BANK

Sığortalanmış əmanətlərin – ÜSTÜNLÜKLƏRİ
26 AVQUST
455

Sığortalanmış əmanətlərin – ÜSTÜNLÜKLƏRİ

2016-08-26 16:26:00

Hər zaman olduğu kimi, bu gün də əhali pullarını necə saxlamaq və ondan gəlir əldə etmək barəsində düşünür. Hər kəs malik olduğu pullar hesabına daha çox qazanmaq istəyir. Bu baxımdan bəzi layihələrə investisiya yatırmaq cəlbedici görünür. Amma investisiya layihələrində risk ehtimalını və pullarının böyük investisiya layihələri üçün yetərli olmadığını nəzərə alanlar banklara üz tutur. Pulları yastıq altında saxlamaqla müqayisədə həm də müəyyən mənada sərfəli investisiya sayıldığından insanlar maddi vəsaitlərini banklarda saxlamağa üstünlük verir. Pulların banklarda saxlanılması hər şeydən əvvəl, onu oğurluq və digər fors-major hallardan qorumaq üçün ən optimal variant sayılır. Bununla belə pullarını banklara etibar edən əhali gələcəkdə vəsaitlərini tam həcmdə alacaqlarına əmin olmaq istəyir. Məhz buna görə də əmanətlərinin sığortalanması məsələsi indi də aktuallığını itirmir. Bəziləri ya məlumatsızlıqdan, ya da daha çox qazanc götürmək üçün əmanətlərin sığortalı olub-olmamasına elə də fikir vermir. Amma insanların böyük əksəriyyəti pullarını tam həcmdə almaqda maraqlıdır.   

Sığortalanmış əmanət nədir? 

Bəzi insanlar elə düşünür ki, banklardakı əmanətlərin hamısı qorunur və bankın lisenziyası geri alındıqda və ya müflis olduqda onlar öz vəsaitlərini ala biləcəklər. Lakin əsla belə deyil. Sığortalanmış əmanət əhalinin bank hesabında olan vəsaitinin elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” qanunla müəyyən edilmiş məbləğdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya olunur. Bu ilin martın 1-ə qədər hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə Fond tərəfindən əmanətin 100%-i həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir. Amma bu halda əmanətlər üzrə illik faiz dərəcəsi 12%-i ötməməlidir. Fondun Himayəçilik Şurasının martın 1-də keçirilən növbədənkənar iclasında qəbul olunmuş qərara əsasən, martın 1-dən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3%, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12% müəyyən edilib. Başqa sözlə, 2016-cı il martın 2-dən 2019-cu ilə qədər banklarda yerləşdirilən bütün əmanətlər qorunur və tam sığortalanır. Amma bir şərtlə ki, manatda olan əmanətin illik faiz dərəcəsi 12%-dən, xarici valyutada olan əmanət isə 3%-dən çox olmamalıdır. Yəni, göstərilən faiz dərəcələrindən yüksək faizlə yerləşdirilən əmanətlər qorunmur və sığortalı sayılmır. Məsələn, martın 1-dən etibarən banka manatda əmanətlər 13 və ya daha yüksək, xarici valyutada isə 4 və ya daha yüksək faizlə yerləşdirənlərə bank müflis olduğu təqdirdə Fond tərəfindən kompensasiya verilməyəcək.   

Əmanətlər üzrə faizlər də sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir( Bu ilin martın 1-nə qədər banklarda yerləşdirilən əmanətlərin məbləği kompensasiya məbləğindən, yəni 30 min manatdan artıq olmalıdır). 

Sığorta hadisəsi baş verdikdə, yəni bankın lisenziyası geri alındıqda və müflis elan olunduqda milli valyutada olan əmanətlərə görə manatla, həm milli, həm də xarici valyutada olan əmanətlər bir əmanət kimi manatla, ABŞ dolları və avroda olan əmanətlərə həmin valyutalarda, digər valyutalarda olan əmanətlərə görə isə sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avro ilə kompensasiya verilir. Sadə dildə desək, əmanətçinin bankda bir neçə əmanəti yaxud həmin əmanətlər müxtəlif valyutalarda olduğu zaman, Fond həmin əmanətləri toplayır və bir əmanət kimi kompensasiya verilir. Əmanətçinin Fondun hər hansı digər iştirakçı bankında olan əmanətinə isə ayrıca əmanət kimi baxılır və kompensasiya ödənilir.

Qorunmayan əmanətlər hansılardır?

Aşağıdakı əmanətlər Fond tərəfindən sığortalanmır və iştirakçı bankda sığorta hadisəsi baş verdikdə onlara görə kompensasiya ödənilmir:

1.  bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;

2. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər; 

3. cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər; 

4. üzərinə həbs qoyulmuş əmanətlər; 

5. cəlb edildiyi günə Fondun Himayəçilik Şurasının Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən etdiyi həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər; 

6.  fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri;

7.  fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri; 

8. adsız borc qiymətli kağızlarının (adsız depozit sertifikatlarının) yerləşdirilməsi yolu ilə cəlb edilmiş pul vəsaitləri; 

9. ödəniş müddətlərinin başa çatıb-çatmamasından asılı olmayaraq, əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti;

10.  bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər.

Kimlərin əmanəti qorunmur? 

