BANK

Tələb 28 hərracda təklifi üstələyib – MƏRKƏZİ BANK
12 AVQUST
702

Tələb 28 hərracda təklifi üstələyib – MƏRKƏZİ BANK

2016-08-12 17:11:00

Valyuta bazarı və manatın məzənnəsi 2016-cı ilin I yarımili ərzində manatın xarici valyutalara nəzərən məzənnəsi Mərkəzi Bankın ötən ilin sonunda elan etdiyi yeni məzənnə rejimi çərçivəsində formalaşmışdır.

Bankın yarımillik “Pul siyasəti İcmalında” deyilir ki, 2016-cı ilin ilk yarımilində valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalmışdır. Belə ki, hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2.9 dəfə, Avro ilə əməliyyatların həcmi isə 2.8 dəfə azalmışdır.

Dövr ərzində valyuta bazarında əməliyyatların 79%-i ABŞ dollarında, 21%-i digər valyutalarda aparılmışdır. Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilmişdir. 2016-cı ilin yanvar-iyun aylarında banklar tərəfindən satılan xalis (yəni alışlarla satışların fərqi) nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 73 dəfə azalaraq 78 mln. ABŞ dolları, avro ilə əməliyyatlar isə 4.4 dəfə azalaraq 100 mln. avro təşkil etmişdir.

Hesabat dövrü ərzində valyuta bazarının həcminin azalması həm tələb, həm də təklif amilləri ilə əlaqədar olmuşdur.

Mal və xidmət idxalının azalması, eləcə də, dollarlaşmanın səngiməsi xarici valyutaya tələbə azaldıcı təsir göstərmişdir.

2016-cı ilin ötən dövründə Mərkəzi Bank elan etdiyi yeni məzənnə rejiminə uyğun əməliyyat çərçivəsi tətbiq etmişdir. Yarımil ərzində Mərkəzi Bank valyuta bazarında iştirakını minimuma endirmişdir. ARDNF-nun valyuta bazarında satışları da Mərkəzi Bankda şəffaf və elektron əsasda təşkil olunan hərraclar çərçivəsində həyata keçirilmişdir. Valyuta hərracları həftədə bir neçə dəfə aparılmış, hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl Bloomberg  terminalı vasitəsilə bazar iştirakçılarına elan edilmişdir. Hərrac bitdikdən sonra onun nəticələri haqqında məlumatlar mütəmadi qaydada ictimaiyyətə açıqlanmışdır.

Cari ilin I yarısında Mərkəzi Bankda ümumilikdə 63 valyuta satışı hərracı keçirilmişdir. Tələb 28 hərracda təklifi üstələdiyi halda 35 hərracda tam qarşılanmışdır.

İcmalda qeyd edilir ki, Mərkəzi Bankda valyuta satışı hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarı normal fəaliyyət göstərmişdir. Dövr ərzində banklararası valyuta bazarında hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi artmağa meyilli olmuşdur.

Yeni məzənnə rejiminin tətbiqi Mərkəzi Bankın ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir. 01 iyul 2016-cı il tarixinə Mərkəzi Bankın xarici valyuta ehtiyatları 4.3 mlrd. dollar təşkil edir ki, bu da I rübün sonu ilə müqayisədə 5.4% yüksəkdir. Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi kifayətlilik üzrə beynəlxalq təcrübədə qəbul edilmiş normaları (3 aylıq mal və xidmət idxalı, milli valyuta ilə pul təklifinə nisbət və s) üstələyir. Dövr ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə əsasında müəyyən edilmişdir.

Cari ilin əvvəlindən növbəti iş günü üçün rəsmi məzənnənin bir iş günü əvvəldən elan edilməsi təcrübəsinə başlanmışdır. Valyuta bazarında tələb-təklif konyunkturuna uyğun olaraq cari ilin I yarısında manatın məzənnəsinin dinamikasında bir neçə möhkəmlənmə və ucuzlaşma dalğası müşahidə edilmişdir. İlin əvvəlində ABŞ dollarının manata qarşı məzənnəsi 1.5610 AZN səviyyəsində olmuşdursa, 11.03.16 tarixində özünün dövr üzrə maksimum həddinə - 1.6456 AZN-ə qalxmış, 25.05.16 tarixində isə minimum həddinə - 1.4900 AZN-ə enmişdir.

Hesabat dövrünün sonuna ilin əvvəli ilə müqayisədə manata nəzərən ABŞ dolları 1.3% ucuzlaşmış, Avro isə 0.3% bahalaşmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275