BANK

Mərkəzi Bankın yeni qərarının hansı nəticələri olacaq?
05 AVQUST
871

Mərkəzi Bankın yeni qərarının hansı nəticələri olacaq?

2016-08-05 16:29:00

İqtisadçı ekspert Rəşad Həsənov Mərkəzi Bankın uçot dərəcəsini 9,5 faizə qaldırması ilə bağlı verdiyi qərara münasibət bildirib.

Fins.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, R. Həsənov açıqlamasında qeyd edib ki, uçot dərəcəsi Mərkəzi Bankın pul siyasətinin tənzimlənməsində istifadə olunan alətlərdən biri hesab olunur: “Xüsusilə məzənnə prosesi nəzarətdən çıxdıqda, inflyasiya ilə bağlı hədəflərə nail olmaq mümkün olmadığında mərkəzi banklar bu kimi qərarlar qəbul edirlər.Uçot dərəcəsinin artırılması bahalı pul siyasəti anlamına gəlir. Bu eyni zamanda pul kütləsinin həcminin azaldılması mənasını da daşıyır. Mərkəzi Bank mümkün qədər bundan sonrakı dövrdə manat kütləsinin həcmini azaltmaq istiqamətində iş aparacaq. Son dövrlərdə Mərkəzi Bank faktiki olaraq milli valyutanın dəyərsizləşməsinin qarşısının alınması zamanı ortaya çıxan problemlərlə üzləşib”.

Onun sözlərinə görə, inflyasiya həcmi 10,5 səviyyəsində açıqlansa da, son ay ərzində baş verənlər də onu göstərir ki, əslində real inflyasiya səviyyəsi kifayət qədər yüksəkdir: “Xüsusilə, gündəlik tələbat mallarında ərzaq məhsullarında bu 20 faizin üzərindədir. Belə olan halda əhalinin gəlirləri artmırsa bu son nəticədə alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır.

Mərkəzi Bank uçot dərəcəsini artırmaqla inflyasiya və məzənnə hədəflərinə nail olmaq istəyir. Amma düşünmürəm ki, Mərkəzi Bankın uçot dərəcəsini qaldırmaqla bağlı qərarı proseslərə ciddi təsir göstərsin. Mərkəzi Bank bank sektorunun kapitalının formalaşmasında çox az iştirakçıdır. Bu baxımdan da Mərkəzi Bank böyük əməliyyatlar həyata keçirmədiyi üçün pul kütləsini bahalaşdırma siyasətinin nə qədər effektli olacağını əvvəlcədən demək çətindir. Ola bilsin ki, Mərkəzi Bank bu siyasəti həyata keçirməklə bank tərəfindən verilən manatla vəsaitlərin sonradan banklar tərəfindən real sektora deyil, digər sahələrə istiqamətləndirilməsinə nail olsun. Məsələn, dövlət istiqrazlarının alınmasında istifadə oluna bilər, valyuta hərraclarında yenidən valyuta tələbi formalaşdırılması kimi istiqamətlərə yönəldilmənin müəyyən qədər məhdudlaşdırılmasına cəhd edilə bilər. Bu öz-özlüyündə növbəti dövrlərdə kredit faizlərinə də öz təsirini göstərəcək. Hazırda manatla kredit faizi maksimum həddə 29 faizdə dayandırılıb. Əgər bu hədd olmasaydı, yuxarıya doğru meyl gedərdi. Bu qadağa aradan götürülmədiyi halda faktiki olaraq bunun kredit faizlərinə təsir göstərmək imkanları məhduddur. Ümumiyyətlə isə, banklar hazırda kreditləşmə siyasəti həyata keçirmir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271