BANK

Bağlanan bankın səhmdarları pullarının götürürlər - QƏRAR
06 AVQUST
1320

Bağlanan bankın səhmdarları pullarının götürürlər - QƏRAR

2016-08-06 15:57:00

Ləğvetmədə olan "Zaminbank" ASC-nin səhmdarları (3 fiziki şəxs) Azərbaycanın 2 maliyyə qurumunun nizamnamə kapitalındakı payını geri çəkməyə qərar verib. Fins.az bildirir ki, bu barədə bankdakı mənbə bildirib.

Söhbət "Başak İnam Sığorta Şirkəti" ASC və "Millikart" MMC-dən gedir. Bununla bağlı qərar "Zaminbank"ın səhmdarlarının ötən gün keçirilmiş yığıncağında qəbul edilib.

Hazırda "Başak İnam"ın nizamnamə kapitalı 7 mln. manatdır ki, bunun da 1,697 mln. manatını "Zaminbank" təmin edib. Başqa sözlə, bank sığorta şirkətində təxminən 24% paya malikdir.

"Zaminbank" "Millikart"ın nizamnamə kapitalına isə 40 min manat pul qoyub. Bu da prosessinq mərkəzinin nizamnamə fondunun cəmi 0,8%-i deməkdir.

"Sığorta şirkətindən vəsaiti geri çəkmək bizim üçün problem olmayacaq. Çünki onların hesabları onsuz da bizdədir. Prossesinq mərkəzi üçün isə bizim payımız elə də böyük məbləğ deyil. Yəgin ki, onu da problemsiz geri alacağıq" - deyə, "Zaminbank"dan bildirilib.

Bankın qərarı "Millikart" üçün böyük itki olmasa da, "Başak İnam" üçün problem yarada bilər. Çünki hazırda sığorta şirkətinin məcmu kapitalı təxminən 5 mln. manatdır. Yəni, "Zaminbank" pulunu geri çəksə, "Başak İnam"ın məcmu kapitalı 3,3 mln. manata düşəcək. Bu isə sığortaçılar üçün müəyyən edilmiş kapital tələbinə (azı 5 mln. manat) uyğun deyil.

Məsələ ilə bağlı "Başak İnam"dan bildirilib ki, "Zaminbank"ın qərarı onlar üçün gözlənilməz olmayıb: "Təbii ki, bank bağlanıbsa, onun sahibi hansısa sığorta şirkətində səhmdar kimi qalmaqda maraqlı olmayacaq. Amma "Başak İnam"ın səhmdarları bank hələ bağlanmamışdan öncə, iyulun 14-də yığılaraq şirkətin nizamnamə kapitalının 3 mln. manat artırılmasına qərar verib. Son nəticədə nəinki "Zaminbank"ın hesabına yaranan boşluğu dolduracağıq, hətta kapitalımız normadan da artıq olacaq".

"Millikart"dan isə bildirib ki, "Zaminbank"ın payını geri çəkməklə bağlı qərarı onlara daxil olmayıb: "Bank hər hansı niyyətini şifahi bildirə bilər, amma bununla bağlı prosessinq mərkəzinə heç bir rəsmi bildiriş və yaxud məktub daxil olmayıb. Rəsmi müraciətdən sonra "Zaminbank"ın payının digər payçılara ötürülüb-ötürülməməsi ilə bağlı qərar qəbul ediləcək".

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası "Zaminbank"ın lisenziyasını bu il, iyulun 21-də ləğv edib. Hazırda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nəzarəti ilə Bankın məcburi ləğvetmə prosesi gedir.  

Eləcə də bax: "Zaminbank": "Onu satmaq niyyətimiz yoxdur"

Mənbə: "Report"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274