Aşağıdakı əmanətçilərin əmanətləri Fond tərəfindən sığortalanmır və iştirakçı bankda sığorta hadisəsi baş verdikdə onlara görə kompensasiya ödənilmir: 

a) bankın Müşahidə Şurasının, Audit Komitəsinin, İdarə Heyətinin üzvləri və onların yaxın qohumları (ər-arvad, onların valideynləri və övladları, o cümlədən övladlığa götürülənlər, bacı və qardaşları); 

b) bankın 10 faiz və daha çox səsvermə hüququ verən səhmlərinə malik olan şəxslər və onların yaxın qohumları (ər-arvad, onların valideynləri və övladları, o cümlədən övladlığa götürülənlər, bacı və qardaşları); 

c) kompensasiyaların ödənilməsi barədə elanın ilk dəfə dərc edildiyi tarixdən əvvəlki təqvim ili ərzində bankın auditini keçirmiş kənar auditorlar. 

Qeyd edək ki, Fondun üzvü olan bankda sığorta hadisəsi baş verdikdə, Maliyyə Bazarlarına Nəzarət Palatası Fonda bidiriş göndərir. Fond bildiriş aldıqdan sonra 7 gün ərzində aşağıdakı kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət etməlidir. Ərizədə əmanətin qoyulduğu bankın adı, əmanətin məbləği, hansı valyutada qoyulduğu (manatda və ya digər valyutada), əmanətçinin özü barədə məlumat (adı, soyadı, doğulduğu yer, təvəllüdü (ay, il), ünvanı, əlaqə telefonu və e-mail ünvanı), əmanətin ümumi həcmi və kompensasiyanı hansı formada almaq istədiyi (nağd, köçürmə və s.) göstərilməlidir.

Ərizəyə aşağıdakı sənədlər və onların surətləri əlavə olunmalıdır: 

1. əmanət (bank hesabı) müqaviləsi; 

2. əmanət kitabçası (yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənəd);

3. şəxsiyyəti təsdiq edən sənəd; 

4. əmanətçinin nümayəndəsi müraciət etdikdə onun notariat qaydasında təsdiq olunmuş etibarnaməsi. 

Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətçi bu müddətdə müraciətini qeyri-mümkün edən halları təsdiq edən sənədləri Fonda təqdim etdikdə kompensasiyanı almaq üçün müraciət müddəti uzadıla bilər, bir şərtlə ki, bildirişin ilk dəfə dərc edildiyi gündən beş ildən artıq müddət keçməsin. Başqa sözlə, əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında elanı ilk dəfə dərc etdiyi gündən 5 il müddətində saxlanılır. Əmanətçiyə kompensasiya ərizənin verildiyi tarixdən etibarən 90 gün müddətində Fond tərəfindən ödənilir. Müstəsna hallarda Fondun Himayəçilik Şurasının qərarı ilə kompensasiyanın ödənilməsi 90 günədək uzadıla bilər. 

Qeyd edək ki, Azərbaycanda “Əmanətlərin sığortalanması haqqında” qanun 2006-cı ilin dekabrın 29-da qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 9 fevral 2007-ci il tarixli fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılıb və Fond 2007-ci ilin avqustun 12-dən fəaliyyətə başlayıb. Əmanətlərin Sığortalanması Fondunun yaradılmasının məqsədi banklar və xarici  bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən  əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycanda maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. 

Əmanətlərin Sığortalanması Fondu ali idarəetmə orqanı olan Himayəçilik Şurası və icra orqanı olan İcraçı direktor tərəfindən idarə olunur. Himayəçilik Şurası yeddi nəfərdən ibarətdir və onun tərkibinə Maliyyə Bazarlarına Nəzarət Palatasının iki nümayəndəsi Mərkəzi bankın 1 nümayəndəsi, İqtisadiyyat, eləcə də Maliyyə Nazirliyinin 1 nümayəndəsi, “Azərbaycan Beynəlxalq Bankı” və “Kapital Bank”dan hərəsindən 1 rəhbər şəxs daxildir. Fondun İcraçı Direktoru Himayəçilik Şurası tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir. İcraçı direktorun səlahiyyət müddəti beş ildir və onlar təkrar müddətə təyin edilə bilərlər.

Fondun sığorta ehtiyatları Fonda üzv olan banklardan rüblük olaraq yığılan təqvim haqlarının hesabına formalaşdırılır. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmir. Sığorta haqları yalnız üzv banklar tərəfindən ödənilir. ƏSF hüquqi şəxsdir, qeyri-kommersiya təşkilatıdır və öz əmlakının mülkiyyətçisidir. Fond, üzərində öz adı olan möhürə, habelə Mərkəzi Bankda və qanunla müəyyən olunmuş qaydada digər banklarda hesablara malikdir. Fondun  əsas məqsədi mənfəət götürmək deyil və onun fəaliyyəti nəticəsində əldə etdiyi bütün mənfəət sığorta ehtiyatlarının artırılmasına yönəldilir. Dövlət və Mərkəzi Bank Fondun öhdəlikləri üzrə, Fond isə dövlətin və Mərkəzi Bankın öhdəlikləri üzrə məsuliyyət daşımır. 

Fiziki şəxslərin  əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli filialları Fondun məcburi iştirakçılarıdır. İştirakçı bankların Azərbaycan ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir. 

Əmanətlərin Sığortalanması Fondunun bu günə olan əsas hədəfi üzv banklardakı fiziki şəxslərin əmanətlərini sığortalamaqdır. 

Qeyd edək ki, kompensasiya ödənilməsi üçün Əmanətlərin Sığortalanması Fondunun vəsait çatışmazlığı olarsa, Fond ilk növbədə Mərkəzi Bankdan kredit götürür və banklardan toplanan sığorta haqları hesabına kredit ödənilir. 

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272