəmələri ilə bağlı şərt qoyulub. Gəlirləri azalan və ya işsizlikdən əziyyət çəkən  ailələrin isə həmin məbləğləri ödəmələri mümkün deyil.

Əvvəlki illərdə  aztəminatlı  ailələr övladlarının  təhsilini davam etdirməsi üçün  banklardakı  istehlak və ya tələbə kreditlərindən istifadə edirdilər. Son günlərdə bankların kreditləşməni dayandırması onların vəziyyətini çətinləşdirib.

Fins.az-ın araşdırması göstərdi ki, indi banklarda  tələbələr üçün nəzərdə tutulan bütün məhsulların satışı dayandırılıb.

“Turanbank”dan bildirdilər ki, tələbə kreditlərinin verilməsi dayandırılıb. Məhsulun satışının nə zaman bərpa olunacağı bəlli deyil.

Ötən ilə qədər tələbə krediti verən “Bank of  Baku”, “AGBank” da bu xidməti tələbələrin üzünə bağlayıb.  “Accessbank”, “AFB bank”, “Atabank”, Azərbaycan Beynəlxalq Bankı, “Bank Standart”da isə ümumiyyətlə belə  bir xidmət olmayıb. Ancaq istehlak kreditlərinin tərkibində tələbələrə də kredit ayrılıb.

"Bank Standard"dan bildiriblər ki, bu günədək sırf təhsil kreditləri ayrılmayıb. “Müştərilərə yalnız bir neçə proqram çərçivəsində istehlak kreditləri təqdim olunub. Müştərilər həmin istehlak kreditlərini sərf etməkdə müstəqil olduqları üçün bank tərəfindən həmin kreditlərin təhsil yaxud başqa məqsədlərə sərf olunması barədə heç bir statistika aparılmayıb”.

“Maarifçi” Tələbə Kredit Fondundan isə sorğumuza cavab verilməyib.

Adları çəkilən banklarda ( “Accessbank” istisna olmaqla) kreditlərin verilməsi dayandırılıb . Artıq tələbə valideynləri banklardan əllərini üzüb, başqa   maliyyə mənbəyi axtarışına çıxıblar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275