BANK

Bankların süni kapital artımı “oyunu”
24 AVQUST
983

Bankların süni kapital artımı “oyunu”

2016-08-24 15:52:00

 Nizamnamə kapitalı nədir?

İlk öncə bu anlayışın mahiyyətinə baxaq. Bank sistemində nizamnamə kapitalı dedikdə əsasən bank tərəfindən dövriyyəyə buraxılmış və tam ödənilmiş səhmlərin dəyəri başa düşülür. Məcmu kapital isə prudensial hesabatlıq məqsədilə istifadə olunan kapital olmaqla əsas məqsədi daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı bankın maliyyə dayanıqlığının təmin edilməsidir. Məcmu kapital bankın ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən mümkün zərərlərin azaldılmasına, əmanətçilərin və potensial investorların bank sisteminə etimadının artırılmasına xidmət edir.  Yəni, nizamnamə kapitalı yeni fəaliyyətə başlamaq üçün başlıca vasitə olduğu halda, məcmu kapital bankın sağlam fəaliyyətinə zəmin yaradan maliyyə alətidir. Məcmu kapital daha geniş iqtisadi mahiyyət kəsb edir və özündə aşağıdakı  bir çox maliyyə alətlərini ehtiva edir

  •          dövriyyəyə buraxılıb tam ödənilmiş adi səhmlər (nizamnamə kapitalı)
  •          səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait
  •          bölüşdürülməmiş mənfəət
  •          cari ilin mənfəəti
  •          subordinasiya borc öhdəlikləri
  •          bankın malik olduğu əsas vəsaitlərin yenidən qiymətləndirilməsi və s.

 Azərbaycan Mərkəzi Bankı tərəfindən qəbul olunmuş  prudensial  normativ aktlarda  bankların kapitalına dair tələb mühüm mahiyyət kəsb edən göstəricilərdən biridir. Qeyd edək ki, 2015-ci il 1 yanvar tarixindən etibarən  yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarı 50 mln. manatdır. Fikir versək, burada söhbət məhz bu qərardan sonra fəaliyyətə başlayacaq banklardan gedir. Yəni, daha öncə lisenziya əldə etmiş və fəaliyyətdə olan banklar üçün bu tələb istisnadır, onlarda nizamnamə kapitalının (tam ödənilmiş səhmlərin dəyəri) 50 mln. manat olması heç də mütləq deyil.

Eyni zamanda, bankların məcmu kapitalının da minimum miqdarı 50 mln. manatdır. Bu tələb isə artıq bütün fəaliyyətdə olan banklara şamil edilir.

 Eləcə də bax: Məcmu kapitalını açıqlayan banklar – TOP 10

 Niyə məhz səhm aləti?

Əslində cavab sadədir. Banklar məcmu kapitallarını müxtəlif vasitələrlə artıra bilərlər. Belə olan halda nəyə görə banklar əsasən kapitalın artırılmasında səhm alətindən daha çox istifadə etmələri maraqlıdır.

Birincisi, əldə etdikləri mənfəətin kapital artımına təsirinin cüzi olması və ya zərər nəticəsində kapitalın əksinə olaraq azalması.

İkincisi, bir neçə il öncə Mərkəzi Bank tərəfindən əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin kapitala daxil edilməsi ilə bağlı banklara qarşı qəbul etdiyi moratorium qərarı.

Üçüncüsu, hazırkı şəraitdə subordinasiya borc öhdəliklərinin cəlb edilməsinin daha çətin olması. Bütün bunları nəzərə aldıqda, banklar tərəfindən minimum kapital tələbini yeriinə yetirə bilmək üçün  yeganə alternativ variant dövriyyəyə əlavə səhm buraxılmasıdır.

  Eləcə də bax: Daha bir bank manat konvertasiyası üzrə faizləri qaldırdı

Kapitalın süni artırılması nəcə baş verir?

Kapitalın süni artırılması, real olmayan əməliyyatlar vasitəsilə hesabatlıqda kapital artımını əks etdirməkdir. Prosesin necə baş verməsinə baxaq. Bank tərəfindən  tədavülə əlavə səhmlər  buraxılır və səhmdarlar tərəfindən bu səhmlər alınaraq ödənilmiş pay  kapitala daxil edilir. Bu əməliyyatlar isə əslində banka pul vəsaiti daxil olmadan baş verir. Digər tərəfdən isə, bank “yeni” müştərilərə kredit verir, yenə də bu əməliyyat pul vəsaitinin hərəkəti olmadan baş verir. Göründüyü kimi, bank əlavə səhm emissiyası hesabına kapitalını artırmış oldu, hansi ki, bu səhmlər birjadan kənar məhz bankın öz səhmdarları tərəfindən “alınır”. Eyni zamanda, bankın  kredit portfeli də həmin “yeni” müştərilərə verilmiş kreditlər hesabına artmış oldu, daha doğrusu artırılmış kapitalın kreditlərdə yerləşdirilməsi. Bu kimi əməliyyatlar beynəlxalq praktikada “əhəmiyyətsiz əqd” adlandırılır.

Digər üsul ikinci bankın iştirakı ilə baş verir. İkinci bankdan götürlümuş kredit hesabına kapitalın artırılması. Kapital artımına ehtiyac olan bank əlaqəli şəxs vasitəsilə digər bankdan kredit götürərək sonradan həmin vəsait hesabına kapitalın artırılmasına nail olur. Bu halda da səhmdarlar kapitalı məhz öz real vəsaitləri hesabına deyil, digər bank qarşısında müxtəlif vasitələrlə borclanma yolu ilə artırmış olur.

Süni kapital artımı banka nə verir və bəzi banklar niyə bu vasitədən istifadə edirlər? Cavab bir mənalıdır, nəzarət orqanı tərəfindən müəyyən edilmiş prudensial normativ tələbi yerinə yetirmək görüntüsü yaratmaqla bağlanma təhlükəsindən xilas olmaq üçün. Xatırladaq ki, son bağlanan 4 bankla bağlı Palatanın açıqlamasında da məhz hesabatlılıqda böyük yalnışlıqlara yol verildiyi xüsusi qeyd olunmuşdu. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275